525.Az

Ölüm-olum arasında


 

SAĞLIĞIMIZI ETİBAR ELƏDİKLƏRİMİZ ETİBARINI İTİRƏNDƏ...

Ölüm-olum arasında<b style="color:red"></b>

Neçə  ay  idi  özümü pis hiss edirdim. Ora gedirdim, bura  gedirdim, o həkim sənin, bu həkim mənim, orda bir  analiz, burda bir analiz... Ciddi nəsə tapılmırdı. Biri  deyirdi, öddü, o biri deyirdi mədədi, bir başqası da nə bilim nə... Analizlər təmiz çıxırdı. Bir ətək pulum  gedirdı, üstəlik, canım da ağrıyırdı. Üç günün içində halım lap çöndü, nəfəs ala bilmirdim, boğulurdum. Yenə o həkim, bu  həkim... nəhayət, tapdılar. Demə, ağciyərimə su yığılıb, bədxassəli şiş var. Təsəvvür edin, ölürdüm, tapa bilmirdilər. Həkimin səhvi ucbatından lap  ağırlaşmışdım. Axır ki, biri insaflı çıxıb dedi: “Qızım, burda pulun gedəcək, kömək də edə bilməyəcəklər. Başqa  ölkəyə get”.

Getdim  Rusiyaya, əməliyyat oldum. İndi nisbətən  yaxşıyam, müalicəmi burda, Yasamal rayonundakı  Onkoloji Xəstəxanada davam elətdirirəm. Yenə bir dünya  xərc... Neyniyim, yenə şükür. Mənim yerimə bir başqası olsaydı – imkansız, bir  az  fağır, çoxdan ölmüşdü.

Mənim üçün  çox dəyərli birinin dedikləri.
Adın nə fərqi  var  ki!

Səhiyyə nazirinə

Bu taleyi yaşayan insanlar çoxdu, lap  çox. Özü də hər gün  çoxalırlar. Nə qədər? Ən azı özəl klinikaların, tibb mərkəzlərinin – baş, beyin, onurğa, əl, ayaq, daha nə bilim hansı adda mərkəzlərin – sayı, üstəgəl ordakı xərclər qədər. Baş həkimin savadına baxmadan, hərəsinin əlinə bir aparat verib başına yığdığı qohumlarının, dost-tanışlarının, bir yandan da aparatların sayını nəzərə alsaq, görün nə qədər olar. Yəqin ürəyiniz ağrıdı. Elə mənim də. Amma bilmirəm neynəyim, içi özümqarışıq bu xəstə insanlara necə kömək eləyim? Pul verirlər verirlər, heç olmasa doğru-düzgün diaqnoz qoyulsun. Puldan söz düşmüşkən, heç bilirsiz, özəl tibb mərkəzlərində qiymətlər  necədi? Təkcə hemoqlabini müəyyən etmək 8-12 manata başa gəlir. Revmatizmdən ölsən də, qiymətə görə yoxlatmaqdan vaz keçirsən: 18-25 manat. İnanmırsınızsa, təkcə “Avroasiya” klinikasına zəng vurmanız yetər. Dövlət tibb müəssisələrində işləyən həkimlərin bir çoxu ayrı-ayrı özəl klinikalarla saziş bağlayıb xəstəni hökmən ora göndərirlər. Adamdan soruşan gərək: axı, niyə bu analizləri dövlət poliklinikalarında verməyəsən? Bu bir yana, heç verilən analizlərin cavabları da üst-üstə düşmür. Öz başıma gəlib, ordan-burdan eşitməmişəm. Nəvəmi əvvəlcə “Avroasiya”da  yoxlatmışam, sonra yaxınlığındakı Onurğa mərkəzində. Biri deyib qurdu var, o biri deyib yoxdu. Birində hemoqlabin lap çox çıxıb, birində lap az. Onurğa mərkəzində həkim soruşur: Sizdə  talassemiya, qanazlığı xəstəliyi yoxdu? Təsəvvür edirsiz halımı? Az qala şəkər tapacaqdım. Körpəni ürəyimin başına sıxıb getdim 20 saylı uşaq poliklinikasına. Ordakılar halımı görüb qorxdular. Tez analiz götürdülər, normal çıxdı. Yeri  gəlmişkən, deyim  ki, çox gözəl poliklinikadı. Uşağın  həkimi İradə xanım Madyaşovaya isə söz ola bilməz. O bahalı klinikalardakı həkimlərin çoxundan savadlıdı İradə xanım. Nə isə... Qayıtdım əlimdəki cavabla özəl  klinikaya. Gör nəsə sübut eləyə bilərsən? Yox! Tutdurdular  ki, ay bizim aparatlar belədi, elədi, bizdə səhv ola bilməz. İndi mən tibb işçisi deyiləm, dəqiq  bilmərəm, kim səhv edir, amma mütəxəssislər, peşəkarlar ki, bilirlər. Nə olar, adına “özəl” dediyimiz bu bahalı tibb müəssisələrində nələr baş verdiyi ilə, bahalı aparatlarla camaatın necə aldadılmasıyla bir maraqlanan olsa?

Hə, bir də... Bir də ömürdü, hər adamın yolu xəstəxanaya düşə bilər. Kasıbın biri xəstələnib gedə dövlət xəstəxanasına, hələ  bir hər mərtəbədə yazılıb yapışdırılmış elanı da oxuya ki, tibbi xidmət pulsuzdu. Amma elə ki, içəri keçdi, orada tibbi xidmətlərin qiymətlərini deyələr, eşitdiklərindən xəstəliyi bir az da şiddətlənə və xəstəliyini də götürüb çıxıb gedə... Mən  bilirəm  ki, siz  bunları bilmirsiz, amma camaatın çoxu  bilmir ki, siz bilmirsiz.

Kardioloji  xəstəxanada ürəyin exo müayinəsi 40 manatdı. Ümumiyyətlə, bütün dövlət xəstəxanalarında nəyin pulsuz olduğunu çox adam bilmir. Buna bir aydınlıq gətirən, bir tədbir görən lazımdı, axı. Bu camaatın xeyli hissəsi sovet dövründə yaşayıb, indi xəyala dönən pulsuz tibbi xidməti görüb. Görüb ki, səhv diaqnoza, müalicəyə görə həkim necə məsuliyyət daşıyırdı. Uşaqlara tibbi xidmətsə tamam ayrı bir aləm idi. Uşaq anadan olan kimi hamı onu axtarırdı, o yan-bu yanına keçirdi, başına fırlanırdı. İndi bunlar adama yuxu kimi gəlir...

Siz də, biz də  o dövrdə yaşamışıq, o dövrdə oxumuşuq, o dövrdə  işləmişik. Tibbi xidmətdə nəyin həqiqət, nəyin  yuxu olduğunu siz də, biz də yaxşı bilirik. Və bu həqiqətləri bugünkü həkimlərə, tibb işçilərinə xatırlatmaq çox vacibdi. Tələsmək lazımdı,yoxsa ya müayinə və müalicəyə imkanı olmadığından, ya da həkimlərin səhvi ucbatından əziyyət çəkənlərin sayı hər gün çoxalacaq. Tələsmək lazımdı, sağlam ruh sağlam bədəndə olur – Azərbaycanın sağlam ruhlu vətəndaşlara böyük ehtiyacı var.

P.S. Mən özüm ayrı-ayrı həkimlərə, tibb müəssisələrinə dəfələrlə  müraciət edib fərqli cavablar alandan sonra Təbrizə getdim. Sən demə, müalicə üçün bu şəhərə Azərbaycandan üz tutan çox adam varmış. Ona görə ki, burda həm qiymətlər münasibdi, həm də diaqnozlar dəqiqdi. Heç dərmanları, analizləri, müayinələri demirəm, ən adlı-sanlı həkimin qəbulu bizim pulla 4-5 manatdı. Bəli, 4-5 manat – bu, xəyal deyil, gerçəkdi!

 





23.09.2013    çap et  çap et