525.Az

Paşinyan ölkədəki vəziyyətə nəzarət etmək iqtidarında deyil


 

"İRATES": “PARLAMENTDƏ, HÖKUMƏTDƏ, KOMANDADA, ÖLKƏDƏ XAOSDUR”

Paşinyan ölkədəki vəziyyətə nəzarət etmək iqtidarında deyil<b style="color:red"></b>

Ermənistanda sosial-iqtisadi vəziyyət ağır olaraq qalmaqdadır. Ölkədə iş yerlərinin ixtisarı işsizlərin sayını daha da artırıb, demək olar ki, əksər məhsullar bahalaşıb, milli valyuta olan dram isə öz dəyərini itirməkdədir.

İlin sonuna qədər dramın kəskin ucuzlaşacağı proqnoz edilir ki, bu da Ermənistandakı çətin vəziyyəti daha da ağırlaşdıracaq. Ermənistan mətbuatı yazır ki, ilin sonuna kimi dramın ucuzlaşması psixoloji həddə çata bilər: "Bu, ixrac proqramlarını stimullaşdırmaqla həyata keçiriləcək, lakin məlumdur ki, dramın ucuzlaşması qiymət artımına və əhalinin real gəlirlərinin azalmasına səbəb olacaq. Lakin hökumət büdcə gəlirlərinin artırılması üçün inflyasiyadan istifadə edə bilər. Baş nazir Nikol Paşinyan bu yaxınlarda bəyan etdi ki, cari ildə büdcədaxilolmalar 40 milyard dramdan çox ola bilər. Məlumdur ki, bunu qiymət artımı hesabına təmin edəcəklər".

Ölkədə qazın, unun, dərman və digər tibbi ləvazimatların qiymətinin bahalaşması daha çox etirazlara səbəb olub. Aprel ayından isə yanacaqdoldurma məntəqələrində avtomobil qazının da qiyməti artıb. Sürücülər qaz qiymətlərinin artdığından narazılıqlarını ifadə edirlər. Erməni ekspertlər qeyd ediblər ki, bir kubmetr qaz təxminən 700 qram ağırlığındadır və buna görə də  1 kubmetr və 1 kiloqram qaz tamamilə fərqli xərclərə səbəb olacaq. Nəticədə, bir kiloqram qaz bir kubmetrdən yanacaqdan demək olar ki, 40% baha olacaq: "Bəzi sürücülər, əvvəlki 3,500 dram (7 dollar) əvəzinə indi  qaz üçün 4000 dram (8 dollar) ödəmək məcburiyyətində qalırlar. Sürücülər yanacaqdoldurma məntəqələrində aldadıldıqlarını hesab edirlər, tezliklə onların böyük bir etiraz dalğasının meydana gələcəyi istisna deyil".

Sabiq baş nazir Qrant Baqratyan isə hesab edir ki, hazırkı hökumət 5 il ərzində makroiqtisadi siyasət baxımından 80-90 vəzifəni və 550-600 məsələni (makroiqtisadi başlanğıc kimi adlandırılan) həll etməlidir. Ancaq hələ bu istiqamətdə heç bir addım atılmayıb: "Məsələn, ən mühüm başlanğıclardan biri dərman və tibbi texnologiyaların ekspertizası mərkəzinin rolunun aydınlaşdırılmasıdır. Dərmanların qeyri-dəqiq qeydiyyatı, rəqib şirkətin olmaması və Mərkəzin Bank tərəfindən dramın kursunun saxlanması, üstəgəl, korrupsiya və rüşvət də nəzərə alınsa,  Mərkəzi Avropa,  Rusiya, Ukrayna və Gürcüstandakı qiymətlərlə müqayisədə bizdə dərmanların qiymətləri orta hesabla 2-4 dəfə yüksəkdir".

Sabiq baş nazir qiymətləri müqayisəli şəkildə qeyd edib: "Beləliklə, "Yanumet" İrəvanda 52 dollar, Kiyevdə 33 dollar, "Lantus" şrifti 21 və 8,5 dollar, "Amaril" 8,5 və  4 dollar, avtomatik qan təzyiqi monitoru - 56 dollar və 16 dollar".

Mövcud vəziyyət ölkədə demək olar ki, hər gün ayrı-ayrı həm dövlət, həm də özəl qurumların əməkdaşlarının etiraz aksiyaları keçirmələrinə səbəb olur. Erməni xalqı ötən bir ildə əmin oldu ki, Paşinyanın hakimiyyəti onları nəinki düşdükləri ağır durumdan çıxardı, əksinə, vəziyyətlərini daha da çətinləşdirdi. Paşinyanın publikaya hesablanmış populist bəyanatları isə artıq bir işə yaramır.

İnsanlar vaxtında əmək haqlarını, pensiya və təqaüdlərini ala bilmirlər. Nikol Paşinyan isə problemlərin həlli üçün ciddi islahatlara başlamaq əvəzinə, çıxış yolunu hədələməkdə, ixtisarlarda görür. Məsələn, bu yaxınlarda müavinətlərin ödənilməməsi ilə bağlı vəziyyəti şərh edən baş nazir bildirib ki, dövlət aparatı "avaralarla" doludur: "Dövlət aparatında işləməyən adamlar var. Tapşırıqları yerinə yetirməyən bu insanlar optimallaşma prosesində ilk olacaqlar".

Aydın şəkildə görünən budur ki, ciddi sosial-iqtisadi proqrama malik olmayan Paşinyan iş yerlərinin ixtisarı ilə nəticəyə nail olmaq istəyir. Necə ki, o, korrupsiya ilə mübarizəni keçmiş məmurların banklardakı vəsaitlərini əllərindən alıb, büdcəni doldurmaqla görür.

Ermənistan mətbuatı isə Paşinyanın ölkədəki vəziyyətə nəzarət etmək iqtidarında olmadığını yazır. "İrates" nəşrinin məqaləsində deyilir ki, Ermənistanın daxili siyasətində, istər parlamentdə, istərsə də parlamentdən kənar qüvvələrin ciddi yerdəyişməsi baş verir:  "Söhbət ondan gedir ki, hətta Paşinyanın komandasında baş nazirin vəziyyətə heç bir nəzarət etmədiyini aydın şəkildə bilirlər. Hər yerdə - parlamentdə, hökumətdə, komandada, ölkədə - xaosdur. Baş nazir inqilab səhmdarlarına - Soros qanadına, sektalara, LGBT icmasına və onların "atalarına" borclarını qaytarmaqla məşğuldur".

Nəşr "Transgender Vanuş"la əlaqəli son hadisəni xatırladıb və qeyd edib ki, bu hadisə baş nazirin nüfuzunu yerlə yeksan etdi: "Paşinyan komandasında hər kəs yeni yerlər axtarır - parlamentdən kənarda da fəal proseslər baş verir, komandalar formalaşır və liderlər təyin olunur. Nə baş verdiyinin son mənzərəsi iyun-iyul aylarında aydın olacaq".

Xatırladaq ki, ötən həftə Ermənistan parlamentinin insan haqları komitəsinin iclasına "transgenderlər"də (cinsi azlıq) qatılıb. Məlum olub ki, onları parlamentə Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" parlament fraksiyası dəvət edib. Bu isə etirazlarla qarşılanıb.

Qısa müddət sonra Paşinyanın hakimiyyətə gəlişinin bir ili tamam olacaq. Erməni xalqına bir ildə gördüyü işlərin(?) hesabatını verməli olan Paşinyan yəqin ki, yenə də meydan ritorikasına üstünlük verib, bununla erməni xalqını ələ almağa, nüfuzunu saxlamağa çalışacaq. Baş nazir meydan ritorikası ilə nə qədər davam edə biləcəyini isə yaxın zaman göstərəcək. 

PƏRVANƏ

 





10.04.2019    çap et  çap et