525.Az

"Danışıqların substantiv səviyyəyə qaldırılması məsələsi gündəmə gətirilməlidir"


 

"Danışıqların substantiv səviyyəyə qaldırılması məsələsi gündəmə gətirilməlidir"<b style="color:red"></b>

"Bu gün Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, həmçinin, həmsədrlər institutunun mövcud formatının dəyişdirilməsi gündəmdə olan məsələ deyil. Bu gün dünyanın aparıcı ölkələri bu formatın içərisində belə demək mümkünsə, artıq özlərini təqdim ediblər. Ona görə bu gün formatın hər hansı bir şəkildə dəyişdirilməsi yox, danışıqların substantiv səviyyəyə qaldırılması məsələsi gündəmə gətirilməlidir".

Bunu "525"ə açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin formatının dəyişdirilməsi, bu prosesə separatçı "DQR" rejimi rəhbərliyinin, Dağlıq Qarabağın erməni icmasının cəlb edilməsi təklifinə və bunun Azərbaycan prezidenti İlham Əliyev, o cümlədən, Xarici İşlər Nazirliyi (XİN) tərəfindən rədd edilməsinə, bu təklifin baş tutmasının qeyri-mümkünlüyü, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun tərkibinin genişləndirilməsi məsələsinə münasibətini bildirərkən deyib.

S.Seyidovun sözlərinə görə, məhz elə danışıqların substantiv olmaması üçün bu formatın dəyişdirilməsi məsələsi gündəmə gətirilib.
 
"Bunu çox aydın şəkildə dərk etmək lazımdır ki, forma uğrunda mübarizə məzmunu aradan qaldırmaq niyyətini daşıyır. Biz isə həmişə məzmun-substantiv məsələlər haqqında danışmağa üstünlük vermişik. Ona görə indi formatın dəyişdirilməsi məsələsi, sadəcə, bu danışıqların mahiyyətini bir kənara qoyub, illər boyu forma haqqında danışmağa gətirib çıxaracaq kimi ziyanlı bir məsələdir. Biz bunu çox gözəl başa düşürük və hesab edirik ki, bu, mövcud status-kvonu saxlamaq niyyətini güdən bir cəhddir. Bunu da yalnız biz yox, o cümlədən, beynəlxalq ekspertlər də çox gözəl görürlər. Odur ki, söhbət hansısa formadan, formatdan getmir, söhbət  Azərbaycanın torpaqlarının işğaldan azad olunması və Dağlıq Qarabağda beynəlxalq hüququn, Azərbaycanın suverenliyinin təmin edilməsindən gedir və getməlidir. Bu isə substantiv məsələlərdir. Bu substantiv məsələləri də hansısa bir formanın, formatın, hansısa bir çərçivənin, hansısa bir qurumun dəyişdirilməsi ilə əlaqələndirmək əsla düzgün olmaz" - deyə, S. Seyidov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





12.03.2019    çap et  çap et