Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransda BXA-nın professor-müəllim, tələbə-şagird heyəti və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva, baş kitabxanaçı İradə Kərimova iştirak ediblər.
Tədbiri giriş sözü ilə BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli ədəbiyyat klassikləri - İmadəddin Nəsiminin 650, Cəfər Cabbarlının 120, İsmayıl Şıxlının 100, Həmid Araslının 110 və Cəlil Məmmədquluzadənin 150 illik yubileylərinin keçirilməsinə dair beş Sərəncam imzalamasından bəhs edib. Sonra V.Əliyev görkəmli şəxsiyyət Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Maral Manafova “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Sənətşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov “Cəlil Məmmədquluzadənin publisistikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Məmmədova “Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi kimi”, Magistratura və doktorantura şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva “Molla Nəsrəddin” ədəbi məktəbində dil məsələləri”, BXA-nın aspirantı Dinara Əliyeva “Cəlil Məmmədquluzadənin XX əsr yaradıcılığında XIX əsr rus tənqidi realizminin rolu” adlı məruzələrlə çıxış ediblər.
Akademiyanın tələbələri C.Məmmədquluzadənin felyetonlarından nümunələr səsləndiriblər.
Sonda BXA-nın kitabxanası tərəfindən Cəlil Məmmədquluzadənin məqalələrinin və kitablarının sərgisi keçirilib.
ŞAHANƏ
çap et