525.Az

Paşinyanın şərtlərini Minsk qrupu da qəbul etmədi


 

"ERMƏNİSTANIN BAŞ NAZİRİNİN AVROPAYA UĞURSUZ SƏFƏRİNDƏN SONRA HƏMSƏDRLƏRİN VERDİYİ BƏYANAT RƏSMİ İRƏVANIN BÜTÜN İDDİALARININ ÜZƏRİNDƏN XƏTT ÇƏKİR"

Paşinyanın şərtlərini Minsk qrupu da qəbul etmədi<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Ermənistanın baş naziri Nikol Paşinyanın irəli sürtdüyü şərtləri qəbul etmədi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə bağlı vasitəçilərin yaydığı son bəyanatda danışıqların iki ölkə arasında davam etdiriləcəyi öz əksini tapıb, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşə razılıq verməsi alqışlanıb.

Bəyanatı şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan Respublikası Prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təkliflərinin olduğu bildirib: "Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır. Rəsmi Bakı münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Məlum olduğu kimi, indiyədək Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüş baş tutub".

L.Abdullayeva vurğulayıb ki, Minsk qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir siqnaldır: "Biz bunu alqışlayırıq".

Mətbuat katibinin sözlərinə görə, Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinə çatdırmışdı: "Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir".

Həmsədrlərin bəyanatında, həmçinin, münaqişənin həlli ilə əlaqədar atılmalı olan addımlar da qeyd edilir. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur.

Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər.

Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması - azərbaycanlı və erməni icması ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyən etməlidir. Xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır. Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Bu sənəddə qeyd olunur ki, xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən, dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir.

Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar.

Mövzu ilə bağlı fikirlərini bildirən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Avropaya uğursuz səfərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanat rəsmi İrəvanın bütün iddialarının üzərindən xətt çəkir. O, "Azərtac"a bildirib ki, baş verənləri daha dəqiq şəkildə dəyərləndirmək üçün danışıqlar formatının dəyişdirilməsi ilə bağlı ritorikanı iflasa uğradan sonuncu yanaşmadan - ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatından əvvəl Avropa İttifaqı rəsmilərinin açıqlamalarına diqqət çəkmək lazımdır: "Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın baş naziri ilə görüşündə ərazi bütövlüyünün mühüm amil olduğunu bildirib və qeyd edib ki, Nikol Paşinyan danışıqlarda ilkin şərt olmadan və tam şəkildə iştirak etməlidir".

E.Mirzəbəylinin sözlərinə görə, Avropa İttifaqı Şurasının sədri Donald Tusk isə Paşinyanla görüşündə bəyan edib ki, Qarabağ münaqişəsi ilə bağlı status-kvo uzun müddət belə qala bilməz və beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir: "Donald Tusk, eyni zamanda, danışıqların formatının dəyişdirilməsinin mümkün olmayacağını Paşinyanın diqqətinə çatdırıb.

Göründüyü kimi, Avropa İttifaqı rəsmilərinin açıqlamalarında 3 əsas şərt nəzərə çarpır: danışıqların formatı dəyişdirilə bilməz; münaqişə ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır; status-kvo dəyişdirilməlidir. Yəni danışıqların süni şəkildə uzadılmasına zəmin yaradan heç bir iddia irəli sürülməməlidir".

Politoloqun fikrincə, bu şərtlər Azərbaycanın mövqeyini demək olar ki, tam şəkildə ifadə edir: "Həmsədrlərin bəyanatında da qeyd olunur ki, danışıqların formatı heç bir halda dəyişdirilə bilməz. Eyni zamanda, həmsədrlər bəyan edirlər ki, işğal altında olan ərazilərimizin azad edilməsi və məcburi köçkünlərin öz yurd yerlərinə qayıtmasının danışıqların əsasını təşkil edir. Həmçinin, həmsədrlərin bəyanatında deyilir ki, danışıqların təməlində Helsinki Yekun Aktının prinsipləri dayanmalıdır".

E.Mirzəbəyli bildirib ki, Helsinki Yekun Aktının prinsipləri isə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı amilini önə çəkir: "Bütün bunlar sübuta yetirir ki, Ermənistanın əsassız iddialarına qarşı irəli sürülən tələblər həm Avropa İttifaqının, həm ATƏT-in Minsk qrupunun həmsədrlərinin və bütövlükdə beynəlxalq birliyin münaqişənin həllinə vahid yanaşmasıdır".

"Şübhəsiz ki, bu yanaşmanın ortaya çıxmasında Prezident İlham Əliyevin prinsipial və qəti mövqeyi müstəsna rol oynayıb. Ermənistanın indiki şəraitdə danışıqları mövcud şərtlər çərçivəsində davam etdirməkdən başqa çıxış yolu yoxdur. Əks təqdirdə Ermənistan mövcud reallıqların doğuracağı diplomatik, iqtisadi-siyasi və hərbi nəticələrlə barışmalı olacaq", - deyə politoloq qeyd edib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, Ermənistanın danışıqlardan yayınmaq cəhdi baş tutmayacaq: "Çünki Azərbaycan buna əsaslı imkan verməyəcək və ən son həyata keçirilən diplomatik həmlələr qısa müddətdə öz nəticələrini verməkdədir. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını da elə bu kontekstdə qiymətləndirmək lazımdır. Məsələ ondadır ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan hələ də regiondakı geostrateji reallığa öz siyasi illüziyası ilə yanaşır və hesab edir ki, heç bir əsası olmayan arqumentlər irəli sürməklə mövcud reallığı və beynəlxalq hüququ manipulyasiya edə biləcək".

Deputat qeyd edib ki, Paşinyan baş nazir seçkilərində yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyi və ona görə də Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı ilə bağlı arqumenti o qədər qeyri-ciddidir ki, belə arqumentlə Ermənistanı işğal məsuliyyətindən kənarda tuta biləcəyinə heç işğalçı ölkənin özündə inanmırlar: "Bu gün Ermənistanın bütün növ qoşun birləşmələri Azərbaycanın ərazisindədir və hər erməni təxribatı zamanı Azərbaycan əsgərinin şücaəti sayəsində məhv edilən düşmən əsgəri Ermənistan vətəndaşıdır".

Paşinyanın diplomatiyada autizm-simuliyasiya deyilən xəstəliyə düçar olduğunu deyən H.Babaoğlu bildirib ki, onun iddialarına özündən başqa heç kəs reaksiya vermir: "Azərbaycan Ermənistanın status-kvonu legitimləşdirmək cəhdlərinə yol verməyəcək. Bunun üçün hər şeydən əvvəl öz ordusunun, öz iqtisadiyyatının gücünə və beynəlxalq nüfuzuna arxalanır. Həmsədrlərin son bəyanatında da onların regionda Azərbaycanın nəyə qadir olması və problemin həlli ilə bağlı götürdükləri öhdəçilikdən irəli gəlir".

"BMT Təhlükəsizlik Şurası həmsədrlərə vasitəçi kimi xüsusi mandatı ona görə verib ki, problemi həll etsinlər. Yoxsa bunu Azərbaycan vasitəçilərə ehtiyac qalmadan özü edəcək. Təəssüf ki, həmsədrlər heç də hər zaman işğalçı Ermənistana lazımi təzyiq göstərmirlər və münaqişənin həlli uzanır" - deyə, Milli Məclisin deputatı əlavə edib. O bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri və Avropa İttifaqı rəsmiləri ilə son görüşlərdə Azərbaycan prezidenti İlham Əliyev bu məsələ ilə bağlı ciddi narahatlığını bildirdi və dərhal sonra biz həmsədrlərin bəyanatının şahidi olduq: "Bəyanatda bir daha bildirilir ki, danışıqların formatı dəyişdirilə bilməz və danışıqlar Helsinki Yekun aktında nəzərdə tutulan prinsiplərə söykənir. Bu prinsiplər isə ondan ibarətdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü təhdid edə bilməz. Bu bəyanat və onun məzmununda ifadə olunan fikirlər Paşinyanın populist siyasətinin iflasıdır və bundan sonra substantiv danışıqlar baş tutmazsa, Azərbaycan tərəfi daha radikal addımlar ata bilər. Belə addımlara isə işğalçı ölkə yaxşı bələddir. Çünki 2016-cı və 2018-ci il hadisələrini unutmaq mümkün deyil".

Ceyhun ABASOV

 





12.03.2019    çap et  çap et