525.Az

Paşinyanın format oyunu nəyə hesablanıb?


 

Paşinyanın format oyunu nəyə hesablanıb?<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi "təklifi" ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstək almadı. Əslində, bu da gözlənilən idi.
 
Birincisi, beynəlxalq sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri kimi Azərbaycan və Ermənistan tanınıb. İkincisi, məlumdur ki, rəsmi Bakı işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimn nümayəndələrini tərəf kimi danışıqlar masası arxasında heç vaxt qəbul etməz. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları yalnız münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərdir və bu icmalar bərabərhüquqludurlar. Üçüncüsü, Paşinyanın bu iddiası danışıqlar prosesinin tamamilə pozulmasına səbəb ola bilər. Digər tərəfdən, Azərbaycanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti tam şəkildə qane etməsə də, bu gün beynəlxalq aləm tərəfindən məhz uyğun format kimi bu format seçilib. Və nəhayət, Minsk qrupundan əvvəl Avropa İttifaqının müxtəlif səviyyəli rəsmiləri də Brüsseldə Paşinyanla görüşlər zamanı Qarabağ danışıqlarında yalnız "yenilik" üçün yeni mexanizm icad etməyə gərək olmadığını bəyan etdilər. Aİ rəsmiləri mövcud formata, yəni Minsk qrupunun həmsədrlik instituna riayət etməyin daha yaxşı olduğunu diqqətə çatdırıblar.

Həmsədrlərin bir neçə gün əvvəl verdikləri bəyanat əslində, Paşinyana açıq mesaj oldu. Həmin bəyanatda həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini təkrar vurğulayıblar. Həmçinin, tərəflər mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səslənib.

Göründüyü kimi, bu, Paşinyana ünvanlanmış mesajdır. Çünki son günlər məhz Ermənistanın baş naziri təxribatçı nitqlər söyləyir, format dəyişikliyini gündəmə gətirir.

Azərbaycan XİN-in bu bəyanata cavabında isə vurğulanıb ki, Minsk qrupunun həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır, biz bunu alqışlayırıq. "Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Həmçinin, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunur. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur. Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması - azərbaycanlı və erməni icması müəyyən etməlidir".

Bəs Paşinyanın format oyunu nəyə hesablanıb? Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmaq əvəzinə niyə özündən əvvəlki cinayətkar rejimlərin siyasətini davam etdirərək vaxt uzatmaqla məşğuldur?

Əlbəttə ki, bütün bu sualların bir cavabı var: Paşinyan xalqını aldadır. Koçaryanın, Sarkisyanın siyasətini başqa bir formada davam etdirir. İki aydan az müddət sonra baş nazir seçilməsinin bir ili tamam olacaq Paşinyan uğurlu hesab ediləcək heç bir addım ata bilməyib, xalqına verdiyi vədləri nəinki yerinə yetirib, bu istiqamətdə ümid verən bir işartı belə yoxdu. Erməni xalqı əvvəl olduğundan da daha ağır vəziyyətə düşüb, ərzaq qiymətləri qalxıb, Rusiyadan alınan qazın da qiyməti bahalaşıb, iş yerləri kütləvi ixtisar edilib, insanlar vaxtında əmək haqlarını ala bilmirlər. Demək olar ki, hər gün ölkədə etiraz aksiyaları keçirilir. Ermənistana nəinki xarici, heç daxili investisiya yatıran da yoxdur. Sahibkarlar iş qurmaq üçün digər ölkələrə üz tuturlar, çünki hələ də Ermənistanda vəziyyət aydın deyil, Paşinyana isə inam getdikcə azalmaqdadır. Paşinyan söz verdiyi iqtisadi inqilab da sadəcə mif idi, belə olmasaydı, onun rəhbərlik etdiyi hökumətin parlamentə təqdim etdiyi proqram ciddi tənqidlərlə üzləşmədi. Yalnız parlamentdə "Mənim addımım" fraksiyasının çoxluq təşkil etməsi səbəbindən həmin proqramı qəbul etmək mümkün oldu. Paşinyanın korrupsiya ilə mübarizə tədbirləri isə Sarkisyanın, Koçaryanın yaxın adamlarını həbs etdirib, onlardan böyük məbləğdə vəsaiti geri aldıqdan sora azadlığa buraxdırmaqdan ibarətdir. Bununla isə büdcənin dolacağını zənn edir. Amma sual olunur: hara kimi? Axı korrupsiya ilə mübarizəyə dair sistemli bir proqram, islahat tədbirləri olmalıdır.

Ermənistanın Respublika partiyasının mətbuat katibi, sabiq vitse-spiker Eduard Şarmazanov hesab edir ki, Paşinyanın vəd verdiklərini yerinə yetirməyə "sehrli çubuğ"un köməyi ilə nail olmalı idi. O deyib ki, iki gündən sonra Paşinyanın baş nazir seçilməsinin 10 ayı tamam olur: "Bu 10 ay ərzində onun nəyi vəd edib, nəyi yerinə yetirdiyini müqayisə etməyə çalışacağıq.10 ay əvvəl öz çıxışlarda Nikol mərhələli şəkildə inkişaf, yoxsulluğun kəskin azalması, iş yerlərinin yaradılması, ədaləti təmin etmək, qürurlu bir xarici siyasət həyata keçirmək, siyasi vendettanın aradan qaldırılması və s. söz verdi. Bütün bunlara o, "sehrli çubuğ"un köməyi ilə nail olmalı idi. 10 ay keçib, biz nəzər salırıq ...Heç bir inkişaf yoxdur, əksinə, iqtisadiyyat staqnasiya vəziyyətindədir. Əmək haqları nəinki artıb, əksinə, minlərlə vətəndaş işini itirir. İnvestisiya bumu sözü verdi. Vəd etdiyi investisiyalar haradadır? Yenə də yoxdur. Qırmızı xətlər və kameralar artıq unudulub. Və bu, Paşinyanın yerinə yetirmədiyi vədlərinin yalnız bir hissəsidir. Bunların əvəzinə, Paşinyanın və onun rejimi tərəfindən səhnələşdirilən zəif və səmərəsiz səyahətlərin sayı kəskin şəkildə artır. İnsanları tamaşalarla yedizdirmirlər. Paşinyan isə vəd etdiyi çörəyi vermək iqtidarında deyil. Paşinyan hətta onun "sehrli çubuğu" da tərk etdi. Hökumətdə hərəkətsizlik var, parlamentdə isə hökumətə əlavə olmadıqlarını etiraf belə edə bilmirlər".

Göründüyü kimi, Paşinyan uğursuz siyasətini Dağlıq Qarabağ münaqişəsi ətrafında populist bəyanatlar verməklə sığortalamaq istəyir. Münaqişənin həlli istiqamətində addım atmaq əvəzinə, onun həllini uzatmağa, status-kvo vəziyyətini saxlamağa çalışır. Dünən onun yenidən qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi, separatçıların lideri Bako Saakyanla görüşü də bunun təsdiqidir. Paşinyan işğal edilmiş torpaqların geri qaytarmalı olduğunun fərqindədir, uzun illərdir davam edən münaqişənin həll yolu da məhz bundan keçir. Onun sülh istiqamətində nə qədər tez addım atması isə ilk növbədə özünün və erməni xalqının xeyrinədir.

PƏRVANƏ

 





12.03.2019    çap et  çap et