525.Az

Müddətli müqavilələrlə işləyən müəllimlər üçün yeni müsabiqəyə başlanılır


 

EŞQİ BAĞIROV: “İSTƏNİLƏN VAKANT YERƏ İSTƏNİLƏN MÜDDƏTLİ ƏMƏK MÜQAVİLƏSİ İLƏ İŞƏ GÖTÜRÜLƏN NAMİZƏD DAİMİLƏŞDİRİLƏ BİLƏCƏK”

Müddətli müqavilələrlə işləyən müəllimlər üçün yeni müsabiqəyə başlanılır<b style="color:red"></b>

Aprelin 1-dən etibarən ölkənin ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə başlanılıb.
 
Müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində https://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir.

Müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyir ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 3 mərhələdən ibarətdir- elektron ərizə qəbulu, elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə mərhələsi. Müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli diplom alan, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan vətəndaşların iştirakı mümkündür. Həmçinin tələb olunan keçid balını toplayan, insan resursları mərkəzi tərəfindən müddətli müqavilə ilə işə qəbul edilən və vakant olan dərs saatlarını tədris edən Azərbaycan vətəndaşı və ya, ölkədə daimi yaşamaq üçün icazə verilən əcnəbilər müsabiqədə iştirak edə bilər: “Qeyd edim ki, müsabiqəyə elektron sənəd qəbulu 5 gün davam edəcək. Sənəd qəbulu prosesi başa çatandan sonra sənədlərin emalına başlanılacaq. Bundan sonra namizədlərin müsahibə məlhələsinə start veriləcək. Qeydiyyatdan keçən namizədlərə növbəti mərhələ ilə bağlı şəxsi səhifədə məlumat veriləcək. Şərtlərə cavab verənlərə isə müsahibənin keçirilmə tarixi və ünvanı deyiləcək. Sözügedən müsabiqənin müsahibə mərhələsinin 15-22 aprel tarixlərində təşkil olunması nəzərdə tutulur. Lakin nəzərinizə çatdırım ki, qeyd edilən tarix şərti xarakter daşıyır. İstənilən halda, müsabiqə barədə dəqiq və ətraflı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Müsahibələrin təşkili tarixi qeydiyyatdan keçəcək namizədlərin sayından asılıdır. Ümumilikdə isə müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil edilən müsabiqənin aprel ayı ərzində başa çatması planlaşdırılıb.Ötən il olduğu kimi bu ildə müsabiqənin müsahibə mərhələsi Bakı şəhərində, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitununun nəzdində fəaliyyət göstərən İnsan Resurlası Mərkəzində təşkil olunacaq. Müsahibə mərhələsində iştirak edəcək namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər”.

Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılmasına gəlincə, E.Bağıırov bildirib ki, bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyasının üzvlərinə təqdim etməlidirlər: “Müsahibəyə çağrılan namizədlərə ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Bu zaman dərsin icmalı tələb olunmur. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir”.

E.Bağırovun dediyinə görə, istənilən vakant yerə istənilən müddətli əmək müqaviləsi ilə işə götürülən namizəd daimiləşdirilə biləcək. Odur ki, qaydalara uyğun şəkildə müddətli əmək müqaviləsi ilə işə qəbul edilən namizədlər müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə elan edilən müsabiqəyə qatıla bilər. Onun sözlərinə görə, ötən il müddətli əmək müqavilələri ilə işə qəbul yerli təhsili idarəetmə orqanlarının səlahiyyətinə aid idi. Həmin yerlərə daimiləşmə ilə bağlı müsabiqədə yalnız elan edilən və tutulmayan vakant yerlərə namizədlərin daimiləşməsi aparılıb: “Bu il isə 10 dəfə mərkəzləşdirilmiş yerləşdirmə aparılıb. Yerləşdirmə zamanı ən yüksək nəticəsi olan namizədlərlə müddətli müqavilələr bağlanıb. Vakant yer hətta tədris ilinin ortasında, dekabr ayında yaranıbsa, həmin tarixdə işə qəbul edilən namizədin qarşısına ötən il tətbiq edilən məhdudiyyət çıxmayacaq. Namizədlərə heç bir halda vakant yer elan edilmədiyi üçün daimi əsaslarla işə qəbulunun mümkün olmadığı ilə bağlı bildiriş ünvanlanmayacaq”.

E.Bağırov onu da deyib ki, bu müsabiqəyə qatılan namizədlər hazırda müddətli əmək müqaviləsi ilə çalışdıqları vakant yerə daimiləşib-daimiləşmədikləri ilə bağlı nəticəni aprel ayının sonunda öyrənəcək. Müvafiq məlumat və sənədlər yerli təhsili idarəetmə orqanlarına da göndəriləcək. Müsahibədən uğurla keçən namizədlərlə daimi əsaslarla müqavilələr sentyabr ayında imzalanacaq.

E.Bağırovun sözlərinə əsasən, keçid balları ölkənin ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil edilən müsabiqədə müəllimlərin Diaqnostik Qiymətləndirmədə topladığı bal əhəmiyyətli deyil. Müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər: “Əvvəlki illərdə müddətli müqavilə ilə çalışanlar daimi iş yerinə düzəlmək üçün Təhsil Nazirliyinə şifahi, ərizə və ya elektron formada müraciətlər edirdilər. Biz bu müraciətlər əsasında həmin müəllimlərin məsələsinə baxırdıq. Elə bu müraciətlərin sayının çoxalmasını nəzərə alaraq qərara gəldik ki, həmin müəllimlərin mərkəzləşmiş qaydada, elektron proqram təminatı vasitəsilə birdəfəlik daimiləşmə məsələlərini həll etsək daha düzgün, şəffaf, obyektiv olar”.

Şöbə müdiri əlavə edib ki, müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən müddətsiz əsaslarla işləməsinə razılıq verilmiş müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcəkdir.

S.QARAYEVA

 





01.04.2019    çap et  çap et