525.Az

İlham Əliyev: “Dövlət hər zaman vətəndaşın yanındadır”


 

“AZƏRBAYCANDA DÖVLƏTİN TƏBİİ FƏLAKƏTLƏRDƏN VƏ TEXNOGEN QƏZALARDAN ZİYAN ÇƏKƏN İNSANLARA VERDİYİ DƏSTƏYİN ARDICIL XARAKTER DAŞIMASI NADİR SOSİAL HADİSƏDİR”

İlham Əliyev: “Dövlət hər zaman vətəndaşın yanındadır”<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev martın 28-də Bakının Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar müşavirə keçirib.
 
Məsələni şəxsi nəzarətinə götürən dövlət başçısı yanğın zamanı obyekt sahiblərinə dəyən maddi ziyanın dövlət yardımı fomasında qarşılanması, hadisənin səbəblərinin qısa vaxt ərzində müəyyənləşdirilməsi üçün müvafiq komissiyanın yaradılmasına dair sərəncam imzalayıb.

Prezident İlham Əliyev müşavirədə martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlət başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib: “Biz sahibkarların problemlərini həll etməliyik… Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik”.

Prezident İlham Əliyev martın 27-si və 28-də Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini xatırladıb. Dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

“Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqlənib. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, dövlət sahibkarların yanındadır.

Dövlət başçısı əlavə edib ki, adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır: “Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlayıb və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilib. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq”.

Prezident qeyd edib ki, təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir: “Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”.

Dövlət başçısı vurğulayıb ki, maliyyə dəstəyinin göstərilməsi operativ qaydada təşkil edilməlidir: “Eyni zamanda, onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar”.

Ölkə rəhbəri hesab edir ki, görülmüş və görüləcək tədbirlər nəticəsində sahibkarlar bir daha görəcəklər ki, dövlət hər zaman onları dəstəkləyir: “Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə - həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir. Bildiyiniz kimi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanındadır və onların yanında olacaq”.

Ticarət mərkəzində baş vermiş yanğın zamanı obyekt sahiblərinə dəyən ziyanı dövlətin öz üzərinə götürməsi, qısa müddət ərzində aradan qaldırılması istiqamətində fəaliyyətə başlamasını yüksək qiymətləndirən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən sahibkarlara dövlət yardımının verilməsi ilə bağlı tapşırığı Azərbaycan vətəndaşlarının problemlərinin həllinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha göstərib. O, “Trend”ə bildirib ki, Prezident İlham Əliyevin bu tapşırığı təkcə həmin sahibkarlar tərəfindən deyil, ümumilikdə bütün cəmiyyət tərəfindən çox müsbət qarşılanıb:

“Dünyanın heç bir ölkəsində bu cür qərarlar qəbul edilmir. Belə işlərlə adətən sığorta şirkətləri məşğul olur. Əfsuslar olsun ki, yanğından ziyan görmüş sahibkarlar vaxtında öz mallarını sığorta etdirməmişdilər. Buna baxmayaraq dövlət həmişə olduğu kimi, bu dəfə də öz vətəndaşlarını tək qoymadı, prezident sahibkarların üzləşdiyi problemin dərhal aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq verdi”.

Deputat əlavə edib ki, Azərbaycan dövləti əhalinin rifahını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər görür: “İqtisadi və institusional islahatlar həyata keçirilir, bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsinin daha da azalması üçün işlər görülür. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili və onun rifahı dayanır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dövlət başçısının ölkədə cərəyan edən bütün proseslərə çevik reaksiyasının, vətəndaşların problemlərinə həssas və qayğıkeş münasibətinin, özəl sektora, sahibkarlığa verdiyi dəyərin göstəricisidir.

O, “Azərtac”a bildirib ki, dünyanın heç bir ölkəsində dövlət təbii fəlakətlər və texnogen qəzalar zamanı vətəndaşların mülkiyyətinə dəyən ziyanın ödənilməsini öz üzərinə götürmür: “Bu baxımdan, Azərbaycanda dövlətin təbii fəlakətlərdən və texnogen qəzalardan ziyan çəkən insanlara verdiyi dəstəyin ardıcıl xarakter daşıması nadir sosial hadisədir”.

E.Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısı yaranmış problemə münasibətdə yenə də konseptual yanaşma sərgiləyib: “Azərbaycan prezidenti yanğından ziyan çəkən sahibkarların öz iş yerlərini, öz əmlaklarını itirdiklərini, onlara maddi ziyan dəydiyini, hətta bəzilərinin borc müqabilində aldıqları malları satışa çıxardıqlarını bildirib. Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev yanğın nəticəsində ziyan çəkən vətəndaşların problemləri ilə bağlı müfəssəl və ən incə detallarınadək təhlil edilmiş informasiyaya malikdir və dövlət başçısının problemin aradan qaldırılması ilə bağlı qəbul etdiyi qərarların, verdiyi göstərişlərin əsasında ciddi analitik yanaşma dayanır. Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinə tapşırıq verib ki, ticarət mərkəzində çalışan sahibkarların hər biri ilə fərdi qaydada görüş keçirilsin, onların problemləri dinlənilsin və onlara dəstək göstərilsin. Bu fərdi yanaşma Azərbaycan prezidentinin insan amilinə nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Bu yanaşma kütləvi deyil, konkret şəxslərə və onların hər birinin ayrı-ayrılıqda fərqli olan problemlərinin həllinə yönələn yanaşmadır”.

Baş redaktorun sözlərinə görə, dövlət başçısının ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafının böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlı olduğunu vurğulaması, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlətin hər zaman sahibkarların yanında olduğunu və bundan sonra da olacağını qeyd etməsi iş adamları üçün böyük stimuldur: “Bu, həm də prezidentin ölkə iqtisadiyyatının şaxələndirilməsi və iqtisadi inkişafla bağlı strateji hədəflərini nümayiş etdirir”.

“Azərbaycan prezidenti çıxışında sığorta sahəsində olan boşluqlara da diqqət çəkdi. Bu, olduqca mühüm məqamdır. Çünki sığorta sahəsindəki boşluqları aradan qaldırmadan özəl sektorun dayanıqlı və ardıcıl inkişafına, vətəndaşların mülkiyyətinin təbii fəlakətlər və texnogen qəzalardan sığortalanmasına nail olmaq çətindir. Bu halda dövlət bütün ağırlığı öz üzərinə götürmək məcburiyyətində qalır. Sığorta sahəsindəki boşluqların aradan qaldırılması isə dövlət vəsaitlərinin digər sosial sahələrə yönəldilməsinə zəmin yarada bilər”, - deyə ekspert əlavə edib.

E.Mirzəbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən son müşavirə dövlət başçısının hər addımı ilə vətəndaşın yanında olduğunu bir daha sübuta yetirdi: “Bir sözlə, dövlət başçısı bu dəfə də öz vətəndaşını darda qoymadı”.

Deputat Tahir Mirkişili isə qeyd edib ki, “Diqlas” Ticarət Mərkəzində yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı verilən tapşırıq dövlət başçısı İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır. O, SİA-ya bildirib ki, dünyanın heç bir ölkəsində bu cür hadisələr zamanı vətəndaşlara dəyən ziyan dövlət tərəfindən ödənmir: “Lakin bu hadisədən dərs götürüləsi məsələlər çoxdur. Təbii ki, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir. Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3 faizi həcmindədir. Yəni bir mağazada 50 000 manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər”.

T.Mirkişili hesab edir ki, sığorta məsələsində sahibkarların ciddi maarifləndirilməsinə ehtiyac var.

Ceyhun ABASOV

 





30.03.2019    çap et  çap et