525.Az

Qəhrəman, yoxsa ideologiya qurbanı? - Sevil Qazıyeva


 

Qəhrəman, yoxsa ideologiya qurbanı? - <b style="color:red">Sevil Qazıyeva</b>

Rayonun mərkəzi küçəsində, üç yol ayrıcında kiçik dairə var. Dairənin də mərkəzində məsum baxışlı, uzun hörüklü gənc  bir qızın büstü ucalır. Zamanında büstün qoylduğu bu küçədən çox gəlib keçmişdi. Ancaq heç vaxt burada nə vaxtsa xatirəsini əbədiləşdirən abidənin qoyulacağı xəyalına gəlməzdi. Axı,  qəhrəmanlar sonu düşünmürlər, əgər düşünsələr, onlardan qəhrəman da olmaz.

Sevil Həmzət qızı Qazıyeva gənclik illərində qoçaqlığı, əzmkarlığı və zəhmətilə günəş kimi parılayan azərbaycanlı qız idi. Həyata nikbin baxışı, həm də düşdüyü mühitə tez uyğunlaşmağı bacarığı vardı.  Gələcəyə bitib tükənməyən arzuları onu dinc buraxmırdı. O arzular idi Sevili orta məktəb partası arxasından sənət dalınca Bakıya aparan. 

Sevilin Bakıda oxuduğu 5 nömrəli sənət məktəbində çoxlu qızlar təhsil alırdı. Onların hərəsi bir rayondan idi. Ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramı qəbul olunmuşdu. Proqramda pambıq sahələrinin artırılması və bol məhsulun əldə edilməsi  qarşıda duran mühüm məsələ idi. Bunun üçün Özbəkistan nümunəsi geniş təbliğ olunurdu. Respublikamızda pambıq sahələri genişləndikcə, məhsulun əllə yığılması insanlar üçün necə ağır əməyə çevrilmişdi... Bir çox hallarda yetişmiş məhsulu tarlalardan yığıb çatdırmaq olmurdu. Bu həm də pambıqçıların əlavə əməyə cəlb olunması deməkdi.  Özbəkistanda pambıq sahələrində əl əməyi kombayınlarla əvəz olunurdu. Pambıqyığan maşınları idarə edənlərinin çoxu qızlar  idi. Onlardan biri də Sosalist Əməyi Qəhrəmanı Tursunoy Axunova olub.  Azərbaycanda da pambıqyığan maşınlar üçün sürücü-mexanizator kursları açılmışdı. Tursunoyun həyatını, pambıqçılıq sahəsində əldə etdiyi uğurları öyrəndikcə Sevildə bu sahəyə daha çox maraq oyanır. Sevil kənddə böyüsə də, heç vaxt pambıq əkib-becərməmişdi. Aqro-texniki qaydalarından da demək olar, tamamilə məlumatsız idi. Belə əmək növündə çalışmaq üçün ondan cəsarət tələb olunurdu. Bir gün Sevil rəfiqələrini ətrafına yığıb deyir:

- Qızlar, fikrim qətidir. Bu gün sürücü-mexanizator kursuna yazılmaq üçün ərizə yazmalıyam.

Bunu eşidən rəfiqələri,  Məmləkət Tağıyeva, Solmaz Qəmbərova və Diləfruz Ocaqquliyeva Sevilin sözünün üstünə söz qoyur, birlikdə sürücü-mexanizator kursuna yazılırlar. Kursda təhsil aldığı müddətdə pambıqyığan maşının sirlərinə mükəmməl yiyələnirlər. Kursu başa vurmazdan əvvəl qızları istehsalat təcrübəsi keçmək üçün Beyləqan rayonundakı 5 nömrəli sovxoza  göndərirlər. Təcrübə zamanı Sevil 97, Diləfruz 64 ton pambıq yığmışdı. Qızların bu göstəricisi qocaman pambıq ustalarını heyran qoymuşdu. “Qızlar sükan arxasına!” şüarı da məhz zamanın tələbindən yaranmışdı.

Kursu bitirdikdən sonra Sevili təcrübə keçdiyi Beyləqan rayonundakı 5 nömrəli sovxoza işləməyə göndərirlər. Burada qabaqcıl pambıq ustası Sərdar İmrəliyevlə işləyir, pambıqçılıq sahəsində onun təcrübəsindən bəhrələnirdi.

Gənc Sevil sovxozda əmək fəaliyyətinə başladığı ilk gündən özünü işgüzar, əməksevər pambıq yığımında daha fədakar işçi kimi göstərməyə başladı. Pambıqyığan maşınla hər gün bir neçə bunker pambıq toplayırdı. Əməksevərliyi, zəhmətə bağlılığı sovxoz və rayon rəhbərliyinin də diqqətindən kənarda qalmırdı. Pambıq yığımının nəticələrini öyrəndikcə Sevilə olan rəğbət daha da artırdı. Ölkə mətbuatında əldə etdiyi nailiyyətlərindən geniş bəhs olunurdu. 22 yaşında Sevil Qazıyeva Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi, Əməkdar mexanizator adına layiq görüldü.

Sovet ideologiyası, əsasən, fəhlə-kəndli hərəkatı üzərində qurulmuşdu. Bu səbəbdən də milyonların içindən işgüzar, əməksevər insanları seçib fərqləndirirdi. Respublikamızın da Özbəkistanda olduğu kimi, öz Tursunoyu yetişməkdə idi. Sevil sadə işgüzar, əməksevər saf bir gənc olmaqla yanaşı, həm də həyatda seçdiyi yolu addım-addım irəlləyirdi. O həm də ictimai fəal idi. Pambıq briqadasını yaratmaqla ətrafda olan insanları da bol məhsul əldə etmək üçün əməyə ruhlandırırdı. “Sosalizm uğrunda” keçirilən yarışlarda həm Sevil, həm də onun rəhbərlik etdiyi kollektiv normadan qat-qat artıq pambıq toplamaqla öndə olurdu. Əldə etdiyi nəticələrlə kifayətlənmir, daim göstəricilərini yeniləməyə can atırdı.  Sevil həm də respublikada ilk qadın mexanizator olub.   

S.Qazıyeva təkcə əmək fəaliyyəti ilə deyil ədəbi yaradıcılığı ilə könüllərə yol tapırdı. Görkəmli şairlərimizdən Nəbi Xəzri və Mirvarid Dilbazi onun yaradıcılığına önəm verirdi. Yığıncaqlarda, iclaslarda çıxış edərkən öz şeirlərindən istifadə edirdi. 1962-ci il fevral ayında  respublikada komsomolçu gənclərinin qurultayındakı çıxışında necə səlis nitqə malik olduğunu dinləyicilərin xatirələrindən öyrənmək olur. Həmin il qabaqcıl pambıqçıların toplantısı Daşkəndə keçirilir. Ona örnək olan özbək bacısı Tursunoy Axunova ilə  görüşür. Səfərdən qayıdandan sonra yenə pambıqyığan maşınla sahəyə üz tutur. Hər gün pambıq yığmasa özündə rahatlıq tapmır, sanki bununla ruhu qidalanırdı.

1963-cü ilin 29 sentyabrında S.Qazıyeva Keçici Qırmızı Bayraqla təltif olundu. Həmin gün axşamçağı Sevil hələ də pambıqyığan maşınla tarlada pambıq yığırdı. Birdən sahənin ortasında maşın dayandı. Pambıqyığan maşının mühərrikini söndürmədən o, dolaşmış şpinləri açmaq istədi. Kiçik ehtiyatsızlıq nəticəsində uzun saçları maşının valına dolaşdı...

Sevil Qazıyevanın faciəli ölüm xəbəri qısa müddətdə ölkəyə yayıldı. Ölkə həyat dolu gənc qızın amansız ölümünə yas saxladı. Nəbi Xəzri “Günəşin bacısı” poemasında yazırdı:

Siz yasa batmayın ey çöl, ey çəmən!
Çalınır qızının toyu deyirəm.
Ey mənim qoynunda dünyaya gələn
Gəl mənim qoynumda uyu deyirəm! 

Sevil Qazıyeva doğma rayonundan ayrı düşsə də, Zaqatalanı hədsiz dərəcədə çox sevdiyini şeirlərində görmək olur. Doğma el-obasınının vurğunu olan Sevil elə doğulduğu rayonda da torpağa tapşırıldı.

Sevil Qazıyevanın xatirəsini əbədiləşdirmək üçün yaxın rəfiqəsi Diləfruz Ocaqquliyeva onun ölümündən 6 ay sonra Azərbaycan qadınlarının 6-cı qurultayında Bakıda Sevilin adına bağ salınmasını, işlədiyi sovxoza onun adının verilməsini təklif etdi. Onun təklifi qəbul olundu. 1966-cı ildə ölümündən sonra ona Sosalist əməyi qəhrəmanı adı verildi.

Hazırda Beyləqan rayonu Yuxarı Aran kəndində Sevil Qazıyevanın “ev muzeyi” fəaliyyət göstərir. Muzeyin həyəti ikiyə bölünüb. Biri pambıq “tarla”sını xatırladır, digəri isə qızılgül bağını. Bunların hər birinin öz rəmzi mənası var. Pambıq onu əməklə tanıtdırıb, qızılgül bağı isə doğulduğu Aşağı Tala kəndində insanlarının əmək fəaliyyəti idi, onlar gülçülüklə məşğul olurdular. Gülçülük də kifayət qədər ağır zəhmət tələb edən sahədir.

“Ev muzeyi”nin müdiri Ofelya Hacıyeva deyir ki, muzey Kənd Təsərrüfatı Nazirliyinin balansındadır. Sevil Qazıyevaya məxsus müxtəlif əşyalar, fotoguşələr qorunub saxlanılır. Sosalizim yarışının qalibİ olanda aldığı qırımızı bayraqlar bu gün də muzeydə nümayiş olunur. Daşkənddə olarkən ilk təyyarəçi-kosmonavt Yuri Qaqarinlə, Moskvada olarkən Kubanın dövlət başçısı Fidel Kastro ilə çəkdiyi fotoşəkillər də muzeydə yerini alıb. Ofelya xanım  deyir ki, Ağdam, Füzuli, İmişli, Ağcəbədi rayonlarının məktəbliləri və Beyləqana gələn qonaqlar muzeyə baş çəkirlər.

Qəhrəman əməkçimiz yaşasaydı, bu il mart ayının 1-də 79 yaşı tamam olacaqdı. 

Bəxtiyar ƏLİYEV







 





17.03.2019    çap et  çap et