525.Az

Bakı və Qubada gənclər hərbi xidmətə yola salındılar - Foto


 

Bakı və Qubada gənclər hərbi xidmətə yola salındılar - <b style="color:red">Foto </b>

Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2019-cu il aprelin 1-dən etibarən ölkəmizin hər yerində gənclərin həqiqi hərbi xidmətə çağırışı davam edir.

Bu gün Bakının Qaradağ rayonunda və Qubada təşkil olunan çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, ağsaqqallar, müharibə veteranları, valideynlər və gənclər iştirak ediblər.

Səfərbərlik Xidmətindən verilən məlumata görə, Qubada keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara xidmətdə uğurlar arzulayıb. O bildirib ki, Vətənin keşiyini çəkmək şərəfli bir işdir: “Bu gün çağırışçıların həyatında əlamətdar gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. Bu gün Azərbaycan əsgərinin döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz öz gücünü 2016-cı ilin aprelində və ötən ilin mayında düşmənə göstərdi”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, mayor Anar Kazımov hərbi xidmətə yola düşən gəncləri təbrik edib. Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan söz açıb.

Bakının Qaradağ rayonunda keçirilən tədbirdə isə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov mərasimdə çıxış edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Qeyd edək ki, həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir. Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin, KİV-in və QHT-lərin nümayəndələrinin iştirakı gənc çağırışçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Ceyhun ABASOV

 





03.04.2019    çap et  çap et