525.Az

Əsəd Cahangir: "İstedad həm mükafat, həm də cəzadır"


 

GƏNC ƏDİBLƏR MƏKTƏBİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

Əsəd Cahangir: "İstedad həm mükafat, həm də cəzadır"    <b style="color:red"></b>

Dördüncü Gənc Ədiblər Məktəbi üzvlərinin növbəti görüşü Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış tənqidçi Əsəd Cahangirlə oldu.

Tədbiri giriş sözü ilə açan Məktəbin rəhbəri, AYB katibi Rəşad Məcid gənc qələm sahiblərini  Novruz bayramı münasibəti ilə təbrik etdikdən sonra sözü Əsəd Cahangirə verdi.

Öz məzmunlu, əhatəli çıxışına "Əgər siz ədəbiyyata keçici, gəldi-gedər gənclik həvəsi kimi  baxırsınızsa, vaxt itkisinə yol verməmək üçün bu işdən nə qədər tez əl çəksəniz, bir o qədər yaxşıdır" sözləri ilə başlayan tanınmış tənqidçi fikrini belə əsaslandırdı: "İstedadsız adam yoxdur, həyatda öz yerini tapmayan adam var. Əgər ədəbiyyatda xüsusi istedadınız yoxdursa, o demək deyil ki, ümumən bacarığınız yoxdur. Hər bir adam hansısa sahədə özünü formalaşdırıb, işinin  peşəkarı ola bilər. Yox, əgər ədəbiyyatda özünüzü tapacağınıza əminsinizsə, bu yolda qərarlısınızsa, yenə də bunu hamıdan yaxşı siz özünüz bilirsiniz. Heç bir kənar qüvvə insana öz ürəyi, vicdanı qədər düzgün məsləhət verə bilməz. İntibah dövrü məşhur ingilis tənqidçisi Filip Sidni deyirdi: "Qəlbinizin səsinə qulaq asın və yazın". Sənət seçəndə də hər kəs öz ürəyinin səsinə qulaq asmalıdır. Amma nəzərə alın ki, indi sovet dövrü deyil, ədəbiyyat sizə nə pul-para, nə də şan-şöhrət vəd edir. İndi ədəbiyyatla məşğul olmaq, yazıçılıq eləmək entuziazm, fədakarlıqdır. Əgər bu fədakarlığı qəbul etməyə hazırsınızsa, seçim sizindir. Bir şeyi unutmamağınızı istərdim - yanlış seçim nəticəsində ömrü boyu özünüzə və başqalarına problem yarada bilərsiniz. Ədiblər Məktəbinin sizdən öncəki bir çox məzunlarının uğursuz, acınacaqlı yaradıcılq taleyi bu məsələdə sizə ən yaxşı xəbərdarlıq ola bilər".

Sonra Əsəd  Cahangir Məktəb üzvlərinin yazıları barədə konkret fikirlərini açıqladı, onların mətnlərini bədii keyfiyyət baxımından bir neçə qismə böldü.  Aydan Mayılovanın şeirlərində insanın daxili dünyası və ətraf aləmin ortaq məxrəcə gəlməsini vurğulayan tənqidçi bunu gənc yazarın dünyaya və insana hərtərəfli rakursdan baxmasının bədii ifadəsi kimi təqdir etdi. Gənc yazar Bahəddin Salmanın hekayəsinin dili üzərində geniş dayanan Ə.Cahangir Məktəb üzvlərinin diqqətini ifrat metaforizmdən, lüzumsuz bər-bəzəkdən qaçmağa, fikri daha sadə ifadə etməyə yönəltdi.

Daha sonra Tahirə Nur, Mirçingiz Ağazadə, Aydın Cavad, Ələsgər Əhməd, Atlaz Rzayi və başqaları haqda fikir bildirən tənqidçi onların yazılarına güclü və zəif tərəflərindən yanaşmaqla bədii mətnə obyektiv, hərtəfəli yanaşmanın konkret nümunəsini göstərdi.  

"Milli nasirlərimizdən kimləri oxumağı məsləhət görürsünüz?" sualının cavabında Ə.Cahangir İsa Muğanna, Sabir Əhmədli, Yusif Səmədoğlu, Anar, Elçin, İsi Məlikzadə, Sabir Azəri, Afaq Məsud, Mövlud Süleymanlı, Azər Abdulla, Məmməd Oruc, Kamal Abdulla kimi yazıçıların mütaliəsinin gənclərə çox şey verə biləcəyini qeyd etdi.

"İnsan öz istedadını haçan anlaya bilər?" sualının isə cavabı belə oldu: "İnsanın özünü, o cümlədən də  istedadını dərk etməsi üçün zamana ehtiyac var. Bunu üçün müəyyən yaş dövrünü keçməlisən. Bu hər kəsdə fərdi xarakter daşıya bilər, amma ümumən götürəndə iyirmi səkkiz-otuz beş yaş arası yeddillik dövr insanın özündərkində həlledici mərhələdir. Elə adam var ki, düzü-dünyanı dolaşıb, əli hər işdən üzüləndən sonra ədəbiyyata gəlir. Eləsi də var ki, hətta ən yüksək vəzifə təklif olunsa da, ədəbiyyatdan getmir.  Nə vaxt görsəniz ki, ədəbiyatdan heç yerə gedə bilmirsiz, bilin ki istedadınız var. Sizi getməyə qoymayan da istedaddır".

"İstedad sizin üçün nədir?" sualını tənqidçi cavabı belə cavablandırdı: "İstedad həm mükafat, həm də cəzadır. Allah səni istedadla mükafatlandırır, qısqanc cəmiyyət bunun müqabilində cəzalandırmaq istəyir. İstedad budur. Buna görə bəzi istedadlı adamlar cəmiyyətdən uzaq qaçmağa çalışıb, tərki-dünya həyat yaşayıblar. Bunun bariz nümunəsi ömrünün son 30 ilini tərki-dünya ömür sürən İsa Muğannadır".

Tədbirdə iştirak edən tanınmış qələm adamları - yazıçı Seyran Səxavət və şair Fərqanə Mehdiyeva da gənc yazarlar barədə fikirlərini bildirdilər. Sonda gənclərə tənqidə dözümlü olmağı, hər hansı çətinlik qarşısında həvəsdən düşməməyi məsləhət görən Əsəd Cahangir gənc ədiblərlə xatirə şəkli çəkdirdi.

Aytac MƏMMƏDLİ

 





28.03.2019    çap et  çap et