525.Az

"Söz" yaradıcılıq birliyi təqdim edir: Cəmil Cəmilbəyli


 

"Söz" yaradıcılıq birliyi təqdim edir: <b style="color:red">Cəmil Cəmilbəyli</b>

Bakı Dövlət Universitetində təhsil alan yaradıcı tələbələri bir araya gətirib onlarla işləmək, onların ilk yazılarını müzakirə etmək və ictimaiyyətə tanıtmaq fərqli duyğular yaradır.

Hər dəfə bu gənclərin yazılarını mətbuata təqdim edəndə, onların ilk əsərləri haqqında rəy söyləyəndə və ya yazanda özümün ilk yazılarımın nəşr olunduğu zaman, keçirdiyim tərəddüdlər gözümün qabağına gəlir. Bu, sadəcə bir nisgil, keçmişi geri qaytarmaq istəyi qeyil: burada, heç şübhəsiz ki, həm də minnətdarlıq duyğusu, vaxtilə qarşımda qapı açan insanların əməyinə və əməlinə hörmət hissi də var.

"525-ci qəzet"in keçən buraxılışında köhnə dostum, tələbəlik illərində məni radioya, yazarlar icmasına cəlb etmiş və təəssüf ki, aramızdan vaxtsız ayrılmış İnqilab Həsənlinin "Dünyanın qırmızı günü" adlı hekayəsinə kiçik təqdimat mətni yazanda da buna bənzər duyğunun təsirini yaşayırdım: özümdən sonra gələnlər üçün mən hansı örnəyi göstərə bilirəm?!.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin ikinci kurs tələbəsi Cəmil Cəmilbəylinin ilk yazılarını "525-ci qəzet"in oxucularına təqdim edərkən onu da düşünürəm ki, bu, Cəmilin yaradıcılıq yolu üçün bir başlanğıcdır və bu başlanğıcın şahidi olmaq, onda iştirak etmək Cəmillə bərabər məni də həyəcanlandırır. Əslən Kəlbəcərdən olan Cəmilin yazıları onun gələcəyi haqqında məndə böyük ümidlər oyadır.

Məsələnin sonrasını isə zaman həll edəcək. Vaxtilə özün gördüyün bir xeyir əməli başqasına ötürmək, zamanın o biri başında kiminsə yadına düşmək isə, yəqin ki, heç kimin sözünə baxmayan zamanın insan üçün ən böyük mükafatı ola bilər...    

Məti Osmanoğlu

Gəldim ana!
Özümü itirə-itirə gəldim,
Qollarımı dodaqlarının arasına yemək apara bilməyən
yaşlı adama verdim,
Gözlərimi yolu əlində çəlik keçmək istəyən
nur üzlü qocaya hədiyə etdim,
Əllərim şikəst dilənçinin yanında qaldı,
Ayaqlarımı əlil arabasında oturub
meyvə-tərəvəz satan xalanın yanında qoydum.
Bölündüm ana,
Gəldiyim yolların, keçdiyim küçələrin
hər küncündə bir parçam qaldı.
Çox sadəydi əslində
atom zərrəciyi kimi bölünmək, parçalanmaq.
Gəlib uzanacaqdım qəm topası ilə
bir dirəyini sındırdığım çarpayımın üstə,
Qəm götürəcəkdi məni,
Qəhər boğacaqdı yenə,
Dərdlərin sayı çox, həlli yox.
Bax...
Özümü bütün bunlardan azad etdim, Ana.
Yatağımın üstündə üzümün kədərini örtəcək
əl də yoxdu artıq,
Baxıb dörd divarda bir vəfasızı görəcək göz də.
Məni bayıra çıxarıb, kədər dolu xatirələrə aparacaq ayaqlar da
daha ağırlıq eləməyəcək çarpayıma.
Amma bir şeyin sahibini tapmadım, ana,
Çıxarıb kora verəcək gözüm,
Əlilə verəcək ayağım,
Hər şeyim var idi, hər şeyim,
Təkcə ürəyin sahibini tapmadım.
Yenə özümlə götürüb gəlmişəm ürəyimi,
Bu ürəyin içindəkilər,
Onların ağırlığı təkcə dörd ayaqlı çarpayıya yox,
Bu evə, bu dörd divara,
Hətta
bir ömrə belə kifayətdi, Ana,
Bir ömrə belə bəs!

***

Söz qurtarıb, deməyə,
Bir cüt soyuq dodaq var.
Bu soyuqda üşü bir az,
Çöldə yaman sazaq var.

Üşü ki, qucaqlayım,
Köksümə tel dağılsın.
Gözlərinə səyahət,
Vallah şirin nağıldı.

Hardan gəlirsən belə,
Son görüşmü bu daha?!
Onda ahım, harayım,
Çata bilər Allaha.

Baxışından duyuram,
Görüş həminki deyil.
Dodağına iz düşüb,
Öpüş mənimki deyil.

***

Dərdimə min bərəkallah,
Lap elə ayı boydadı.
Hərəsi bir tərəfində,
Ulduzun sayı boydadı.

Şeir kəsik, söz yarımçıq,
Alov böyük, köz yarımçıq.
Əlim donuq, diz yarımçıq,
Həsrəti yolu boydadı.

Ya mən ölü, ya sevgi sağ,
Sinədə qəlb, içində dağ.
Gözümdən axan yaşa bax,
Tülkünün toyu boydadı.

Sevinci pəsdi pişiyin,
Hələ bir azca üşüyür.
Qorxusu məstan pişiyin,
Siçanın payı boydadı.

Qəlb özünə tay axtarır,
Amma bir az zay axtarır,
Gör e, sevgi-zad axtarır,
Ağlı da boyu boydadı.

***

Zirvəsindəyəm artıq,
Sən çəkdiyin dağların.
Ürək ən tez düşənidi,
O solan yarpaqların.

Sürüşüb əllərimdən,
Düşür gözümün yaşı.
Dərd daşıya bilmirəm,
Gəl, dərdi məndən daşı.

Sən çəkdiyin dağlara,
Bu gecə qar yağırdı.
Tərəziyə qoy gör ki,
Dərdim ondan ağırdı.

Cəmil CƏMİLBƏYLİ

 





28.03.2019    çap et  çap et