Azərbaycanın bütün şəhər və rayonlarında gənc çağırışçıları həqiqi hərbi xidmətə təntənəli yolasalma tədbirləri davam edir.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Ağdamda keçirilən yolasalma mərasimində rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara xidmətlərində uğurlar arzulayıb. O, gənclərin şəxsiyyət kimi formalaşmasında hərbi xidmətin əhəmiyyətindən söz açıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi mayor Elxan Feyziyev ordu quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Silahlı Qüvvələrimizin işğal olunmuş torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün ən müasir silahlara malik olduğunu diqqətə çatdırıb. O, çağırışçılara bu silahlardan bacarıqla istifadə etmək üçün verilən təlimatları diqqətlə öyrənməyi və zabitlərin tapşırıqlarını vaxtında yerinə yetirməyin vacibliyini diqqətə çatdırıb.
Beyləqan rayonunun gəncləri də Vətənin keşiyində dayanmaq kimi şərəfli borcu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar.
Beyləqanda keçirilən yolasalma mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək, ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi polkovnik-leytenant Əlisəfa Məmmədov həqiqi hərbi xidmətə yola düşən gənclərə xoş arzularını bildirib. Qeyd edib ki, ölkəmizin hərbi qüdrətinin yüksəlməsi Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən anda azad etməsinə imkan verir. Eyni zamanda, hərbi hissələrdəki müasir şərait, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərdə böyük ruh yüksəkliyi yaradır.
Tədbirlərdə çıxış edən valideynlər övladlarının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiklərini deyiblər.
C.ABASOV
çap et