525.Az

Xalq şairi Osman Sarıvəllinin oğlu vəfat edib


 

Xalq şairi Osman Sarıvəllinin oğlu vəfat edib<b style="color:red"></b>

Xalq şairi Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar və Jurnalistlər Birliyinin üzvü, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov martın 28-də Türkiyədə vəfat edib.

B.Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda anadan olub. Ü.Hacıbəyov adına Konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsində oxuyub və "Azərbaycan aşıq musiqi yaradıcılığı" mövzusunda diplom işini müdafiə edib.

1967-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə şurasında "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" adlı namizədlik dissertasiyasını; 1981-ci ildə 42 yaşında olanda isə Moskvada SSRİ EA-nın fəlsəfə İnstitutunda "Proqramlı musiqinin estetik prinsipləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1985-ci ildən professordur. 1990-cı illərdə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü olub. 1981-1989-cu illər arası AMEA-nın fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika bölməsinin müdiri, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri, 1992-2008-ci illərdə Türkiyədə Atatürk Universitetinin professoru, kafedra müdiri olub, 2009-cu ildən Qaziəntəp Türk Musiqisi Dövlət Konservatoriyasında işləyirdi. 1992-ci ildən Türkiyənin Atatürk Universitetinin üç fakültəsində dərs deyib.

Mərhum professor Azərbaycan və Türkiyədə Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, tanınmış elm adamlarına üç yüzdən artıq publisistik və elmi məqalələr həsr edib.

B.Qurbanovun 700-ə yaxın əsəri və 30-a yaxın kitabı çıxıb. O, türk alimləri Mehmet Takkaçla "Televiziya sənəti", "Ev tiyatrosu" kitablarını, Bilgə Seyidoğlu, dosentlər M.Karabulut, Yavuz Şen və başqaları ilə müştərək məqalələr yazaraq çap etdirib.

Dünən mərhumun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib. O, İkinci Şıxlı kəndində dəfn olunub.

Allah rəhmət eləsin!

 





29.03.2019    çap et  çap et