525.Az

Elektron dərslik portalına səsli dərsliklər və video təcrübələr əlavə edilib


 

Elektron dərslik portalına səsli dərsliklər və video təcrübələr əlavə edilib<b style="color:red"></b>

Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron dərslik portalında (www.e-derslik.edu.az) 6, 7, 8 və 9-cu sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları əlavə edilib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun məlumatına  görə, səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib.

Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib.

Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 24-ə çatdırılıb.

Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur.

Məlumata görə, ötən ilin ilk 3 ayında portala giriş sayı 333 957, səhifələrə ümumi baxış sayı isə 2 337 206 olmuşdursa, cari ilin müvafiq dövründə bu göstəricilər 2 dəfəyə qədər artıb, portala giriş sayı 621 661, səhifələrə ümumi baxış sayı isə 4 766 982 olub.

2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 olub.

S.QARAYEVA

 





03.04.2019    çap et  çap et