525.Az

AzTU-da Aprel döyüşlərinin ildönümü qeyd olundu


 

AzTU-da Aprel döyüşlərinin ildönümü qeyd olundu <b style="color:red"></b>

Azərbaycan Texniki Universiteti (AzTU) və “Zəfər”: Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhidlərin valideynləri, millət vəkilləri, ictimai xadimlər, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə 2016-cı ilin 2-5 aprel tarixlərində cəbhədə baş verən və ordumuzun düşmən üzərində açıq qələbəsi ilə nəticələnən “APREL ZƏFƏRİ”ndən danışılıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, müstəqilliyimizin qazanılması uğrunda ilk günlərdən etibarən universitetin tələbələri, məzunları ictimai və hərbi mübarizəyə qoşulublar. Rektor əvəzi qeyd edib ki, Aprel döyüşlərində AzTU-nun 4 məzunu - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvinin Mirzəyev Şəhid olublar. Professor Xalıq Yahudov qeyd edib ki, bu döyüşlərdə Şəhid olanların xatirəsi xalqımız, o cümlədən, universitetin əməkdaşları və tələbələri tərəfindən daima əziz tutulacaq, onların qəhrəmanlıqları gələcək nəsilə nümunə kimi təbliğ olunacaq.

Millət vəkili Qənirə Paşayeva və şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, Zəfər”:Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışlarında Aprel döyüşlərində, ümumiyyətlə Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı haqlı mübarizədən danışıblar.

Şəhid valideynləri və qazilər isə gənclərə səslənərək onları Vətənin müdafiəsində ayıq-sayıq olmağa çağırıblar.

Tədbirdə Aprel döyüşlərində şəhid olanların fotolarının əks olunduğu videorolik və “Murov qartalı” kimi tanınan əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunmuş film nümayiş olunub.

S.QARAYEVA

 





04.04.2019    çap et  çap et