Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poez
iyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!
Esmira FUAD
Filologiya elmləri doktoru
SƏİD QARABULUD
1962-ci ildə Xoy şəhərində anadan olub. Doğma şəhərində orta təhsil aldıqdan sonra, 1981-ci ildə Təbrizdəki Şəhid Rəcai adına pedaqoji məktəbə daxil olub. 1990-cı ildə Tehran Universitetinin pedaqoji bölümünü bitirib.
Elə həmin ildən də doktorluq dərəcəsi almaq üçün "Mücrəddin Beyləqaninin divanı və Azərbaycan ədəbi-ictimai durumu"adlı tədqiqat mövzusu üzərində işləməyə başlayıb və elmi işini uğurla başa çatdırıb.
S.Qarabulud universitetdə ali təhsilini fars dili və ədəbiyyatı üzrə alsa da, ədəbi yaradıcılığı türk ədəbiyyatı ilə bağlıdır. Elmi tədqiqatını türkdilli şairlərin yaradıcılığı üzərində aparan Səidin fars dilində araşdırmaları da Azərbaycan ədəbi məktəblərinə və Azərbaycan şairlərinə həsr olunub. Onun kürd dilini dərindən bilməsi bu dildə yaranmış ədəbiyyatı elmi tədqiqata cəlb etməsinə səbəb olub, bir sıra kürddilli şairlərin şeirlərini türkcəyə çevirib.
Dustaqlıqda qamçı
Dustaqda qalmışam ağ bir quş tək,
Səslənir göydə qamçı hürüş tək,
Oddur yapışar cana öpüş tək,
Heç görmüsən qoşa qamçı vuralar?
Qələm qorxusu
Ağ buludlar görərkən dedi:
Yenə
Qələmi ələ alıb
Yel atı tək
Mavi göylərdə
Çapar get.
At oynadıb, duman et -
Sanki buludlarda
Atı qovarkən,
Susqun qaranquya yatıb.
Qorxudan
Ürəyim titrəyib keçindi!
Qələmin nalından
Bir qor qalxıb sönərkən...
Qayanı tapıb -
Ulduzlara, sönməz qoplara -
Qartı oldum.
Yola düşüb
Saman yolun
Dalda qoydum...
Haray
Bir harayam, susdurulmuş boğazlardan haraylanıram,
Yağıyam, üsyanam, könüldən qalxıb yaylanıram.
Dənizlərdə dalğayam, könüllərdə çalğıyam,
Damcı qanam, danam, eldən doğulub boylanıram.
Dustaqlardakı zəncirə, boyunlardakı kəndirə,
Kəskin bıçağam, sönməz ocağam, hey oylanıram.
Nigarançılıq
Arazın o tayından nigaran olmasaydım,
Yanağımdan qanlı yaş damlası yolmasaydım,
Yaşam karvanı ilə bulud tək dolmasaydım,
Ürəkdən yazmaq üçün qələmə ağlamazdım.
Dağında yağı olan Nəbilər olmasaydı,
Açmadan miməklərin bağında solmasaydı,
Analar torpaq üstə saçını yolmasaydı,
Ürəkdən yazmaq üçün qələmə ağlamazdım.
RUQƏYYƏ KƏBİRİ
1963-cü ildə Xoy şəhərində anadan olub. İbtidai və orta məktəbi doğulduğu şəhərdə bitirib. Təbriz Universitetinin Tibb fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləyib. Yaradıcılığa erkən yaşlarından başlasa da, uzun müddət əsərlərini nəşr etdirə bilməyib. Müəllifin bədii yazıları şeir, nəsr, ssenari, ədəbi tənqidi məqalə və tərcümələrdən ibarətdir.
Ədəbiyyat sahəsində şair Kiyan Xiyavla birlikdə qələmə aldığı "Bir ocaqda iki kül topası" adlı şeir toplusu, "Bu qapı heç döyülməyəcək" və "İçimdəki qız" hekayələr kitabları ilə tanınıb.
Güney Azərbaycanın ən məhsuldar yazarlarındandır. Son illərdə "Quşlar daha qorxmurlar", "Evim" və "Yerdən uca torpaq" romanları və "Dünya qabar çalıb, yoldaş!" hekayələr kitabları, eləcə də Çinə səfərindən bəhs edən "Saçaqdan asılmış əjdaha" adlı səfərnaməsi işıq üzü görüb. Rejissor Qadir Fərivər "Qar yağır" hekayəsi əsasında "Qartal" adlı film çəkib. Bakıda 2012-ci ildə "Azadlıq" radiosu tərəfindən keçirilən hekayə və şeir müsabiqəsində "Mavayl" adlı hekayəsi birinci yerə layiq görülüb.
2016-cı ildə isə "Varlıq" dərgisinin keçirdiyi hekayə müsabiqəsində "Məni Aqorada yandırın" hekayəsi üçüncü yerin qalibi olub.
Məni Dan ulduzundan keçirt
Ac gözlüyəm,
Tamahkaram,
Bilmirəm nəyəm!
Bəlkə də ac qurdam...
Ruhumu sənin coğrafiyanda gəzdirməyə
Bir dəqiqə,
Beş
On beş dəqiqə yetərli deyil.
Unutma!
Mənə min dörd yüz qırx dəqiqə ödəməlisən!
Saatımın sarqacı donuq,
Bu gecə yarıldığında
Saniyələrı kipriklərim sayacaq,
Gözüm yol çəkəcək gəldiyin yolun ilğımında.
Gəldiyində
Donmuş saatıma
Yer kürəsinin qızğın nöqtəsindən asılmış sarqacı gətir,
Samburan dağlarından aş,
Gəl də məni dan ulduzundan keçirt,
Göyün onyeddinci qatında qonaqlanaq,
Zaman
Dönsün tarıxdən öncəyə...
Mədəniyyət mərkəzindən uzaq bir noqtədə,
Mənə borclu olduğun min dörd yüz qırx dəqiqəni
Səksən altı min dörd yüz dəfə,
Saniyə-saniyə
Sayaq nəfəslərimizlə...
Gecənin doqquz otuzu...
Soyğun var içimdə,
Doqquz otuz beşdə tutuqlanıram,
Çalıb-çapdığım sevgini məhkəməyə buraxıram.
Soyğunçu mən,
Hakim mən,
Tək başına qazi önündəyəm...
Saatın on bir otuzu!
Etiraf edən mən,
Özümü savurub sovuran mən,
Yaln ızlığa məhkum olan mən,
Tıq...tıq...tıq...
Qazi masasında on iki dəngəsiz tıqqıltı,
Adsız zaman...
Əqrəblər bir-birinə sancılan,
Birləşdiyi,
Sevişdiyi an
Səs Tanrısının səssizliyi...
Yalnızlığım qulağımda zil çalır
Qaranlıq
Sükuta cumur...
2
Sən,
Təbriz boyunda bir şəhər...
Səndə yeriyim, yatım, oturum, qalxım.
Sənin torpağını
Fransa ətiri kimi
Saçlarıma yayım...
Göy məscid,
Sənin boğazından günorta əzanı səslənsin...
Qoşuqlarının dizəsi kimi
Amir bazarında
Altın çərçivə toxu
Bazarın bir parça sınıq kərpicinə...
Səndən bir töhfə mənə
Qoy boyunbağım olsun!
Qarına,
Kuləyinə,
Yağışına,
Dumanlı günlərinə belə dözərəm...
Sən Təbrizim ol,
Gəl, səndə yaşayım!..
Gözümün quraqlığı
Gözəlim Bakı!
Səndən aldığım ödülə deyil,
kirpiklərimin arxasında
gözlərimə toxunmadan
bəbəklərimə baxdın deyə,
duyğulanıram.
Yanaqlarıma,
dodaqlarıma bir toxunsaydın,
kokum sarmaş-dolaş
yüksələrdi Oğuz qalasına -
Qız qalasına.
Dənizə bağışladığın nəfəsin
Toxunsaydı nəfəsimə,
Xəzər dalğalanardı tənimdə...
Gözəlim Bakı!
İndisə səninlə üz-üzə, göz-gözə
və ağlımızda ilmək-ilmək toxunan ipək buludlar
gözlərimin quraqlığına yağır.
Tarixin yanlışlarını ödəməyə gücüm yox,
itirdiyim gəncliyim bir gecədə
qurban kəsildi illərimin uğuruna.
Əllərimdən tutmasan belə, utancaq gözlərim
sığındı sənin baxışlarının kölgəsinə...
Səssiz-səmirsiz sənə tutunan duyğularımı
ovcumda tuturam yaralanmış incəcik ruhumu...
Göyərçinlər qanadlanır
Təbrizin havasında,
Gözəlim Bakı...
çap et