525.Az

Fazil Mustafa: "Yaradıcı insanların bütün sahələrdə dəyərini verməliyik"


 

Fazil Mustafa: "Yaradıcı insanların bütün sahələrdə dəyərini verməliyik"<b style="color:red"></b>

Bakıda keçiriləcək futbol üzrə Avropa Liqasının finalı və AVRO-2020-nin iştırakçılarının gəlir vergisindən azad edilməsi təklif edilir.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi isə  parlamentin dünən keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklər barədə parlamentin Sosial siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Onun dediyinə görə, Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək Avropa Liqasının finalı və qitə çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının, oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır. "Layihədə qeyd edilir ki, qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq" - deyə o, sözlərinə əlavə edib.

Layihənin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, idmanla yanaşı, digər sahələrə də güzəştlər edilməlidir:
 
"Məsələn, mədəniyyət və incəsənət xadimləri prezidentlə görüşlərində  ictimai məsələləri yox, öz problemlərini qaldırdılar. Ancaq biri demədi ki, kitaba tətbiq olunan 18 faizlik ƏDV aradan qaldırılsın. Qonşu ölkələrdə bu ƏDV aradan götürülüb. Bu günlərdə görkəmli şair Musa Yaqub müsahibə verir və deyir ki, məni heç yana müalicəyə göndərən yoxdur. Hansı ki, o, xalqın şairi, xalqın sənətkarıdır. Təkcə idmanla kifayətlənmək olmaz. Biz yaradıcı insanların bütün sahələrdə dəyərini verməliyik".

Sonra dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





10.04.2019    çap et  çap et