525.Az

"Addım-addım"ın uğurlu addımları


 

"Addım-addım"ın uğurlu addımları <b style="color:red"></b>

Azərbaycan televiziya məkanının genişlənməsi, telekanallarımızın artımı və o cümlədən, internet TV-lərin meydana çıxması tamaşaçıya sərf edən bir məqama yol açır: telemühitdə aydın görünən bir rəqabət prosesi yaranır.

Bu rəqabət, əlbəttə, daha çox reklam bazarına çıxmaqla bağlıdır. Lakin məsələn, AzTV və xüsusilə İctimai teleradionun kommersiya TV kanallarından fərqli olaraq reklam çabalarına o qədər də ehtiyacı yoxdur. Çünki kanalların hər ikisi dövlət tərəfindən maliyyələşir. Etiraf edək ki, hər iki teleradionun - həm AzTV-nin, həm də İctimai teleradionun ən yeni dönəmdəki fəaliyyəti tamaşaçı rəğbəti doğurmaqdadır. Xüsusilə maarifçiliyə, milli-mənəvi dəyərlər sisteminə köklənmiş İctimai teleradio son vaxtlar yeni studiya düzəni, yeni proqram formatları ilə, ələlxüsus informasiya təqdiminə daha fəal yanaşması ilə efirə bir sıra yenilik gətirməkdədir. İctimai teleradionun səhər efiri tamamilə yeni formatda hazırlanır və bütün kanalları qabaqlayaraq səhər efirinə birinci çıxır, həm də canlı yayımla! Burada "Dikdaban" kimi zəngin tematikaya, peşəkar aparıcılara malik maraqlı bir yeni proqram meydandadır. İqtisadiyyat, yeni texnologiya kimi problemlərə də İTV-nin öz baxış dünyası efirdə hiss olunur. O da maraqlıdır ki, İTV-nin əvvəlki proqramları da indi çoxçeşidli tematikaya, problemə yeni baxışı ilə maraq doğurur. Ayrıca qeyd etmək istərdim ki, İctimai teleradionun yeni rəhbərliyinin yeniliyə, bir az da dəqiq desəm, zamanın çağırışlarına zamanın diktəsi ilə baxması bütün proqramlarda hiss olunur və ictimai rəydə qeyd olunmaqdadır. Bu mənada uzun müddətdən bəri efirdə olan və birbaşa ictimai televiziyanın maarifçilik baxışlarına xidmət edən "Addım-addım" proqramı ətrafında fikirlərimi bildirmək istərdim. Yenə təkrar edirəm, İTV-nin bu gün efirdə olan bir çox proqramı ətrafında geniş təhlillər aparmaq olar. Çünki bu proqramlar televiziya jurnalistikasının hazırkı dönəminin xarakterini şərh etməyə tipik faktlar verir. Lakin bu anda mənim "Addım-addım" proqramını önə çəkməyimin iki mühüm səbəbi var: Birincisi, bu proqram, yenə təkrar edirəm, birbaşa maarifçilik işi görür ki, qloballaşan dünyada milli-mənəvi dəyərlərin itirilməsi təhlükəsi qarşısında gənclərə düzgün yol göstərir; İkincisi isə, proqram efirə canlı çıxır və televiziya üçün vacib olan aparıcı - qonaqlar - tamaşaçı tandeminin göstəricisinə çevrilir.

Qeyd etmək istərdim ki, mən populyar qəzetlərin, teleproqramların, saytların daimi izləyicisiyəm. Aytəkin xanım Nəsirovanın müəllifi və aparıcısı olduğu "Addım-addım" proqramının da çoxdankı tamaşaçısıyam. Bu proqram əvvəllər daha çox uşaqlara aid problemlərin alimlər, psixoloqlar, sosioloqlar tərəfindən geniş təhlillərini qoyurdu. Son vaxtlar proqramın tematikası, mövzu dünyası daha da genişlənmişdir. Proqram indi ümumiyyətlə ictimai maraq kəsb edən çoxçeşidli mövzularla daha maraqlı bir aura yaradır. Proqramın aparıcısı Aytəkin xanımın mövzuya hazırlaşması, qoyulan problemlərə jurnalist bələdliyi, qonaqları maraqlı suallarla söhbətə, özünüifadəyə cəlb etmə bacarığı "Addım-addım"ı geniş tamaşaçı kütləsinə sevdirən əsas faktorlar sırasındadır. Bir az bundan əvvəl "Addım-addım" Azərbaycanda ailə problemini, Xocalı qətliamının növbəti ildönümü ilə bağlı ayrıca mövzunu efirə çıxarması ilə yeni uğurlar qazandı. Xocalı qətliamı ilə bağlı efirə çıxarılan mövzu tamaşaçıda bir daha düşmənə nifrət yaratmaq, erməni vəhşiliyini dünyaya yaymaq, bu təbliğat işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" çağırışına dəstək olmaq kimi vəzifələri yerinə yetirdi. Proqramda Qarabağ hadisələrinin başlanğıcından onun iştirakçısı olmuş millət vəkili, yazıçı-jurnalist Aqil Abbasın, Kəlbəcər döyüşçüsü, jurnalist Elşad Eyvazlının, Xocalı faciəsində ermənilər tərəfindən əsir götürülmüş və min bir zillətlə xilas olmuş Valeh Hüseynovun, 2015-ci il Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş Milli qəhrəman Kamil Musəvinin, Cəbrayıl qaçqını Naibə Qurbanovanın efirdən əsl həqiqətləri şahid gözü ilə tamaşaçıya çatdırmaları da bizi Vətən uğrunda yeni döyüşlərə səslədi. Əlbəttə, bu verilişdə hər kəs öz vətəndaşlıq borcunu ortaya qoydu. Azərbaycan ictimai fikrində cəsarətli və dəqiq sözü ilə xüsusi rəğbət qazanmış Aqil Abbas bu anda da özünün emosional fikirləri ilə tamaşaçı sevgisi qazandı. Mən bu anda özünü "yazıçı" adlandıran, estetik "idealı" adam öldürməkdən, azərbaycanlı uşağın divara mıxlanmasından zövq alan və bunu həyasızcasına "publisistikasında" elan edən Zori Balayanı xatırladım və onu bizim Aqil Abbasla müqayisə etdim. Aprel döyüşlərində erməni gülləsindən gözünü və ayağını itirmiş Kamil Musəviyə verilən belə bir suala ki, siz əliyalın erməniyə, erməni uşağına mərhəmət göstərərdiniz?

Əlbəttə, Kamil bir mükəmməl azərbaycanlı və nəhayət, bir mükəmməl insan kimi mütləq "göstərərdim" cavabı verəcəkdi. Amma Aqil Abbasın yazıçı, sənətkar, insanlıq idealı onun tərəddüdündən ehtiyatlanıb da dərhal Azərbaycan əsgərinin heç vaxt uşağa, erməni kimi əclafın uşağına da qəddarlıq göstərməyəcəyini dilə gətirdi. Və bu anda tamaşaçı Aqil müəllimlə birləşdi: Biz zori balayanların xislətindən çox uzaq, mərhəmətli bir xalqın övladlarıyıq. Lakin mən bu ədalətsiz müharibədə Vətən yolunda ayağını və bir gözünü itirmiş əsgər Kamil Musəvinin özünün də yüksək mədəniyyətinə, nitqinə, öz fikrini ifadə bacarığına heyran qaldım.

Xüsusi qeyd edim ki, proqramın qonaq seçimi bu verilişin uğurunu həll edən əsas faktorlar sırasındadır. Martın 4-də efirə gedən musiqinin insana təsiri ilə bağlı mövzu ilk baxışdan adi bir şey kimi görünə bilərdi. Amma proqramın qonaqları - istedadlı musiqişünas Lalə Hüseynovanın, nevropatoloq Günel Ümidin, psixonevroloq Elmir Əkbərin, gənc musiqi ifaçısı Nuru Xəlillinin iştirakı proqramda qoyulan mövzunun nə qədər qiymətli olduğunu sübut etdi. Qonaqlar sırasında gənc birisinin - Nuru Xəlillinin ifaçılıq istedadı və qoyulan problemlə bağlı ağıllı, məntiqli yanaşmaları bizdə yeni gəncliyə ümidlər yaratdı. Və Bakının Müşfiq qəsəbəsində yerləşən Ağdam musiqi məktəbinin bir müəllimi və onun dörd istedadlı şagirdinin muğam ifası bir daha sübut etdi ki, həqiqətən də musiqi insan həyatının ayrılmaz hissəsidir və İTV belə bir mövzunu nahaqdan efirə çıxarmamışdır. Doğrusu, bu kiçik ansamblın Qarabağ ifaları şəxsən məni çox duyğulandırdı... Etiraf edim ki, bir neçə gün əvvəl sosial şəbəkədə təsadüfən rast gəldiyim bu müəllim - şagird birliyinin duyğulu muğam ifası məndə çox böyük təəssürat yaratmışdı. Ürəyimdən bu insanları yaxından görmək arzusu keçmişdi. Onları birdən-birə "Addım-addım"da görəndə bir daha İctimai televiziyaya minnətdar oldum.

Proqramın iştirakçısı Lalə xanımın musiqi və onun estetik tərbiyədə rolu barədə fikirləri İctimai televiziyanın maarifçilik siyasətinin birbaşa göstəricisi oldu. Bir daha təkrar etmək istərdim ki, qoyulan mövzulara dair proqramın qonaq seçimi çox düzgün və effektli olur. Bu fakt bu dəfə də özünü göstərdi. Müxtəlif telekanalların maarifçi proqramlarında tez-tez iştirak edən psixonevroloq Elnur Əkbərin musiqiyə dair fikir və təhlilləri yaddaqalan oldu. Nevroloq Günel Ümid musiqinin tibbi baxımdan xeyir və zərərini aydın faktlarla izah etdi.

"Addım-addım"ın mövzuları həmişə aktual olur. Elə martın 11-dəki verilişdə yeniyetmələr və gənclərlə bağlı mövzunun özü də çox aktual idi. Ən çox ona görə ki, bu gün gəncliklə bağlı, milli dəyərlərə gənclərin heç də həmişə birmənalı olmayan yanaşmalarını milliliyə kökləyən verilişlərə indi çox ehtiyac var. Budəfəki qonaqların - Uşaq Qaynar Xəttinin koordinatoru Kəmalə Aşımovanın, Tibb Universitetinin Uşaq, yeniyetmələrin sağlamlığı və Əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayevanın, psixoloq Tariyel Faziloğlunun, 60 nömrəli orta məktəbin müəllimi Yeganə Hüseynovanın, Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovanın problemə elmi-praktik yanaşmaları tamaşaçıya çox şey verdi. Aktrisa Şəbnəm xanımın uşaq və yeniyetmə tərbiyəsində şəxsən öz təcrübəsindən çıxış etməsi və bu təcrübənin uğurlu nəticələri bir tamaşaçı kimi şəxsən məndə çox böyük təəssürat yaratdı.

Mən ürəyimdə çoxdan kök salan bu məqaləni "Addım-addım"ın hər buraxılışından sonra mətbuata təqdim etmək anında bir az duruxmuşam və yenidən həftənin bazar ertəsinin axşam saatını gözləmişəm: qoy görüm, bu dəfə hansı mövzu qoyulacaq və proqramda kimlər iştirak edəcək. Oxucular məni təkrarçılıqda qınamasın, çünki mən artıq, deyəsən, dördüncü dəfə olacaq ki, teleproqramda mövzu və onunla əlaqəli olan qınaq seçiminin vacib atribut olduğuna qayıdıram.  Və nə yaxşı ki, mən "Addım-addım"ın 18 mart buraxılışını da gözləmişəm. Proqramın budəfəki mövzusu Novruz bayramı, onun milli dəyərlər sistemində yeri kimi vacib bir məsələylə bağlı oldu. Əlbəttə, Novruz ərəfəsində bütün telekanallar bu mövzuda konsert proqramları, tamaşalar, yerlərdən canlı yayımlar göstərdilər. Lakin mən yenə də ictimai teleradionun ən vacib vəzifələrindən biri, bəlkə də birincisi olan maarifçilik missiyasını qabartmaq istərdim. Gəlin etiraf edək, bir var Novruz kimi bir bayramın ritual faktlarını sujetlərlə, yaxud teatral göstəricilərlə praktik nümunələrini təqdim edəsən, bir də var bu bayramın tarixi köklərini, milli-mənəvi dəyərlər sistemində yerini, qloballaşan dünyada milli dəyərlərə qlobal basqılar anında onun qorunmasının millətə nə qədər vacib olduğunu aydın faktlarla - birbaşa maarifçilik məqsədilə efirə çıxarasan. İctimai televiziya ikinci istiqaməti əsas tutaraq sahənin çox mükəmməl bilicilərilə belə bir proqram qoydu ortaya.

Mən proqramın qonaqlarının səmimi söhbətlərini, dialoq, bəzən poliloq ustalıqlarını, Novruzun bütün detallarını təhlil etmək bacarığını xüsusi qeyd etmək istərdim.

AMEA-nın Folklor İnstitunun əməkdaşı, filologiya elmləri doktoru Seyfəddin Rzasoyun Novruz bayramına elmi-praktik-publisistik yanaşmaları, həkim-psixoloq Təranə xanım Kazımlının aydın nitqi və faktları şərh etmə səviyyəsi, həkim-dietoloq Fuad Məcidovun qiymətli məsləhətləri, Əməkdar artist, hamımızın sevimli müğənnimiz Aybəniz Haşımovanın sənətkar ləyaqəti, onun tələbəsi, yeniyetmə Həsən Əliyevin musiqi istedadı tamaşaçını riqqətə gətirdi. Və... mən Əməkdar İncəsənət Xadimi, professor Aydın Talıbzadəni qəsdən axıra saxladım. Axıra saxladım ki, yüksək intellektual səviyyəsinə görə ona xüsusi tamaşaçı təşəkkürü bildirim...

Beləliklə, "Addım-addım"ın budəfəki buraxılışı da öz uğur göstəriciləri ilə İctimai televiziyanın maarifçilik missiyasını bir daha ortaya qoydu.

Mən əlimə düşən bu yazı fürsətindən istifadə edərək İctimai televiziyanın proqramlara, mövzulara, təqdimatlara aparıcı müstəqilliyinə yeni yanaşma prinsiplərini, proqram yeniliyindən tutmuş studiya yeniliklərinə qədər çox sahədə yaratdığı yeni yanaşmalarının cəmiyyətdə təqdir olunduğunu məmnuniyyətlə bildirmək istərdim.

Bütün bunlar İctimai televiziyanın bir tipoloji media qurumu olaraq maarifçilik siyasətində uğurlu addımları sırasındadır. "Addım-addım"a və bütövlükdə son vaxtlar yeni uğurlara imza atan İctimai teleradioya öz təşəkkürümü bildirirəm.

Ruhəngiz ƏLİYEVA
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





29.03.2019    çap et  çap et