525.Az

Bir şeirdəki haray notları


 

Bir şeirdəki haray notları <b style="color:red"></b>

Sabir RÜSTƏMOĞLU
fəlsəfə doktoru, dosent

Ermənistan ordusu tərəfindən Qarabağ torpağının 20 faizinin işğalından sonra səfalət içərisində yaşayan bəzi insanların acı  taleyi xalqımızın həyatına silinməz qara izlər salmışdır. Başımıza gətirilənləri yada salanda insan daxilən sarsılır, düşmənə nifrəti birəbeş artır.

Yazarlarımızın  əsərlərində Qarabağ faciəsi canlı boyalarla təsvir edilmiş və xalqımızın əbədi yaddaş abidəsi kimi heykəlləşmişdir. Belə məqamları ehtiva edən  şeirlərdən biri də Ramiz Məmmədzadənin “Əmənoğlu Cabbar” şeiridir. (“Azərbaycan” jurnalı, 2012, № 9) Şeir bir insan ömrünün olaylarını göz önündə canlandırır:

Ağdam bazarında
Əmənoğlu Cabbarın
Dəmirçixanası  vardı.
Dipdiri dəmiri,
Köz-köz yanan kömürü,
Gur küləkli körüyü  bəxtiyardı.
Əlləri yaradanın
Əllərinə bənzərdi.
Göylərdən buyruq gəlsəydi
Dəmirdən adam düzəldərdi.
Lap elə nəfəs də verərdi...

Qarabağ müharibəsindən  əvvəl Ağdam bazarında Əmənoğlu Cabbarın dəmirçixanası  vardı. Dəmirdən hər nə sifariş edilsə hazırlamağı bacarardı. Sanki dəmirə həyat verərdi Əmənoğlu Cabbar. Sözündə düz adamdı,camaatın xeyir-şərindən qalmazdı. Toylarda baməzə hərəkətləri ilə hamını məftun edərdi, şadlandırardı. Əmənoğlu Cabbar belə bir məğrur kişi idi:

Toydan, yasdan qalmazdı
Qəribə, baməzə  ovqatı vardı.
Yeriyəndə Yer tərpənərdi.
Gülüşündən Günəş doğardı
Əmənoğlu Cabbarın!..
 
Alman faşistlərinə  qarşı qəhrəmanlıqla döyüşərək orden-medallarla təltif olunaraq geriyə – Vətəni Qarabağa qayıtmışdı Əmənoğlu. Qayıtdıqdan sonra da keçmiş dədə-baba dəmrçi peşəsini doğma şəhəri Ağdamda davam etdirməyə başlamışdı. Beləliklə, yenidən öz el-obasında xoşbəxt güzəran keçirməkdəydi. Ötüb keçən bu qayğısız illərdə Əmənoğlu Cabbar bəxtəvər və maraqlı bir ömür sürmüşdü. Belə şad-xürrəm yaşadığı bir vaxtda erməni vəhşiləri yurd-yuvasını işğal etdi. Yüzlərlə həmvətənlərimiz kimi Əmənoğlu Cabbar da didərgin düşdü. Hər şeyi tarmar oldu: yurd-yuvası da, el-obası da, doğma şəhəri də, dəmirçixanası da...Ömrünün xoşbəxt anlarından bir nişanə qalmadı:

Amma, bu çərxi-fələyin
Kələyindən yoxmuş  xəbəri...
Toplara, mərmilərə tutdular
Yurd-yuvasını
Bir yay səhəri.
Dəmiri düzəlmədi,
Kömürü közərmədi,
Körüyü havalandı
Bazarı, çəkici, zindanı yandı
Əmənoğlunun.
 
Ömrünün ahıl çağında qaçqın-köçkün həyatı yaşayan Əmənoğlu Cabbar Bakı küçələrinə sığışmadı...

...Günlərin bir günü
Küçədə qarşıma çıxdı
Əyin-başı süzülmüş,
Ordeni, medalları
Pencəyinin əyri yaxasına düzülmüş
Əmənoğlu Cabbar.
İşıqfor dirəyinin kölgəsinə bürünüb
Keçib gedən maşınlara
Əlini açan gördüm...
Kömürü qaralmış,
Dəmiri ovulmuş,
Körüyü sovulmuş
Əmənoğlu Cabbarı...
 
Ramiz Məmmədzadə  Qarabağ torpağını dərin məhəbbətlə sevdiyini əksər şeirlərində dönə-dönə alovlu bir istəklə  tərənnüm etmişdir. Qarabağdan sönməz bir məhəbbətlə  söz açan şair onun hər qarış torpağı üçün canını  fəda etməyə hazır olduğunu poetik dillə özünəməxsus şəkildə bəyan edir. “Əmənoğlu Cabbar” şeirində R.Məmmədzadə qəmli bir insan həyatının şirinli-acılı illərinin böyük, təsirli epopeyasını yarada bilmişdir. Ramiz Məmmədzadə Qarabağ dərdinin haray notlarını olduqca təbii bir lövhə kimi canlandırmışdır. Şair “Əmənoğlu Cabbar” şeiri ilə xalqımızı mənfur erməni cəlladlarına qarşı mübarizəyə səsləyir və müqəddəs Qarabağımızı düşmən tapdağından azad etməyə haraylayır.

 





23.09.2013    çap et  çap et