525.Az

"Prezidentin fərmanı məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir"


 

"Prezidentin fərmanı məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir"<b style="color:red"></b>

Ədliyyə Nazirliyində ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanından irəli gələn vəzifələrin təxirəsalınmadan icrasının təşkili ilə kollegiya iclası keçirilib.

İclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, imzalanan fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən mühüm "yol xəritəsi"dir.

İclasda ölkə başçısının rəhbərliyi ilə ötən dövrdə aparılan islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun yaxşılaşdığı qeyd olunub, fərmanla Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələrin qoyulduğu vurğulanıb.

Bununla əlaqədar Kollegiyada ölkə başçısının tapşırıqlarının vaxtında, dürüst və dönmədən icrasının təmin olunması, o cümlədən məhkəmə qərarlarının icrasının effektivliyinin artırılması, bu sahədə süründürməçilik və sui-istifadə hallarına yol verilməsinin qarşısının qətiyyətlə alınması, "Elektron məhkəmə"  və "Elektron icra" informasiya sistemlərinin geniş və səmərəli tətbiqi ilə bağlı konkret işlərin görülməsi müəyyən edilib.

Kollegiyada məhkəmə qərarlarının icrasının sürətləndirilməsi məqsədilə bu sahədə qanunvericiliyin ətraflı təhlil edilməsi, Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, mediasiya institutunun və beynəlxalq arbitraj prosedurlarının təşviqi, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmlərinin tətbiqi təcrübəsinin öyrənilməsi və müvafiq təkliflərin təxirəsalınmadan hazırlanması diqqətə çatdırılıb.

Vurğulanıb ki, Fərmanda məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı ciddi və konkret tədbirlərin müəyyən edilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, ədalət mühakiməsinin effektivliyinə və əlçatanlığına, vətəndaş məmnunluğuna xidmət edir.

İclasda cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması, o cümlədən məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmə icraatının effektivliyinin təmini, məhkəmə infrastrukturunun yenilənməsi və təchizatın yaxşılaşdırılması, habelə cəza siyasətinin humanistləşdirilməsinə dair dövlət başçısının tapşırıqlarının icrası üzrə nazirliyin vəzifələri müzakirə edilib.

Kollegiyanın qərarına əsasən, fərmanın icrasının təşkili ilə bağlı xüsusi tədbirlər planı təsdiq olunub, aidiyyəti orqanlarla birgə müvafiq qanunvericilik layihələrinin hazırlanması üzrə əlaqələndirmə işçi komissiyası yaradılıb.

İclasda həmçinin, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 





05.04.2019    çap et  çap et