525.Az

Hiperreal dünya - Günel İmran


 

Hiperreal dünya - <b style="color:red">Günel İmran </b>

Bir gün internetdə musiqi axtararkən bəstəkar robot Şimonun marinbada ifası qarşıma çıxdı. Dördəlli robot  7 il ərzində  beş minə yaxın musiqi dinlədikdən sonra öz bəstəsini yaratmışdı. Bethovenin 5-ci simfoniyasından bəstəkarlığı öyrənən süni intellekt...

Yəqin, belə getsə, yaxın gələcəkdə bütün  dünya ədəbiyyatını  oxumuş bir yazıçı robot da ortaya çıxacaq. Oxuduğu əsərlər nəticəsində hipermətnli romanlar yazacaq.

Hazırda mühəndisləri düşündürən əsas məsələ süni intellektə insana xas mənəvi parametrlər yükləməkdir. Robot, robototexnika anlayışlarının banisi məhz yazıçılar olduğundan bu fikirlər ilk olaraq elmi fantastikada yaranmışdı. Robot haqqında yazılmış ən təsirli əsərlərdən biri, məncə, Ayzek Azimovun "İki yüz yaşlı adam"ıdır. Həyatın mənasını axtaran, insan olmağın ecazkarlığını insanlardan daha çox anlayan robot Endrü həqiqi insan olmaq üçün iki yüz illik uzun bir yol qət edir. Ölümsüz robot olmaqdansa, insan kimi sonlu həyatı seçir.

İlk robotlardan biri olan Endrü əvvəlcə dərisinin quruluşu ilə insana bənzəyən üzvi robota çevrilmək istəyir. Bunu etdikdən sonra Endrü onu insana çevirəcək ixtiraları özü kəşf edir. İnsan olmaq istəyi isə yaradıcılıqla başlayır. Taxtadan fiqurlar, heykəllər yaratdığı emalatxanasında keçirdiyi vaxt onun insan olmaq arzusunu formalaşdırır. Dolayısı ilə yaradıcılıq onu insana çevirir. Bu əsərin ssenarisi əsasında Robin Uilyams baş rolu canlandırdığı film də çəkilib. Bəli, bir neçə il əvvəl üçün bu, təsirli bir fantastik əsər idi. Bu gün isə artıq texnoloji gerçəklikdir. Bodriyarın dediyi kimi, simulyasiya ilə reallıq arasındakı sərhədlər yox olub. Jan Bodriyarın 1981-ci ildə "Simulyasiya və simulyakr" əsəri ilə irəli sürdüyü simulyasiya nəzəriyyəsi bu gün bütün sahələri əhatə edir.

Onun fikrincə, hər şey bir simulyasiyadır, əsli olmayan reallıq modelinin törəməsidir. Elmi fantastika isə hiperreal dünyada özünü tükəndirməkdədir. Həqiqətən məsələ  gerçəklə süninin arasında fərqin itməsidir. Reallıq artıq utopiyaya çevrilib. Hansı ki, artıq gerçəkləşdirmək mümkünsüzdür. Sadəcə biryolluq itirilmiş kimi yalnız xəyalını qurmaq olar. Təxəyyülə də  ehtiyac qalmayıb. Bu gün hər kəsin öz real dünyası ilə sərhədləri silinmiş bir virtual dünyası da var. Hansının həqiqi hansının simulyasiya olduğunu anlamaq mümkün deyil. Bu gün insan klaviatura ilə danışır, hisslərini emoji ilə ifadə edir. Bunun yaxşı və ya pis olduğunu müzakirə etmək yersizdir. Çünki bu, dövrümüzün  hiper gerçəkliyidir. İnsanlığımızı qoruyaq ki, rəqəmsal dünyanın, texnologiyanın sürətli inkişafı insani hisslərimizi azaldıb bizi robota çevirməsin!

 





29.03.2019    çap et  çap et