525.Az

Səni sən edən... - Leyla Camalın yazısı


 

Səni sən edən... - <b style="color:red">Leyla Camalın yazısı </b>

Leyla Camal 1986-cı ildə Gəncə şəhərində dünyaya gəlib. Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirib. Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı orta məktəbdə ingilis dili müəllimidir. "Günahkar", "Pikarist" və "Poyraz" adlı kitabların, "Müəllim olmaq istəyirəm" adlı dərs vəsaitinin müəllifidir.

Eşq - məğlubiyyətdir. Səsinə, bir salamına belə yenilərsən. Üzünü görməkdən qaçsan da, addımlarını hiss edərsən. Sən onu heç zaman görməsən belə, gözündəki surəti bütün varlığını işğal edər. Eşq tam "unutdum" dediyin yerdə başlar. Nəfəsinə bu qədər həsrətkən kölgəsiylə sevişərsən. Yaraların ona qayıdan bütün yolları bağlasa da, sən yol kənarındakı divarlara sarılarsan. Eşq - darıxdığın hər anda gözündən süzülən iki damla yaşdır. Özünü belə aldatdığın halda içində qopan tufanlarla çarpışmaqdır. Eşq - iliyinə qədər darıxmaqdır. Qaçsan da, uzaqlaşsan da, nəfəsiylə nəfəs almaqdır. Eşq - yeridiyi yollardan keçib ətrini duymağa çalışmaq, toxunduğu əşyaları qoxlayaraq yatmaqdır. Sürətindən gözlərini qaçırarkən kölgəsini axtarmaqdır. Eşq - təslim olmaqdır. Ya yara, ya da açdığı yaralara...

Eşq - dünyada bənzəri olmayan mükəmməl duyğudur. Sevməkmi gözəl, yoxsa sevilməkmi? Məncə, sevilmək. Sənə baxarkən gözlərinin içi gülən, danışarkən səsi titrəyən birinin ürəyində taxt qurmaq əvəzolunmaz bir hissdir. Səni qırmamaq üçün özünü parçalayan bir adama sahib olmaq çox böyük xoşbəxtlikdir. Eşq - xoşbəxtliyi axtarmaq deyil, xoşbəxtliyin özüdür. Andı, vədi deyil, inandırdığı sadəcə sözüdür.

Eşq güvənməkdir, şərtsiz və şübhəsiz, sorğulamadan. Gözünü qırpmadan kürəyini söykəməkdir. Tərəddüdsüz inanmaq, etibarından güc almaqdır. Dürüstlüyündən utanmaqdır.

Eşq - yıxılmaqdan qorxmamaqdır, qanadlarına deyil, budağa güvənməkdir. Yoruldum dediyin anda qüvvətindən güc almaqdır.

Eşq bir tərəfin qazanıb bir tərəfin itirməsi deyil. Eyni bədəndə, eyni ruhda, eyni beyində, birlikdə ərimə halıdır.

Eşq - insanın qəlbində və gözlərindədir. Davranışlarında və səs tonundadır. Sənə verdiyi önəmdə və dəyərdədir. Sənin üçün etdiyi fədakarlıqdadır. Baxışlarında və titrəyən nəfəsindədir. Ciyərlərinə çəkdiyi qoxunda, hər zərrənə heyranlığında, sənin ən mükəmməl olduğunu düşünən beynindədir.

Eşq - sənə təslim olmuş ruhunda, sənə doğru tələsən addımlarındadır. Adının hər hərfini əzbərləməsində, sənin üçün varlığından keçməyindədir. Özünü unudub sən oluşundadır. İsmini "EŞQ" deyə səslənişində, sənin təkrarsız və bənzərsiz olduğuna inanışındadır.

Eşq - Odur. Onun özüdür. Hər kəlməsi, hər zərrəsi, hər baxışı, hər toxunuşu. Eşq sarılarkən sağ tərəfində döyünən ürəkdir. Qoxlayaraq öpdüyün, heyranlıqla seyr etdiyin nadir varlıqdır. Sənə aid, sənə məxsus digər yarındır. Həm dərdindir, həm dərmanın. Həm yarındır, həm yaran. Heç durmadan qanayan.

Eşq, dostum, eşq! Bütün dünyanı önündə diz çökdürsən də, bir cüt qara gözlərdə həbs olarsan. Yanağındakı qəmzəyə ilişib qalarsan. Süzülən gözlərindən axıb dodağında yurd salarsan. Əsarətmi sənin qandallarının adı? Yoxsa cəsarətmi baxışlarındakı hayqırış? Bu, sadəcə EŞQdir. Çarəsiz - tək xəstəlik. Kimisi üçün zillət, kimisi üçün ləzzət. Kimisi üçünsə cənnətdir. Cəhənnəmi xatırladan alovuyla səni kül etsə də, iliyinə qədər donmaqdır. Baxışlarındakı hərarətə əriyən buzlarının selində qərq olmaqdır.

Eşq - iki bədənin bir ürəkdə birləşməsidir. Sevişməyə tələsmədən hər hüceyrəsini kəşf etməkdir. Hər zərrəsini hiss edərək ruhuyla rəqs etməkdir. Baxışlarını oxumaq, burnunun dirəyi sızlayıncaya qədər qoxusunu axtarmaqdır.

Eşq - hər şeirdə, hər nəğmədə onu xatırlamaqdır. Gecənin kor qaranlığında xatirələriylə aydınlanmaqdır. Sənə yanğın olana rüzgar olub alovlandırmaqdır.

Eşq - ömrün hər çağında on səkkiz yaşındır sənin. Ən dəli və ən çılğın. Gözündən axan hər qığılcım. Eşq - bir ömürə iki həyat sığdırmaqdır. Eşq - bəşəriyyətin yaranma düstürudur. İsbatı gərəkməyən aksioma. Yaşanmamış illər, görülməmiş günlərdir. On üçüncü ayın, beşinci fəslindir. Qışın oğlan çağında yamyaşıl baharındır. Səni sən edən mükəmməl duyğudur...

 





10.04.2019    çap et  çap et