525.Az

Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi


 

GƏLƏN İLİN ƏVVƏLİNDƏN ƏLİLLİYİN QİYMƏTLƏNDİRİLMƏSİNƏ DAİR YENİ MEYARLARIN TƏTBİQİ GÖZLƏNİLİR

Əlilliyi olan şəxslərin hüquqları: <b style="color:red">Qanunvericilik və onun tətbiqi</b>

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətdə əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyası prioritet istiqamətlərdəndir.
 
Bu kateqoriyadan olan şəxslərin sosial-iqtisadi problemlərinin həlli, cəmiyyət həyatında aktiv iştirakı istiqamətində addımlar atılır. Onların aktiv həyata qaytarılması - sosial problemlərinin həlli, işlə təminatı istiqamətində həyata keçirilən fəaliyyət nəticəsində müsbət meyllər nəzərə çarpır: Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası yaradılıb, sağlamlıq və reabilitasiya mərkəzləri fəaliyyət göstərir, sağlamlıq məhdudiyyətli vətəndaşlarımız məşğulluq proqramlarına cəlb olunur, onların idman hərəkatında aktiv iştirakı istiqamətində addımlar atılır. Həmçinin, əlilliyi olan şəxslərin, o cümlədən, sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması və cəmiyyətə inteqrasiya olunması məqsədi ilə ümumrespublika bədii yaradıcılıq müsabiqələri keçirilir.

Bu xüsusda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramlarını qeyd etmək olar.

Nazirlikdən verilən məlumata görə, proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, eləcə də respublika daxilində müalicə olunmalarına köməklik göstərilməsi, həmin şəxslərə diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi kimi tədbirlər yer alır. Sənəddə, həmçinin, qeyd olunan şəxslər arasında idman tədbirlərinin təşkil edilməsi, habelə onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi yardımların göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yönələn bir sıra layihələrin həyata keçirilməsi, sosial xidmət müəssisələrinə texniki yardımların göstərilməsi və s. tədbirlər əksini tapır.

Ancaq bütün bunlar kifayət edirmi? Bəzən bu təbəqədən olan insanlarda inamsızlığı, neqativ düşüncəni aradan qaldırmaq mümkün olmur.

Müşahidələr göstərir ki, xüsusilə sonralar sağlamlığında müəyyən məhdudiyyətlər yaranan şəxslərdə özünəqapanma yaranır, onlar yanlış olaraq cəmiyyətə heç bir fayda verə bilməyəcəklərini düşünürlər. Üstəgəl, ətrafdakıların münasibətdə xeyirxahlıqdan irəli gələn qeyri-adi rəftarının dərəcəsinin bəzən həddən artıq olması keçirdikləri neqativ hissləri daha da gücləndirir. Halbuki əlilliyi olan şəxslər cəmiyyətdən normal münasibət gözləyir, yalnız hüquqlarının qorunması, sosial həyatda aktiv iştirakının təmin olunması istiqamətində daimi həssaslıq və diqqət tələb edirlər.

Məsələn, gənc yazar Cəmilə Məmmədli əliliyi olan şəxslərə münasibətin birmənalı olmadığını düşünür. O hesab edir ki, cəmiyyət əliliyi olan şəxslərin normal olduğunu dərk etməyə başlasa, pis olmaz: “10 milyon əhalimiz, 500 mindən çox əliliyi olan vətəndaşımız var. 20 nəfərdən biri əlilliyi olan şəxsdir. 100 nəfərdən yalnız 2-si yaşılgözdür. Adi olması üçün bundan artıq nə lazımdır? Özümü normal görürəm. Əlil arabamı keçəlin taxma saç, dişləri olmayanın protez diş taxmasından fərqli görmürəm, onlara göstərilən münasibətdən artığını sünilik kimi qiymətləndirirəm”. 

C.Məmmədli qeyd edib ki, birinci qrup əlillərin həftədə 36 saatdan artıq işləməyinin qanunla qadağan olunması bir çox rəsmi iş imkanından məhrum olmasına səbəb olub: “Ona görə də mütləq 36 saat qanununa istisnalar edilməsi, yaxud ərizəylə imtinanın mümkün olmasını istərdim. Dövlətin qayğısı bu mövzuda ailənin qayğısına çevrilib: dəstək olmaqdan çox çətinlik törədir”.

Gənc yazar əlilliyi olan şəxslərin nəqliyyat sistemində hərəkət etməkdə bir sıra çətinliklərlə üzləşdiklərini də deyib: “İctimai nəqliyyat vasitələri, xüsusilə metro əliliyi olan şəxslər üçün daha əlçatan olmalıdır. Bu, istər lift, müyəssərlik, istər Brayl əlifbalı düymələr, səsli bildirişlər, istərsə də izahedici şəkillərlə olsun - cəmiyyətin hər üzvü üçün rahat olmalıdır. Xüsusilə, 20 nəfərdən biri üçün...”.

Qadınlar arasında parataekvondo üzrə dünya çempionu Röyalə Fətəliyeva da hesab edir ki, əliliyi olan şəxslərə yanaşma dəyişməlidir: “İdmanla əlaqədar çox ölkədə oluruq. Başqa ölkədə heç kəsə bizə qəribə baxmır. Lakin təəssüf ki, ölkəmizdə adi yolla gedəndə belə, o qədər söz eşitməli olursan ki... Adi bir şey deyim: başqa ölkədə idmançılarımız rahat gəzirlər, zərrə qədər kompleks etmirlər. Amma ölkəyə girən kimi, elə hava limanındaca nəzarətçilərin qəribə baxışlarına məruz qalırıq”.

“Öz adımdan danışım, əvvəllər çox kompleks edirdim. Çölə çıxıb kiminsə baxışını, sözünü eşitməkdənsə, evdə oturmağı üstün tuturdum. Amma idmanla məşğul olmağa başlayandan sonra fikirlərim dəyişib. Deyə bilərsiz ki, hə, idmana görə başqa ölkələrə getmisiniz, dünyagörüşünüz dəyişib, ona görə komplekslərdən azad olmusuz. Yox, qətiyyən belə deyil. İstər idmanla məşğul ol, istər başqa sahədə çalış - mütləq çölə çıxmaq, cəmiyyətə qarışmaq lazımdır. Gözləməyin ki, cəmiyyətin sizə qarşı fikri dəyişsin, sonra arzularınızın ardınca gedəsiz. Qətiyyən”, - deyə dünya çempionumuz bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsinə dair hazırlanmış yeni meyarların təsdiqi ilə bağlı cari ildə müvafiq qanunvericiliyin qəbulu nəzərdə tutulur: “Gələn ilin əvvəlindən həmin yeni meyarların tətbiqinə başlanması gözlənilir”

Nazir əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında hazırlandığını deyib. O qeyd edib ki, bununla əlaqədar xəstəliklərin insan orqanizminin funksiyalarında, özünəqulluq və fəaliyyət qabiliyyətində hansı dərəcədə məhdudiyyətlər yaratması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin işçi qrupları tərəfindən geniş araşdırmalar aparılıb.

S.Babayev yeni meyarların tətbiqinə keçidlə əlaqədar müvafiq həkim və ekspertlər üçün təlim və treninqlərin keçiriləcəyini də diqqətə çatdırıb.

Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarların hazırlanması və tətbiqi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya və əmək fəaliyyətinə davam etmək imkanlarının artırılmasına xidmət edir. Yeni meyarlar əlilliyin orqanizmin öz funksiyalarını itirməsinin, fəaliyyət qabiliyyətinin məhdudlaşmasnın faiz qiymətləndirməsi əsasında təyin olunmasını nəzərdə tutur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı-alim Vüqar Bayramov isə hesab edir ki, əliliyi olan şəxslərin sosial inteqrasiyası təkcə sosial yardımlarla yekunlaşmamalı, paralel olaraq maarifləndirmə, psixoloji fəaliyyət həyata keçirilməlidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il bu istiqamətdə fəaliyyət planı hazırlayır. Məqsəd qeyri-hökumət təşkilatlarını əlillərin cəmiyyətə inteqrasiyası prosesində davamlı iştirakını təmin etməkdir”.

Mərkəz direktorunun fikrincə, bu istiqamətdə ardıcıl fəaliyyət öz müsbət nəticələrini verəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev qeyd edib ki, əlilliyi olan şəxslər dövlətin və cəmiyyətin hörmət etdiyi, qayğısına qaldığı təbəqədir. Deputat bildirib ki, zaman keçdikcə əliliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində daha fərqli addımlar atılmağa başlayıb, yəni onlara göstərilən diqqətin forması dəyişib: “Əgər 20 il bundan öncə bütün dünyada əlilliyi olan şəxslərə passiv hüquqlar - pensiya, müavinət verilirdisə, indi onlara yanaşmada daha çox aktiv sosial müdafiə metodları tətbiq olunur. Yəni, fiziki imkanlarının məhdud olması cəmiyyət həyatında fəal iştiraka imkan verməyən amil kimi qəbul olunmur”.

M.Quliyev qeyd edib, Azərbaycan əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə beynəlxalq konvensiyaya qoşulub: “Bu konvensiyanın tələblərindən irəli gələrək, 2017-ci ildə biz əlilliyi olan şəxslərin hüquqları haqqında qanun qəbul etmişik. Bu qanunda göstərilir ki, dövlət və cəmiyyət tərəfindən əliliyi olan şəxslərə göstərilən diqqətin mahiyyəti onların sosial inteqrasiyasının gücləndirilməsi, özlərini cəmiyyətdə yük kimi deyil, yararlı və faydalı hesab etməsi üçün şəraitin yaradılmasından ibarətdir. Buna uyğun olaraq, ölkədə xüsusi tədbirlər həyata keçirilir. Həmin fəaliyyətin əsas mahiyyətində əlilliyi olan şəxslərin layiqli işlə təmin olunması dayanır. Məhz ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanda özünəməşğulluq daha da genişləndirilir və bu proqram çərçivəsində əlilliyi olan vətəndaşlarımıza daha çox kvota ayrılır”.

Deputat bildirib ki, özünəməşğulluq proqramlarında təminən 20 faiz yer əliliyi olan şəxslərə ayrılır: “Yəni əlilliyi olan şəxslər dövlətdən pensiya və müavinət almaqla yanaşı, saxlanılmış əmək qabiliyyəti və səhhətlərinə ağır təsir göstərməyəcək bir işlə təmin olunarlarsa, həm daim cəmiyyət içində olarlar, həm də ailə büdcələrinə əlavə qazanc gətirərlər, ən əsası özlərini cəmiyyətdə yük kimi hiss etməzlər. Bu mənada, istər kənd yerlərində yaşayan əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, istər şəhərdə onların yeni peşələr öyrənməsi və işlə təminatı, istərsə də məşğulluq haqqında qanunda onlara xüsusi kvotanın verilməsi, eləcə də Qarabağ müharibəsi əlillərinə daha layiqli həyat şəraitinin yaradılması istiqamətində dövlətin gördüyü işləri müsbət qiymətləndirirəm”.

Ceyhun ABASOV

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqəyə təqdim olunur

 





31.03.2019    çap et  çap et