525.Az

Tonoyan Azərbaycanın xəbərdarlıqları qarşısında geri çəkildi


 

"BİZ SÜLH İSTƏYİRİK" BƏYANATININ ARXASINDA PAŞİNYAN DAYANIR"

<b style="color:red">Tonoyan Azərbaycanın xəbərdarlıqları qarşısında geri çəkildi</b>

ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şeferin (ABŞ) təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşündən sonra düşmən cəbhəsindən danışıqların ruhuna zid bəyanatlar səsləndirilib.

İşğalçı ölkənin müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüşündə hədələyici tonda danışaraq "sülh naminə ərazilər" formatını "yeni ərazilər üçün yeni müharibə" formatına dəyişdiklərini bəyan edib: "Hərbi əməliyyatları düşmənin ərazisinə köçürmək üçün hücum bölmələrinin sayını artıracağıq",  Bununla o, guya Ermənistan ordusunun Azərbaycanla başa-baş mübarizə apara biləcəyini iddia edərək ölkəsinin sülh prosesində maraqlı olmadığını bir daha ortaya qoyub.

N.Paşinyan isə D.Tonoyanın bu fikirlərinə düzəliş etmək əvəzinə ona dəstəyini nümayiş etdirib: "Müdafiə naziri David Tonoyanın səsləndirdiyi bəyanat danışıqlar prosesinə kölgə salmır. Əgər Tonoyan başqa bir şey desə idi, mən onu müdafiə naziri postundan istefaya göndərərdim".

Azərbaycan Müdafiə Nazirliyinin bu bəyanatlara münasibəti sərt olub.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlarına cavab olaraq general-polkovnik Zakir Həsənov bunun cəbhə xəttində gərginliyin artmasına səbəb olacağını qeyd edib. Müdafiə naziri plana uyğun olaraq keçirilən bütün təlimlərin genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət etdiyini bildirib. Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı isə qeyd edib ki, Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir.

Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi İrəvanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir.

Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır.

Azərbaycanın cavab bəyanatının düşmən cəbhəsində vahimə yaratması açıq-aşkar hiss edilib. D.Tonoyan əvvəlki fikirlərindən danışaraq müharibə istəmədiklərini bəyan edib: "Biz müharibə arzulamırıq. Azərbaycanın hərbi-siyasi rəhbərliyi ordunu sülhə hazırlamalıdır".

Azərbaycan Müdafiə Nazirliyindən isə buna cavab olaraq bildirilib ki, Ordumuz sülhə yox, müharibəyə hazırdır: "Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır".

V.Dərgahlı bildirib ki, ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir: "Ali Baş Komandanımızın bəyan etdiyi kimi, Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər".

Mövzu ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanın müdafiə naziri David Tonoyan iki ay içərisində iki dəfə "biz daha çox torpaq işğal edə bilərik" deyəndə bu açıqlamanın arxasında baş nazir Nikol Paşinyanın dayandığını demişdik. Əgər bu gün Tonoyan 180 dərəcə fərqli - "biz sülh istəyirik" deyirsə, bu açıqlamanın da arxasında Paşinyanın istəyi dayanır: "Çünki özü də son çıxışında sülhün vacibliyindən ağız dolusu danışıb".

Paşinyanın və Tonoyanın ritorikasının qəfil dəyişməsinə münasibət bildirən politoloq bildirib ki, Paşinyanın və onun nazirlərinin tez-tez mövqelərinin dəyişməsi Ermənistanın indiki hakimiyyətinin Qarabağ münaqişəsinin həlliylə bağlı baxışının formalaşmaması ilə əlaqəlidir: "Paşinyan özü də etiraf etmişdi ki, köhnə hakimiyyətin xarici işlər naziri ilə qapalı görüş keçirərək danışıqların təfərrüatlarını dəqiqləşdiriblər. Elə Paşinyanın Azərbaycan prezidenti ilə 3 görüşü də münaqişənin həllinə təsir etməyən kiçik detallar üzərində qurulmuşdu".

Bu arada, ən doğru açıqlamanın Paşinyanın xanımından gəldiyini deyən E.Şahinoğlu qeyd edib: "Anna Akopyan deyib ki, Ermənistanın minlərlə əsgəri heç nəyə görə Qarabağda ölüb. Bəli, illərdir biz də bunu deyirik. Böyük ehtimalla xanımı kimi Paşinyan da evdə bu ifadəni işlədib. Sadəcə, özü bu ifadəni rəsmən işlətsə, hakimiyyətini laxladar, ona görə də xanımının açıqlaması vasitəsilə erməni cəmiyyətinin nəbzini yoxlayır. Bu çalışmalarını davam etdirsinlər. Bizə ziyan deyil".

Mərkəz sədrinin fikrincə, bu baş verənlər ondan xəbər verir ki, işğalçıya qarşı təzyiqi bir an belə azaltmaq olmaz: "Hücum diplomatiyası və snayperlərimizin dəqiq atəşləri davam etməlidir. Atəşkəsin pozulması bizi yox, Ermənistan hakimiyyətini narahat etməlidir və edir də. Buna baxmayaraq, biz də yeni ideyalarla çıxış edə bilərik. Məsələn, Paşinyanın "formatı dəyişək" təklifi qarşılığında biz də danışıqların 2 + 2 modelini irəli sürə bilərik. Yəni rəsmilər ayrı, Dağlıq Qarabağın erməni və azərbaycanlı təmsilçiləri ayrı görüşsünlər".

Ceyhun ABASOV

 





10.04.2019    çap et  çap et