525.Az

Əsgər Rəsulov fenomeni


 

Əsgər Rəsulov fenomeni<b style="color:red"></b>

Bugünlərdə Azərbaycanın türk dili və ədəbiyyatı sahəsində tanınmış şərqşünaslarından biri professor Əsgər Adil oğlu Rəsulovun 65 yaşı tamam oldu.

O, Naxçıvan şəhərində dünyaya göz açıb, internat məktəbində orta təhsilini başa vurmuş, 1971-ci ildə qəbul olduğu Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini 1976-cı ildə fərqlənmə diplomu ilə bitirərək, Türkiyə Respublikasında tərcüməçi işləyib.

1980-ci ildən etibarən məzunu olduğu Universitetin Yaxın Şərq dilləri (1991-ci ildən Türk filologiyası) kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutub. Bakalavriaturada “Türk dili”, “Türk ədəbiyyatı”, “Türk filologiyasına giriş” “Tərcümə nəzəriyyəsi”, magistraturada “Türk ədəbiyyatşünaslığı tarixi və metodologiyası”, “Türk ədəbiyyatşünaslığının müasir problemləri”, “Mətnşünaslıq” və “Türk ədəbiyyatı nəzəriyyəsi” fənlərindən mühazirələr aparıb.  Hal-hazırda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi olan Əsgər Rəsulov, eyni zamanda, əvəzçi professor kimi Şərqşünaslıq fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Biz Əsgər müəllimlə 45 ilə yaxındır ki, dostuq. Bu dostluğun sağlam bünövrəsi ibrətamiz bir hadisə ilə qoyulub. Mən orta məktəbi qızıl medalla bitirdikdən sonra 1970-ci ildə (1968-1969-cu illərdə hələ tələbə ikən Misirdə hərbi tərcüməçi işləmişdim) Lenin təqaüdçüsü kimi Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsilimi fərqlənmə diplomu başa çatdırıb, Azərbaycan Elmlər Akademiyası Yaxın Şərq Xalqları (indiki Şərqşünaslıq) İnstitutunun ərəb ədəbiyyatı ixtisası üzrə aspiranturasına daxil olmuşdum. Eyni zamanda, Azərbaycanda müasir ərəbşünaslığın banisi, Əməkdar elm xadimi, professor Ələsgər Məmmədovun təklifi ilə ərəb dili kafedrasında saathesabı dərs aparırdım. 1973-cü ilin sonunda dissertasiya işimi yekunlaşdırıb, müzakirəyə təqdim etdim. Aspiranturada təhsilim bitdiyi üçün 1974-cü ilin yanvarında Ələsgər müəllim məni kafedrada müəllim kimi işə götürdü və mən həmin il müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini aldım.

1975-ci ildə qəzetdə verilən elana əsasən mən öz vəzifəmə seçilməli idim. O dövrdə Şərqşünaslıq fakültəsində qarşıdurma yaranmışdı. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, fakültə kollektivi mənə rəğbət bəsləyirdi. Açıq dərsimə gələnlər müsbət rəylərini bildirdilər və Elmi Şuranın üzvləri haqqımda təriflər söyləyərək, məni gizli səsverməyə buraxdılar. IV kurs tələbəsi Əsgər də fakültə komsomol təşkilatının katibi kimi Elmi Şuranın üzvlərdən biri idi. Seçki və səsvermə proseduru öz qaydası ilə gedirdi. Hesablama komissiyasının sədri nəticəni elan edəndə heyrətə gəldim, Elmi Şuranın 11 üzvündən altısı, o cümlədən, Əsgər lehimə, beşi əleyhimə səs vermişdi. Bununla bərabər, hamı əl çaldı, ünvanıma təbriklər yağdırıldı. Məəttəl qaldım. Bülletendə adımı pozan, çiyin-çiyinə işlədiyim həmkarlarım üzümə gülə-gülə, şənimə təriflər yağdıra-yağdıra əleyhimə səs verməkdən xəcalət çəkməmişdilər.

Lakin əsas məsələ bundan sonra başladı. Seçkidən bir neçə gün sonra Universitetin rektoru akademik Faiq Bağırzadənin göstərişi ilə səsvermənin nəticəsi ləğv edildi, Elmi Şuranın iclasının yenidən keçirilməsi qərara alındı. Sən demə, fakültənin kafedra müdirlərindən biri, həmişə mənə oğlum deyən tanınmış alim məktub yazıbmış ki, seçkidə prosedur pozuntusu olub, hesablama komissiyasının nəticəsi səsə qoyulmayıb. Beləliklə, əleyhimə yaranmış kampaniyanın rəhbəri də, onun tərəfdaşları da üzə çıxdılar.

Həmkar dostlarım - professorlar Vasim Məmmədəliyev və Malik Mahmudov məsləhət bildilər ki, indi həmin “dəstə” səni dəstəkləyənlərə təzyiq göstərəcək, ilk növbədə, Əsgərlə söhbət et, fikrini öyrən. Yaxınlığımız olmasa da, onunla vədələşib, görüşdük. Əsgər heç mənə danışmağa fürsət vermədən bildirdi ki, məsələdən halıyam, məni müxtəlif hədələrlə qorxudurlar, amma sizə böyük hörmətim var və əvvəlki kimi yenə də lehinizə səs verəcəyəm, arxayın ola bilərsiniz. Mən də öz növbəmdə, ona çatdırmağı özümə borc bildim ki, hələ tələbəsən, gəncsən, gələcəyin var, bu məsələyə görə səni incidərlər, yaxşı fikirləş. Əsgər şəstlə “arxayın olun” deyib, sağollaşdı. Düzü, mən bunu gözləmirdim...

Elmi Şuranın təkrar keçirilən iclasında birinci dəfə xəstəliyinə görə gəlməyən, tələbəliyimdən xətrimi istəyən fakültə partiya təşkilatının katibi, ingilis dili müəllimi Validə xanım da iştirak etdi. Səsvermənin nəticəsi “lehimə - 6, əleyhimə - 6” oldu. Sonradan aydınlaşdı ki, Elmi Şuranın üzvü olan bir xanım dosent “dəstə”nin təzyiqlərinə tab gətirməyib... O, ömrünün sonunadək deyirdi ki, Elxan, məni bağışla, sənin yanında xəcalətliyəm.

Bundan sonra tədris işləri üzrə prorektor professor Əlövsət Abdullayevin rəhbərliyi ilə komissiya yaradıldı və qərara alındı ki, müsabiqə (səsvermə) Universitet Elmi Şurasında keçirilsin. Orada 72 üzvdən fakültəmizi təmsil edən əleyhdarım üç nəfərdən başqa hamı lehimə səs verdi və mən, nəhayət, alqışlar altında haqqım olan müəllim vəzifəsini tutdum.

Mən əleyhdarlarımın adlarını bilərəkdən çəkmirəm, çünki onlar əslində, öz sahələrində tanınmış alimlər idilər, həm də sonralar peşmanlıqlarını mənə dəfələrlə söyləmişdilər... Bu hekayəti təfsilatına varmadan nəql etməkdəki əsas məqsədim Əsgər müəllimin hələ gənc yaşında, tələbə ikən hər kəsə nəsib olmayan cəsarət və mərdliyini, ümumiyyətlə, əsl kişilik keyfiyyətlərini hamı ilə bölüşmək idi. Uzun müddətli dostluğumuz ərzində o, zərrə qədər də dəyişməyib, əksinə, xeyirxahlığı, imkanı artdıqca ehtiyac duyanlara hər cəhətdən əl tutmağı daha da çoxalıb...

Əsgər müəllimin elm sahəsində qazandığı bütün uğurları gözümün önündə baş verib. Onun haqqında Yaxın Şərq Xalqları İnstitutunun direktoru, elmi rəhbərim akademik Həmid Araslıya və Türk filologiyası şöbəsinin müdiri, tanınmış türkoloq dostum Allahşükür Qurbanova danışmışdım. Üzünü görməslər də, mənə görə çəkdiyi sıxıntılar müqabilində onların da rəğbətini qazanmışdı. Əsgər Türkiyədə işlədiyi illərdə Allahşükür müəllimin tövsiyəsi ilə onun namizədlik dissertasiyasının mövzusunu akademik Həmid Araslı İnstitutun Elmi Şurasında təsdiq etdirdi, şəxsən özü və Allahşükür müəllim onun dissertasiya işinin elmi rəhbəri oldular.

1983-cü ildə Əsgər Rəsulov “Türk ədəbiyyatında oçerk janrı” adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, şərqşünaslıq sahəsində gələcək nailiyyətlərinə doğru ilk uğurlu və qətiyyətli addımını atdı. 2006-cı ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi almaqla ölkəmizin aparıcı türkoloqları sırasında öz yerini möhkəmlətdi.

Əsgər müəllim məhsuldar, elmi-tədqiqat işlərində müasir tənqidi baxışlara əsaslanan, türk ədəbiyyatına və dilinə incəliklərinə qədər bələd olan, geniş erudisiyalı və dünyagörüşlü bir alimdir. Onun elmi fəaliyyəti şərqşünaslığın aparıcı simalarından biri türkoloq Allahşükür Qurbanovun “Respublika” qəzetində dərc edilmiş “İstedadlı alim, səmimi və xeyirxah insan” məqaləsində (2 mart, 2019-cu il) çox dəqiqliklə, hərtərəfli işıqlandırılmışdır.

Əsgər müəllim 10-dan artıq kitabın, 15 fənn proqramının, ölkəmizdə və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. Türk dilinə və əksinə çoxsaylı tərcümələr edib, bu qəbildən olan 20-yə yaxın kitabın ixtisas redaktorluğunu öz öhdəsinə götürüb.

O, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, Filologiya Problemləri üzrə Elmi Şura sədrinin müavinidir. İndiyə qədər neçə-neçə elmlər və fəlsəfə doktorluğu dissertasiya işlərinin məsləhətçisi, rəhbəri və rəsmi opponenti olmuşdur.

Əsgər müəllim, sözün həqiqi mənasında, dərin biliyə malik sanballı filoloqdur. İstər türk dilçiliyi və ədəbiyyatşünaslığı, istərsə də Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı monoqrafiya, dərslik, elmi məqalə və publisistik oçerklərində daima yeni söz demək, ilk olmaq bacarığını nümayiş etdirməyi bacarır.

Onun elmi fəaliyyətində irihəcmli “Türk sənədli-bədii nəsri” monoqrafiyasının xüsusi yeri vardır. Bu əsərlə Əsgər müəllim özünün nəinki türk ədəbiyyatı tarixinin xiridarı, həmçinin, kamil ədəbiyyat nəzəriyyəçisi olduğunu bir daha sübut etdi. İndiyədək nə dünya şərqşünaslığında, nə də Türkiyədə bu səpkidə, təxminən altıyüzillik dövrü əhatə edən ümumiləşdirilmiş tədqiqat işinə rast gəlmirik. Monoqrafiyada XV əsrin ortalarından - XXI əsrin əvvəllərinə qədərki dönəmin yazılı türk sənədli-bədii nəsrinin qaynaqları, təşəkkül və təkamül mərhələləri, nəzəri-estetik məsələləri və sənətkarlıq xüsusiyyətləri, həmçinin, klassik Osmanlı və XIX əsrin II yarısı - XX əsrin I rübü türk ədəbiyyatının tarix, səyahətnamə, səfarətnamə, risalə, təzkirə, məktub, xitabət, Cumhuriyyət Türkiyəsinin oçerk, reportaj, fikra, memuar, gündəlik, bioqrafiya kimi janr və formalarının sistemli elmi təhlili və dolğun təsnifatı verilmişdir. İstifadə olunmuş ədəbiyyat siyahısının əhatə etdiyi türk, Azərbaycan, rus və Avropa dillərində 540-a yaxın nəzəri, bədii və digər mənbələri hərtərəfli nəzərdən keçirən Əsgər müəllim uzun illərin elmi axtarışları, gərgin zəhməti və fenomenal istedadı sayəsində şərqşünaslığımıza dəyərli töhfə bəxş etdi.

Yeri gəlmişkən qeyd edim ki, 1919-cu ildə təsis edilmiş BDU-nun Tarix-filologiya fakültəsində şərq şöbəsi fəaliyyət göstərib, 1922-ci ildə türk və İran xalqlarının dili, ədəbiyyatı və tarixi üzrə mütəxəssislər hazırlamaq məqsədi ilə Şərqşünaslıq fakültəsi yaradılıb. 1930-cu ildə universitetin bazası əsasında beş institut açıldığına görə o, bağlanıb, 1934-cü ildə yenidən  qurulsa da, yalnız 1944-cü ildən şərqşünaslıq gah Filologiya fakültəsində şöbə (1944-1946, 1950-1957), gah da ayrıca fakültə kimi (1946-1950) mövcud olub. Nəhayət, 1957-ci ildə ərəb, fars və türk (hal-hazırda əlavə ibri, urdu, yapon, Çin və Koreya dilləri) şöbələrindən ibarət Şərqşünaslıq fakültəsi müstəqillik hüququ qazanıb.

Yuxarıdakı tarixi-statistik məlumatı ona görə xatırladıram ki, fakültədə uzun illər ərzində tədris edilən türk dili fənni üzrə dərsliyin yoxluğu problem yaradırdı. Bu problemi ilk dəfə Əsgər müəllim “Türk dili” (R.Rüstəmovla şərikli) dərsliyini ərsəyə gətirməklə (1989) aradan qaldırdı, tələbə və müəllimlər, eləcə də digər maraqlananlar arasında tezliklə yayıldığına görə dərsliyin ikinci nəşri (1991) buraxıldı. 2007-ci ildə həmin kitabın yenidən işlənmiş və təkmilləşdirilmiş 308 səhifəlik variantı çap edildikdən sonra daha iki nəşri (2012, 2017) işıq üzü gördü.

Əsgər müəllimin türk dilçiliyi sahəsində mühüm xidmətlərindən biri də ölkəmizdə ilk dəfə olaraq rus dilində nəşr etdirdiyi “Sovremennıy turetskiy yazık” (2016, 408 səh.) kitabı ilə bağlıdır. Burada türk dilinin fonetika, leksikologiya, morfologiya və sintaksisi bütün parametrləri ilə nəzəri cəhətdən araşdırılmış, artıq tələbə, magistrant, doktorant və müəllimlərin stolüstü vəsaitinə çevrilmişdir.  

Azərbaycan türkologiyasının lüğətçilik sahəsində bir sıra yaxşı nəticələri əldə olunmuşdur. Əsgər müəllim burada da özünə sadiq qalaraq, digər tədqiqatçılardan fərqlənə bilmişdir. Onun “Türkcə-azərbaycanca-rusca dilçilik terminləri lüğəti” (R.Rüstəmovla şərikli, 1988), “Türkcə-azərbaycanca-rusca; Azərbaycanca-rusca-türkcə; Rusca-türkcə-azərbaycanca dilçilik terminləri lüğəti” (R.Rüstəmov və C.Rüstəmova ilə şərikli, 2007) və “İzahlı türkcə-azərbaycanca yalançı ekvivalentlər lüğəti” (2015) dediklərimə bariz sübutdur. Adıçəkilən lüğətlər türkoloqlar və müasir türk dili ilə maraqlananlar üçün böyük əməli əhəmiyyət kəsb edir.

Şərqşünaslıq fakültəsinin türk dili şöbəsində “Tərcümə nəzəriyyəsi” fənni tədris planına əsasən 1957-ci ildən keçirilir. Lakin dərs vəsaiti olmadığından müxtəlif illərdə müəllimlərin mühazirələri bir-birindən fərqlənir və bəzən qoyulan tələbləri tam əhatə etmirdi. Ədəbiyyatşünas olmağına baxmayaraq, bu fənnin tədrisi Əsgər müəllimə tapşırılandan sonra bu sahədəki boşluq tədricən aradan qaldırıldı, hər şey qaydasına düşməyə başladı. Əslində, on ilə yaxın Türkiyədə (1976-1979, 1989-1995) tərcüməçi işləyən, həm ədəbi türk dilini, həm də müasir türk dialektlərini dərindən bilən püxtələşmiş bir mütəxəssisin mühazirələri, gözlənildiyi kimi, yüksək elmi-pedaqoji səviyyədə hazırlanmışdı. Əsgər müəllim öz qələminə qiymət verən alimdir. Ona görə də yalnız bu sahədə Azərbaycan, rus və türk dillərindəki mövcud nəzəri əsərləri hərtərəfli  araşdırdıqdan sonra, həm də öz təcrübəsinə əsaslanaraq, əvvəlcə “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili” kitabını (2007), ardınca “Tərcümə nəzəriyyəsi və təcrübəsi” dərs vəsaitini (2015) ortaya qoydu.

Bunu da xüsusi olaraq vurğulayım ki, Əsgərin şirin dili, üzügülərliyi, maraqlı, şən söhbətləri durub-oturduğu, ünsiyyətdə olduğu hər kəsi özünə cəlb edir. Mayası xeyirxahlıqla yoğrulub, umu-küsü, bədxahlıq ona tamamilə yaddır. 1991-ci ildən üç il fasilə ilə indiyədək dekanı işlədiyim Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinin, tələblərinin və yetirmələrinin sevimlisidir. Çünki Əsgər müəllim yüksək elmi-pedaqoji səviyyəli dərs deməsi ilə yanaşı, həmkarlarına həssas və səmimi münasibəti ilə seçilir, tələbələrinin qayğısına qalır, dərd-sərlərinə şərik  çıxır.

Fitri istedadı və bədii sözə vurğunluğu ilə seçilən Əsgərin poetik düşüncələrini qələmə almaması təəccüb doğurardı. Bilirdim ki, hələ orta məktəbdə oxuyarkən onun bir neçə şeiri yerli qəzetlərdə dərc olunmuşdu. Sonrakı illərdə də o, ara-sıra mətbu şeirləri ilə oxucuların görüşünə gəlirdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Əsgər Rəsulun, nəhayət, 2006-cı ildə “Dilmanc” adlı kitabı çapdan çıxdı. Buraya onun lirik, poetik tutumlu, vətənpərvər ruhlu və fəlsəfi mündəricəli şeirləri, dərin məzmunlu poemaları daxildir. Bütövlükdə kitab onun daxili aləminin, torpağına bağlılığının, ailə sevgisinin, bəşəri düyğu və düşüncələrinin bədii-estetik təqdimatıdır. Onun həyat kredosu aşağıdakı misralarda çox səmimi şəkildə ifadə edilib:

Küsmürəm, deyirəm qoy belə olsun,
Qarşılıq gözləmək çox mənasızdır.
Mənə edilənlər borcum sayılsın,
Mənim etdiklərim təmənnasızdır.

Qardaşım, dostum professor Əsgər Rəsulovu yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzulayıram. Uğurlara gəlincə, əminəm ki, o, özü indiyə qədər olduğu kimi, bundan sonra da fəaliyyət göstərdiyi bütün sahələrdə uğur qazanacaq, yeni-yeni əsərlərlə bizi sevindirəcəkdir.

 





18.03.2019    çap et  çap et