525.Az

Daha 810 köçkün ailəsinin mənzil problemi həll olundu


 

"BU KATEQORİYADAN OLAN VƏTƏNDAŞLARIMIZIN MƏNZİL-MƏİŞƏT PROBLEMLƏRİNİN HƏLLİ, SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ DÖVLƏTİN DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR"

Daha 810 köçkün ailəsinin mənzil problemi həll olundu<b style="color:red"></b>

Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq daha bir yaşayış kompleksi salınaraq istifadəyə verilib. Sayca 103-cü olan, Bakının Kürdəxanı qəsəbəsində inşa olunan bu kompleks 810 məcburi köçkün ailəsinin mənzil probleminin həllinə imkan verib.

Dünən Prezident İlham Əliyevin iştirakı ilə təşkil olunan açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə məlumat verərək bildirib ki, məhəllənin salınması üçün 15 hektar torpaq sahəsi ayrılıb. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi təşkilat funksiyaları Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə edilib. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən, digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.

Yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, buradakı mənzillərdən 72-si birotaqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda paytaxtdakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.

Açılış mərasimindən sonra məcburi köçkünlərlə görüşən dövlət başçısı burada yaşayış üçün ən yüksək standartların yaradıldığını bildirib. Prezidentin sözlərinə görə, bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir".

Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlət başçısı deyib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur: "Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Tarixi ədalət də Azərbaycanın tərəfindədir. Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir".

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi dövlətin daim diqqət mərkəzindədir. Hər il bu istiqamətdə ciddi addımlar atılır, yeni yaşayış kompleksləri salınaraq bu kateqoriyadan olan vətəndaşlarımızın istifadəsinə verilir.

Prezident İlham Əliyevin 2003-cü il seçkilərində çadır şəhərcikləri barədə verdiyi vədi xatırladan E.Həsənli bildirib ki, qısa müddət ərzində ölkədə bütün çadır şəhərcikləri ləğv edilib, həmin dövrdən başlayaraq ağır şəraitdə yaşayan qaçqın, məcburi köçkün ailələrinin mənzil-məişət problemlərinin həlli istiqamətində ardıcıl tədbirlərin görülməsinə başlanılıb.

Bundan başqa, bu kateqoriyadan olan vətəndaşların sosial müavinətlərlə təmin olunduqlarını, onların övladlarının dövlət ali məktəblərində təhsil haqqından azad edildiklərini deyən ekspert, həmçinin, Qarabağ, Çernobıl əlilləri, müharibə veteranları, şəhid ailələri, Milli Qəhərmanlara xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edib. E.Həsənlinin sözlərinə görə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlətdir.

Ekspert bildirib ki, ölkəmizin qarşısında duran ən əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır: "Azərbaycan dövləti bu istiqamətdə səylərini davam etdirir, sülh danışıqları ilə yanaşı, ordu quruculuğu istiqamətində ciddi addımlar atılır. Bu gün müasir silah-sursat və hərbi texnika ilə təchiz olunan Silahlı Qüvvələrimiz qısa vaxt ərzində torpaqlarımızı düşmən tapdağından azad etməyə qadirdir. 3-cü ildönümünü qeyd etdiyimiz Aprel döyüşləri əyani şəkildə təsdiq edib ki, işğalçı Ermənistan Azərbaycan Ordusuna ciddi müqavimət göstərmək gücündə deyil".

Azərbaycanda Orduya böyük inamın olduğunu deyən ekspert qeyd edib ki, düşmən uzun müddət torpaqlarımızı işğal altında saxlaya bilməyəcək: "Hər kəs buna əmindir. Bu gün yeni salınan şəhərciklərə köçürülən məcburi köçkün ailələri sabah öz torpaqlarına qayıdacaqlar".

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı isə bildirib ki, Kürdəxanıda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində daimi yaşayış yerlərindən didərgin düşmüş məcburi köçkünlər üçün yaşayış kompleksinin salınaraq istifadəyə verilməsi və Prezident İlham Əliyevin onların nümayəndələri ilə görüşməsi böyük əhəmiyyət daşıyır: "Hər şeydən əvvəl bu cür yaşayış kompleksinin inşası, köçkünlərin bir qisminin orada yerləşdirilməsi onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşlarımıza xüsusi diqqət yetirir, onların qayğılarını yüngülləşdirməyə çalışır".

Deputatın sözlərinə görə, məcburi köçkünlərin nümayəndələri ilə görüşdə prezident bir daha qeyd edib ki, bu proses davam edəcək və daim dövlətimizin diqqət mərkəzində dayanacaq.

"Həmin kompleksin açılışında Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin mövqeyini aydın şəkildə ifadə edib. Bir daha aydın olub ki, işğal faktı aradan qaldırıldıqdan sonra həmin ərazilərimizdəki şəhər, rayon mərkəzləri, kənd və qəsəbələr bərpa ediləcək. Bu, Azərbaycan dövlətinin qəti mövqeyidir", - deyə M.Qasımlı bildirib.

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Ceyhun ABASOV

 





06.04.2019    çap et  çap et