525.Az

“Elektron identifikasiya heyvanlara dəqiq nəzarət imkanı verir”


 

YENİ SİSTEMİN FERMERLƏR, ELƏCƏ DƏ KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ İXTİSASLAŞMIŞ QURUMLAR ÜÇÜN CƏLBEDİCİ EDƏN ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

“Elektron identifikasiya heyvanlara dəqiq nəzarət imkanı verir”<b style="color:red"></b>

Azərbaycanda heyvanların identifikasiya sisteminin yaradılmasına başlanılır.

Fermer təsərrüfatlarının qorunması, cəmiyyətin xəstəlik daşıyıcısı olan heyvanlardan mühafizəsi, qida təhlükəsizliyinin təmin olunmasına imkan verən bu sistemi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olan heyvanların identifikasiyası hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının izlənməsinə imkan yaradacaq. Yəni identifikasiya sistemi istehlakçının istifadə etdiyi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması, həmin heyvanın indiyədək hansı xəstəlikləri keçirməsi, hansı xəstəliklərə qarşı və nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından nə zaman istifadə olunması və s. məlumatları özündə birləşdirən informasiya sistemidir.

Tətbiq olunacaq yeni sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcək.

Bəs bu sistem necə tətbiq olunacaq? Bu barədə dünya təcrübəsi nə deyir?

“Expert Agro Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Etibar Ağalar qeyd edib ki, hazırda dünyada elektron identifikasiya sistemi geniş yayılıb: “Bu üsul heyvana dəqiq nəzarət imkanı verir. Çünki yaddaşa və informasiyanı ötürmək funksiyasına malikdir”.

Elektron identifikasiya sisteminin fermerlər, eləcə də kənd təsərrüfatı sahəsində ixtisaslaşmış qurumlar üçün cəlbedici edən üstünlüklərindən danışan E.Ağalar bildirib: “Sağlam heyvanın başqa bir xəstə və zəif heyvanla dəyişdirilməsi mümkünsüzləşir. Heyvan üzərində aparılmış baytar yoxlamaları, müalicələr, genetik məlumatlar dəqiq qeydə alınır. İtmiş heyvan tapıldıqda sahibinin kim olduğu asanlıqla müəyyən edilir”. Onun sözlərinə görə, heyvanın məlumatları beynəlxalq, regional verilənlər bazasına yerləşdirildiyindən informasiyaların dəyişdirilməsi və təhrif olunması mümkün deyil.

“Expert Agro Services”in göstərdiyi elektron identifikasiya xidmətləri barədə məlumat verən həmsöhbətimiz qeyd edib ki, şirkətin əməkdaşları təsərrüfata baxış keçirir, heyvanın sağlamlıq dərəcəsini yoxlayır, elektron tərəzidə çəkisini ölçür və daha sonra texniki pasport açır: “Heyvan haqqında məlumatlar pasportda qeyd olunur. Bundan başqa, təsərrüfat üçün individual onlayn və ya oflayn rejimdə verilənlər bazası yaradılır, beynəlxalq verilənlər bazasına təsərrüfat heyvanların identifikasiya məlumatları daxil edilir”.

C.ABASOV

 





11.03.2019    çap et  çap et