525.Az

Tahir Rzayev: "Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun"


 

Tahir Rzayev: "Minnətdarlıq etməyi bacarmırsınızsa, heç olmasa, susun"<b style="color:red"></b>

"Azərbaycan prezidenti İlham Əliyev xeyirxah, humanist, ölkənin hər bir vətəndaşının sevincinə, kədərinə şərik olan, xalqının gələcəyini, xoşbəxtliyini düşünən bir insandır. Bu insanpərvərlik, qayğıkeşlik onun bugünlərdə imzaladığı əfv fərmanında da bir daha özünü göstərdi".

Bunu "525"ə  açıqlamasında millət vəkili Tahir Rzayev dilə gətirib.

"Əziz Novruz bayramı ərəfəsində yüzlərlə ailəyə böyük sevinc gətirən bu sərəncam nəinki həbsdən azad olan insanlar, eləcə də ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılandı və geniş əks-səda yaratdı" - deyən millət vəkilinin sözlərinə görə, məlum sərəncam bir daha göstərdi ki, siyasi, dini baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkə rəhbəri üçün əzizdir:

"Eyni zamanda, İlham Əliyevin  özünün də söylədiyi kimi, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir".

Millət vəkili bununla yanaşı, məlum sərəncamdan, böyük humanizm aktından sonra bəzi müxalif siyasi qüvvələrin və günahları bağışlanılaraq, əfv edilən sabiq məhkumların tələsik, emosional, hikkəli, gərginliyə xidmət edən açıqlama və hərəkətlərindən üzüldüyünü, təəssüfləndiyini bildirib:
 
"Əfv elə bir addım, elə bir aktdır ki, o, yalnız dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Onu amnistiya aktı ilə qarışdırmaq və tam mənada eyniləşdirmək olmaz. Düzdür, hər ikisi də nəticə etibarı ilə humanizmə, insanpərvərliyə dayanır, xidmət edir, onlarla, yüzlərlə, hətta minlərlə insan azadlığına, ailəsinə qovuşur, cəmiyyətə inteqrasiya edir, amma əfvin bir fərqi var ki, o, birbaşa ölkə prezidentinin şəxsi səlahiyyətində olan bir məsələdir. İstəsə bunu edə bilər, istəməsə etməz və kimsə də ona qarışa bilməz. İlham Əliyev də elə siyasi liderlərdən, elə müdrik və humanist dövlət rəhbərlərindəndir ki, əfv etmək və bağışlamaq qüdrətinə malikdir. Bu səbədən də, artıq bir neçə ildir ki, əvf, humanizm siyasəti davamlı xarakter alıb, bir növ dövlətçilik atributuna çevrilib. Ancaq bəzi müxalif siyasi qüvvələr və şəxslər, xüsusilə, günahları, xətaları, yol verdikləri cinayət əməlləri bağışlanan insanlar bunu qiymətləndirmək, minnətdarlıq etmək əvəzinə, yenə də kin, qəzəb, nifrət püskürürlər. Yenə də şəxsi ambisiyalar, yenə də dar və cılız iddialar, yenə də bir an belə sönməyən və dinməyən ehtiraslar... Ad çəkmədən həmin qüvvələrə və insanlara demək istəyirəm, artıq yetər, hər bir şeyin bir əndazəsi, həddi, çərçivəsi var. Minnətdarlıq etməyi, yaxşılığı qiymətlərdirməyi bacarmırsınızsa, heç olmasa susun, sakit oturun yerinizdə, könülləri bunlandırmayın. Onsuz da sizlərin dövrü, zamanı çoxdan keçib, cəmiyyət necə lazımdırsa, sizlərlə bağlı öz mövqeyini, öz qiymətini verib. Həmçinin, cəmiyyət özü müdrik seçimini edib, istər 1993-cü ildə, istərsə 2003-cü ildə və sonrakı dönəmlərdə. Odur ki, çalışın özünüzə uyğun bir işin qulpundan yapışın, yoxsa ziyanını çəkən yenə özünüz olacaqsınız".

Kamil HƏMZƏOĞLU

 





28.03.2019    çap et  çap et