525.Az

Prezidentdən zəlzələnin nəticələrinin aradan qaldırılmasıyla bağlı növbəti addım


 

“DÖVLƏT BAŞÇISININ AĞSU VƏ ŞAMAXI SƏFƏRİNİN MAHİYYƏTİ İNSANLARA MADDİ-MƏNƏVİ DƏSTƏYİN DAVAMLI OLDUĞUNU GÖSTƏRMƏKDİR”

Prezidentdən zəlzələnin nəticələrinin aradan qaldırılmasıyla bağlı növbəti addım<b style="color:red"></b>

Prezident İlham Əliyev cari ilin fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsuda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olmaq üçün bölgəyə səfər edib.

Əvvəlcə martın 6-da prezident Ağsuda olub. Dövlət başçısının təbii fəlakət nəticəsində rayon sakinlərinin evlərinə dəymiş ziyanların aradan qaldırılması istiqamətində imzaladığı sərəncamın icrası ilə əlaqədar görülən işlərlə tanış olub.

Bildirilib ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin, 38 evin tikintisi aparılır.

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Sonra dövlət başçısı rayon sakinləri ilə görüşüb, onlarla söhbət etib. Prezident Ağsu sakinlərinin ərizələrini qəbul edib.

Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçısı sakinləri narahat edən məsələləri dinləyib. Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

İlham Əliyev sakinlərlə görüşdə çıxış edərək bildirib: “Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim. Mənə verilən məktubların hər birinə baxılacaq, narahat olmayın. Mənim işim sizə xidmət etməkdir”.

Dünən isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər edib. Dövlət başçısı zəlzələdən zərər çəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.

Səfər çərçivəsində Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimi keçirilib.

Bundan başqa, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət ediblər.

Daha sonra dövlət başçısı “Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 11 milyon manat, o cümlədən, yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi və onlarda bərpa-gücləndirmə işlərinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə 5 milyon manat, yaşayış evlərinin təmiri üçün Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat ayrılıb.

Mövzu ilə bağlı fikirlərini bildirən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin zəlzələ bölgəsinə təkrar səfəri dövlət başçısının fəlakətlə üzləşmiş insanlara münasibətinin mövsümi və ya kampaniya xarakter daşımadığını, hər an bu insanlarla birlikdə olmaq istədiyini və onlara sonadək arxa olmaq əzmində olduğunu nümayiş etdirir. O, SİA-ya bildirib ki, prezidentin Ağsu və Şamaxı səfərinin mahiyyəti insanlara maddi-mənəvi dəstəyin davamlı olduğunu göstərmək, daha öncə verilən göstəriş və tapşırıqların icra vəziyyətini yoxlamaq, təmir-bərpa işlərini sürətləndirməkdir: “Lakin bunlar məsələnin hamısı deyil. Müqayisəli təhlillər prezidentin zəlzələ bölgəsinə hadisədən dərhal sonra belə demək mümkündürsə, “isti-isti” etdiyi səfərlə sonrakı səfərin arasında maraqlı mahiyyət fərqlərinin olduğunu sübut edir. Qısa müddətdə böyük işlərin görüldüyünü görən insanlar dövlət başçısının şəxsində özlərinə böyük arxa-dayaq gördüklərini daha inamla və daha emisional ifadə edirlər”.

A.Quliyev söyləyib ki, yerli məmurların da davranışlarında maraqlı nüanslar özünü göstərməkdədir: “Hamı fərqinə varır ki, prezident fəlakətə düşmüş insanların mənafelərinin hətta ən kiçik bir hissəsini hər hansı məmurun səhvinə və ya səhlənkarlığına qurban verməyəcək və bağışlamayacaq”.

Baş redaktor qeyd edib ki, prezidentin zəlzələ bölgəsinə səfərində əhalinin münasibəti kontekstində diqqət çəkən başqa bir nüans da var: “Bu səfərin ölkədə böyük sosial himayə paketinin həyata keçirildiyi dövrdə baş verməsi nəticəsiz qalmır. Hiss edilir ki, əyalətdə yaşayan insanlar prezidentin sosial müdafiə və sosial təminat islahatlarını diqqətlə izləyir, ölkə başçısının insanlara həssas və davamlı münasibətini sosial himayə siyasətinin bir forması və davamı kimi qəbul edirlər”.

Ekspert vurğulayıb ki, Azərbaycanda prezidentlə xalq arasında etimad canlı ünsiyyətlər formasında yeni keyfiyyət mərhələsinə daxil olur: “Bu mərhələnin məzmunu ondan ibarətdir ki, bölgə insanları Azərbaycan prezidentinin indiki siyasətinin alternativsiz olduğun daha dərin əminlik nümayiş etdirir, yeni seçim variantları üzərində düşünmür, ölkə başçısının onlar üçün dövlətin iqtisadi qüdrətinin imkan verdiyi həddə qədər hər şey edəcəyinə həmişəkindən çox inanırlar. Prezidentin zəlzələ bölgəsinə yenidən səfərinin etimad, inam, gələcəyə baxış, ölkə başçısına söykənmək və ondan nələrsə gözləmək kontekstində yeni elementləri var. İnsanlar daha əmin görürlər ki, prezident özü ilə insanların arasında hər hansı baryerlərin olmasında nəinki maraqlı deyil, əksinə, daha səmimi və açıq dialoq mühiti yaratmaqda maraqlıdır. İnsanlar onu da bilir ki, prezidentin yaratdığı açıq və səmimi dialoq mühitinin imkanlarından nə qədər səmərəli istifadə etsələr, problemləri bir o qədər tez və keyfiyyətlə həll edilə bilər. İnsanların və prezidentin bir-birlərinə daha yaxın olmaq və daha açıq olmaq istəkləri getdikcə daha aydın şəkildə üzə çıxmaqdadır”.

Qeyd edək ki, fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib.

Hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlət başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

Ceyhun ABASOV

 





08.03.2019    çap et  çap et