525.Az

Mediasiya ilə bağlı qanun layihəsi birinci oxunuşdan keçdi


 

Mediasiya ilə bağlı qanun layihəsi birinci oxunuşdan keçdi<b style="color:red"></b>

Azərbaycanda ailə, əmək, iqtisadi mübahisələrin həlli ilə bağlı alternativ qurum yaradılır. Bununla bağlı “Mediasiya haqqında” yeni qanun layihəsi hazırlanıb.

Qanun layihəsi parlamentin dünən keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏIi Hüseynli qeyd edib ki, ölkə prezidentinin imzası ilə MM-ə təqdim olunmuş yeni qanun layihəsinin ilkin variantı 5 fəsil  və 39 maddədən ibarətdir: “Qanun layihəsinə görə, mediasiya - tərəflər arasında yaranmış ailə, əmək, iqtisadi və s. xarakterli mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həllinə yönəlmiş prosesdir. Bu qanun məhkəmələrin iş yükünün azaldılmasına xeyli dərəcədə kömək edəcək. Eyni zamanda, “Mediasiya haqqında” qanun bu prosesin təşkili sahəsində ictimai münasibətləri tənzimləyəcək, mediasiyanın məqsəd və prinsiplərini, həyata keçirilmə qaydalarını, həmçinin, mediatorun statusunu müəyyənləşdirəcək. Qanun layihəsinin komitədə ilkin müzakirəsindən sonra 31-ci maddə ilə bağlı müvafiq təkliflər olundu. Bu təkliflər qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektə çatdırıldı. Beləliklə, qanunun 31-ci maddəsi çıxarıldı”.

Qeyd edək ki, 31-ci maddə cinayət və inzibati xətalar haqqında işlər üzrə mediasiyanın xüsusiyyətlərini özündə ehtiva edirdi.

Müzakirələrdə çıxış edən deputat Elmira Axundova bu qanunun tətbiqinin 2021-ci ilə keçirilməsini təklif edib. Eyni zamanda, bu quruma kimin nəzarət edəcəyini və hansı yolla maliyyələşdiriləcəyi ilə bağlı məsələni də qaldırıb: “Bu, çox inqilabi bir sənəddir. Çünki Azərbaycanda məhkəmə mübahisələri, hakimlərinin yükünün azaldılması ilə yeni qurumun yaradılması nəzərdə tutulur. Heç kimə sir deyil ki, ölkədə hakimlərin iş yükü həddindən artıq çoxdur və nəticədə də məhkəmə işləri bəzən illərlə uzanır, insanlar bundan böyük əziyyətlər çəkir. Bu baxımdan, yeni qurumun, moderatorların institutunun yaradılması bu məsələdə öz mühüm rolunu oynaya bilər və oynayacaq”.

“Mediasiya haqqında” qanun layihəsinə görə mülki və ailə mübahisələri ilə bağlı icbari olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət edilməlidir”. Bunu çıxışında  deputat Qüdrət Həsənquliyev söyləyib. O deyib ki, bu halda tərəflər müəyyən xərclər ödəməlidirlər: “Mediasiya xərcləri kifayət qədər genişdir. Tutaq ki, rüsum müəyyənləşəcək, digər məsələlər açıq qalacaq”. O bildirib ki, mediasiya institutu məhkəmələrin işinin azaldılması üçün nəzərdə tutulur. Q.Həsənquliyev nəzərə çatdırıb ki, Azərbaycanda adətən, yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetiriblər: “Biz harada görmüşük ki, 25 yaşlı gənc tərəfləri barışdırmaq missiyasını yerinə yetirsin? Ona görə də mediatorlarla bağlı yaş həddi də ən azı 30 yaşa qaldırılmalıdır”.

Deputat Əflatun Amaşov isə qeyd edib ki, mediasiya özü Azərbaycan ictimaiyyəti üçün yenilikdir: “Düşünürəm ki, bununla, ümumən qanunla bağlı ictimai müzakirələr təşkil edilməlidir. Cəmiyyət belə bir institutun olmasından, faydasından daha çox xəbərdar olmalıdır. Daha bir məqama da diqqət yetirmək istəyirəm. Layihə xeyli əhatəli hazırlanıb. Orada mediasiya prosesindəki demək olar, bütün cəhətlər nəzərə alınıb. Qanun imkan verəcək ki, mediasiya həyatımızın ən müxtəlif sahələrindəki mübahisələrə nüfuz etsin, onların aradan qaldırılmasına kömək göstərsin. Amma bu institutu işlək hala gətirmək istəyiriksə, ilk növbədə maliyyəsinə önəm verməliyik. Qanun layihəsinin yalnız 19-cu maddəsində qeyd edilir ki, Mediasiya Şurasının əmlakı üzvlük haqları, qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Mətbuat Şurasının uzunmüddətli təcrübəsindən faydalanıb deyə bilərik ki, Mediasiya Şurası ciddi maliyyə mənbəyi olmasa, ən azı ilk dövrlərdəki fəaliyyətini geniş anlamda qurmaqda çətinlik çəkəcək. O, Mediasiya Şurasının digər mənbələrlə yanaşı, dövlət büdcəsindən də maliyyələşməsini təklif edib.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





30.03.2019    çap et  çap et