525.Az

Yeri görünən adam


 

Yeri görünən adam<b style="color:red"></b>

Bağışla, Nadir müəllim. Bacınızın Gəncədən göndərdiyi gənclik şəklinizi, qardaş şəklini o gün qovluqdan salıb itirdim. Həmin gün güclü külək əsirdi. Maşından düşüb qovluğu  özümlə evə gətirdim, açanda şəkli görmədim, sonra ha axtardımsa tapa bilmədim. Səhərisi o şəkli küləyin məndən aldığı o küçədə axtardım, amma yenə tapılmadı...və o yeganə şəkli itirməyim mənə böyük bir faciəni xatırlatdı...Babanız Kəblə İbrahimin iki oğluyla birgə 1915-ci ildə şəhid olduğunu, 1915-ci ilin qanlı olaylarında Qərbi Azərbaycan-Gürcüstan sərhəddində ermənilərlə atışma nəticəsində qətlə yetirildiyini bilirdim. Bilirdim ki, yüzlərlə əliyalın soydaşlarımızı sərhəddən keçirə biliblər, düşmənin qabağını saatlarla saxlayıb, camaatın sağ-salamat sərhəddi adlamağına şərait yaradıb, özləri isə şəhid olublar...

Bəlkə elə  o şəkil də acı günlərin şəhidi olmuş doğma ruhların uyuduğu yerlərə uçurdu, bəlkə də...

60 yaşınızın təbrikini görün, bir görün hansı ovqatla başladım. Amma neyləyəsən, insanlar valideynlərindən çox zəmanələrinə oxşayırlar. Deməli, günah məndə deyil, zəmanədədi. Hətta bu ağır vaxtda təbriki də nikbin əhvalla yazmaq olmur.

Siz xeyirxah əməllərə, yüzlərlə arxasız insanların qayğılarına, insanlığa, mənəvi dəyərlərə xərclənmiş bir ömrün yiyəsisiz...

Siz bir zamanlar Qərbi Azərbaycanda yaşamış, sonralar qolçomaq damğasıyla sürgünlərə, repressiyalara məruz qalmış sayılıb-seçilən bir nəslin nümayəndəsisiniz.

Yaşadığınız, keçdiyiniz şərəfli ömür yolunuz o incidilmiş ruhlara ən gözəl təsəllidir.

Siz V.V. Kuybışev adına Səmərqənd Kooperativ İnstitutunun “İaşə məhsullarının texnologiyası” ixtisasını bitirib Vətənə dönmüş ilk azərbaycanlı mütəxəssis olmusunuz. “Azərittifaq”a ictimai iaşə məhsullarının texnologiyası üzrə ilk mütəxəssis kimi işə cəlb olunmuş, az sonra Qarabağ vilayətinə mühəndis-texnoloq vəzifəsinə göndərilmisiz. Axırda Xalq Təsərrüfatı İnstitutuna gəlmisiniz və o vaxtdan indiyə qədər də həmin institutda (indiki İqtisad Universiteti) baş müəllim kimi çalışırsınız.

Azərbaycan Respublikasında “ictimai-iaşə məhsullarının texnologiyası” ixtisası üzrə ilk buraxılış sizin rəhbərliyinizlə olub.

Siz respublikamızda “iaşə-məhsullarının texnologiyası” üzrə ilk ali təhsilli mütəxəssis olmaqla yanaşı, ali məktəbdə işlədiyiniz müddətdə bir sıra dərsliklərin, metodik vəsaitlərin, normativ texniki şərtlərin, texniki təlimatların, iaşə məhsullarının aktual sahələrinə həsr olunmuş 40-dan çox elmi məqalələrin müəllifisiniz.

Sizin son zamanlar yazdığınız elmi-tədqiqat xarakterli monoqrafiyanız bu sahədə  çalışan mütəxəssislərə ən bitkin əyani vasitədir.

Müxtəlif sahələrdə  çalışan tələbələriniz sizi qayğıkeş müəllim,bir dost kimi bu gün də dəyərləndirir və sevirlər.

15 fevral 2002-ci il

 

Bağışla, Nadir müəllim, o zaman şəklinizi itirmişdim, indi də özünüzü... Həqiqətdir ki, qalan təkcə söz olur, hər şey unudulsa da, hər şey dəyişsə də, dəyişməz olan sözdü...Yas mağarının baş tərəfində, xalçadan asılmış şəklinizə zillənib gözlərim. Gülər üzlü, işıqlı sifətiniz necə də canlıdır, əksər canlılardan da canlı...

Son görüşümüz heç yadımdan çıxmır. Evinizin yanında, Tiflis prospektində yerləşən yanacaqdoldurma məntəqəsində rastlaşdıq. Yenə üzünüzdə, gözlərinizdə təbəssüm.

– Xeyir ola, şair, həmişə burda görürəm səni, yəqin burda nəsə bir sirr var...

– Bəli, Nadir müəllim, buranın benzini də təmizdi, işçiləri də. Həm də Hacı Ramazanla, Hacı Ayazla, Amillə, Cəfərlə görüşməyimə bir bəhanədi bu benzin...Maşına benzin tökməklə yanaşı, bərk darıxanda onlarla bir stəkan çay içir, dərdləşirik...

– Şair, gözlərin şişib, sol gözünə qan damıb, gecəni yatmamısan, yuxusuz qalmısan yəqin?

– Oğlumun qəbrindən gəlirəm, Nadir müəllim...

– Səhər-səhər, belə tezdən niyə, hələ saat 9-du.

– Hə, obaşdan getmişdim, bir inni-cinni olmayan vaxtda. Oğluma söz vermişdim ki, 21 yaşında səni evləndirəcəm, qol-boyun bir saz havasına oynayacam sənnən...Maşını qəbrin düz yanında saxladım, bir kimsə yox idi ətrafda. Maqnitofonu yandırıb dostum, rəhmətlik Aşıq Xanların “Baş sarıtelli”ni qoydum. Bu ağır havanı qol götürüb oğlumun başdaşıyla oynadım...

Və yenicə yazdığım bir bənd şeiri sizə dedim:

Sübhədək gözümə  yuxu getmədi,

Gəldim məzarına obaşdan, oğlum.

Girmisən bir mərmər daşın içinə

Çıx, bircə anlıqsa o daşdan, oğlum...

Qəhər məni boğdu, arxasını deyə bilmədim...Siz də qəhərləndiniz, gözlərinizdən yaş  axdı üzünüzə, üzünüzü yana çevirib: gözünüzün yaşını sildiniz, sonra mənə çevrilib: “ – Sən, böyük adamsan, şair, səni anlamaq zor kişinin işidir. Səni anlasa yenə bizim Vidadi anlayar, səni o başa düşər...”

Çərçivədən boylanan gülümsər, təbəssüm dolu şəklinizdən ayrılıb, yas mağarından eşiyə çıxdım, canım sıxılırdı. Maşına oturub şəhərə, qala divarlarının yanına sürdüm. Yersiz maşın siqnalları, ələlxüsusda ki, sərnişin avtobuslarının qulaqbatırıcı siqnalları adamın beynini, əsəblərini yerindən oynadıb, zəqqutuna döndərir ruhunu, əsəbdən adamın gözləri pərdələnir, şəhərin gözəlliyi də, yaraşığı da yadından çıxır, adamın qaçmağı gəlir, harasa çıxıb getməyi gəlir, hara gedəsən ki...

Darıxdım bu şəhərdə...

Nə gecəsi gecədi,

Nə səhəri səhərdi.

Adamlar da dəyişib,

Belə, lap birtəhərdi...

Baxışlar acı  dadır,

Elə bil ki, zəhərdi.

Köhnə qalaların da

Divarları dəyişib.

Şəhəri infarkt vurub,

Damarları dəyişib...

Bu da İçərişəhər,

Bambalaca evlərin

Üzü, gözü qırışıb,

Turşuyub sir-sifəti...

Çatladıb divarları.

Sal daşların xiffəti...

Üç gün sonra Bodrumdayam. “Delta biç”də sübh tezdən, səhər yeməyindən öncə pilləkanlarla, sonra liftlə aşağı, çimərliyə enirəm. Güclü külək əsir, sahilə çırpılan uca dalğalar köpüklənib oturacaqlara, çarpayılara səpələnir. Dalğaların qoynunda üzüb əsəbləri suya çəkmək üçün əla fürsətdi. Belə də edirəm. Amma bir az sonra külək kəsir, sularda qırçın-qırçın ləpələr sıralanır. O qırçın ləpələr gözlərimdə qırçın saçlarınıza bənzədi, Nadir müəllim. Sahildən xeyli aralanmışdım, başımı suya salıb gözlərimi açdım (Egeyin şor suları çox xeyirlidi).

Suların dibində  apaydınca yamyaşıl yosunlar görünür. Sizin də gülümsər gözlərinizin dibi görünərdi, Nadir müəllim. Göz-qəlbin aynasıdı, deyiblər. Dipdiri sular kimi, gözlərinin aynasından ürəyinin də  dibi görünərdi, qəlbin də sular kimi dupduruydu. Qarşıda, alçaq təpənin döşündəki məscidin minarəsindən azan səsi ucalmağa başladı. Suyun içindəcə salavat çevirib, “Fatihə” surəsini oxuyub, sizə Allahdan rəhmət dilədim, Nadir müəllim!

Sahilə çıxıb qurulanandan sonra çimərlikdə, kölgəlikdə yan-yana sıralanmış boş çarpayılardan birində oturdum. Egeyin sol sahili, sağ sahili göz işlədikcə uzanan yamyaşıl dağlardı. Akvariuma bənzəyən bu yer hardansa gəlib Göyçə gölünü xatırlatdı mənə. Sovetlər dönəmində Yazıçılar Birliyinin xətti ilə İrəvandan qayıdanda yolumuzu Göyçə mahalından salmışdıq, oradan Gorus-Laçın yoluna çıxmalıydıq. Gölün kənarında maşını saxlatdırıb ona xeyli tamaşa etdiyimiz, qədim tariximizdən, Aşıq Ələsgərdən söz saldığınızı indi də olduğu kimi xatırlayıram. O qədim mahalın insanlarında da bir qədimlik, bir tarix yaşayır...Sözün doğrusu, hər sizi görəndə Aşıq Ələsgər yadıma düşərdi...

lll

Bardan musiqi sədaları  axırdı sahilə. Zəki Müren oxuyurdu: “Şarkılarda ağladıq, şarkılarda güldük. Şarkılarda ayrıldıq, şarkılarda üzüldük. Şarkılarda hayat, şarkılarda ölüm...O, olursa olsun, şarkıların gözü kor olsun!...” Çox möhtəşəm bir ifa idi.

Hələ bura gəlməmişdən  öncə yas mərasimində eşitdiyim bir söhbət məni çox təsirləndirmişdi. Hamı kimi, Nadir müəllimə də daş atan tapılıbmış bir zamanlar, daş atmaqda mahir xalqıq...Əlimdəki qeyd dəftərçəni vərəqləyirəm. Son akkordlarını yazdığım “Qaranlıqdan aydınlığa” roman-poemamın bir kiçik, yarımçıq qalmış səhifəsi dəyir gözlərimə:

“ Günlərin birində, əski sovetlər dönəmində məhsul yığımı zamanı kolxoz sədrlərindən biri Xalıq Qurbanovu sahədə, camaatın arasında görüb maşını saxlatdırır düşür, onunla əl verib görüşəndən sonra kənara çəkib:

– Xalıq müəllim, bu təzə gələn rəhbərin deyəsən təsərrüfatdan heç başı çıxmır, nə istədiyini başa düşmək olmur, elə danışır ki, bəs deyirsən yerin-göyün ağasıdı, özünü Faraon sayır yəqin,-deyir və bu cavabı alır:

– Eşşəyi çullayarlar, eşşəyə palan qoyarlar, eşşəyi yəhərləməzlər. Eşşəyi yəhərləyəndə ata dönür bəyəm, elə eşşəkliyində də qalır da...Bunun da belinə yəhər qoyub yorğa atların içinə salıblar, onun belinə yəhər qoyan da elə onun tayıdı. Fikir vermə, get işində ol...

Necə bir oxşarlıq...Taleyimizdə  də bir bənzərlik var. Hər ikimizin babalarına “kulaq”  deyib, var-dövlətlərini əllərindən alıblar. Xalıqın babasının var-dövlətini, torpağını bolşeviklər, sənin babanınsa var-dövlətini, yurdunu rusların əli ilə daşnaklar alıb.

Xalıq kişiyə  yazdığım şeir siz taleli köhnə kişilərin hamısına aiddir, Nadir müəllim. Sizin kimi dəyərli kişilərin bu dəyərsiz zəmanədə yaşamağı çox çətindi...

Dəyərlər əridi, bir-bir aşındı

Var-dövlətin torba-torba daşındı.

Daşınanlar öz torpağın, daşındı

Baxanda gözlərin sulandı, Xalıq!

 

Yüz yol sinənə  vur, yaxanı yırt da,

Öz içindən yeyər meyvəni qurd da...

Gör nələr yaşandı qurduğun yurdda

Sağdan da, soldan da talandı, Xalıq!

 

Qocalıq yetişdi, nəfəs təntidi,

Dövran ömür biçən bir kərəntidi.

Xoş gün, xoş  güzəran bir görüntüdü

Düz yolun sonucu dalandı, Xalıq!

Gəncədə, bacın Səltənət xanımın hüzür yerində nəyisə xatırlayıb kövrəldiyin, qəhərləndiyin an düşür yadıma. Söhbət edirdilər ki, erməni vəhşiliyindən can qurtarıb qaçan insanlar sel vaxtına düşdü, çayı keçəndə qardaşın gözü önündə 3 qardaşını sel apardı...Elə adamlar da vardı ki, günlərlə ac-susuz, yol boyu çiyinlərində daşıdığı yükü belə o an sular çiyinlərindən aldı. Ayağı, əli yalın,  gəlib çatıblar Şəmkirə, Gəncəyə...Siz təkcə ali məktəb müəllimi yox, bir həyat müəllimi idiniz. Sizin kimi köhnə kişilərə görün bu gün cəmiyyətin nə qədər ehtiyacı var, – insani münasibətə, sədaqətə, yol yoldaşlığına, mərifətə olan ehtiyacı...İşıqlı üzlər, işıqlı gözlər, işıqlı qəlblər olmayan ən varlı məmləkət belə qaranlıqdı, nursuzdu. Kamil insanlar olmayan yerdə var-dövlətin dəyəri də yoxdur...

O var –dövlət kimlərə, nələrə xidmət edəcək ki?

Egeyin gömgöy sularına baxıram. Sahillərdə sıralanan dağlar necə susqunsa, sular da eləcə. Yadıma gözlərindən axan yaş  və o damlalardan islanan cib dəsmalı düşür. Quruyubmu o dəsmal?

Yuva qurdun hər ahımda

Çiçəklədin sabahımda...

Dənizə dönür ruhumda

Bir damla acı  göz yaşı...

 

Sıralanır ləpə-ləpə

Ağlama yalan dünyada

Onda uca dağlar belə

Dönüb olur kiçik təpə...

 

Getdi köhnə  kişilərlə

Vüsal, hicran nəğmələri

Şoran dillərdə bitməz...

Gözəl sevgi kəlmələri.

 

Leyli pərdə  arxasında

Dolaşır səhnədə...Məcnun.

İndi üzü boz dünyada

Nə Leyli var, nə də Məcnun...

 

Alış çiynindəki yükə,

Alış, o yükü  tək daşı...

Hər bir ömrün  əzəli də,

Sonu da acı  göz yaşı...

Çətindi, Nadir müəllim, çox çətindi. Məsləhət etməyə, dərd bölməyə çox az, adda-budda adam qalıb. Adam olub yaşamaq çox çətindi. Səni anlayan, səni duyan olmayanda yalqızlıq yalquzaqlığa çevrilir. Minlərin, milyonların içində gəzib dolaşsan da, özünü təklikdə, qürbətdə, qəriblikdə hiss edirsən. Onda Vətən də sənə qərib olur. Vətən öz insanları ilə Vətəndi. İndiki dünyada kamil adamın  özünə yer, yurd tapması çox çətindi. İnsan onda Vətənsiz olur, onda ölür ki, səsi eşidilməz olur.

İlahi, bu xəstə quş öz

Yurdunu tapa bilmədi.

Dimdiyində hey qalmadı

Bir yuva yapa bilmədi...

 

Gah oxudu qırıq-qırıq

Hərdən də  bütöv oxudu...

Quş səsində  bir hıçqırıq

Cürbəcür, növ-növ oxudu...

 

Hardan gəlib bu xəstə  quş

Atası yox, anası  yox...

Torpaqda bir həmyuvası

Sularda bir sonası  yox...

 

Vurnuxur, çırpınır bu quş

Nəğməsi eşitməz olur...

Söz baxçasında gülləri,

Çiçəkləri bitməz olur...

Çox gəzib, çox dolaşıram.Gördüklərimi deyirəm –dağılmış Sovetlər Birliyində  əksər dövlətlərdən 50 il qabaqdayıq:gözəl yollar, körpülər, yeraltı keçidlər,saysız yeni məktəblər,hər kənddə qaz,su...Təyyarədən baxanda Bakını tanımaq olmur.Bayraq meydanında durub şəhərə baxanda adamın ruhu qanadlanır, üzü gülür...

Di gəl ki, dəyərlər bir-bir əriyib yox olur. İnsanlığın ən ali varı –səmimiyyət qeybə çəkilir, münasibətlər süniləşir... Yaxşını  təqdir etmək əvəzinə səhərdən axşamacan oxuduqların, eşitdiklərin ancaq şər, şəbədə, böhtan, təhqir və buna züy tutan yersiz maşın siqnalları...

Ağa qara demək,ancaq pisdən danışmaq qorxunc bir ənənəyə çevrilməkdədir.Mizantərəzi itməkdə,mizantərəzisiz nə cəmiyyət? Artıq nizamilər, füzulilər, cavidlər, səməd vurğunlar günü-gündən bizdən uzaqlaşır, unudulur. “Nadir dayım təkcə dayı yox, mənə ata əvəzi oldu, atamı cavan yaşımda itirdim.Dayım mənə atalıq etdi.”Bu sözləri Vidadi Qocaoğlu dedi... Özü də qürurla, fəxrlə...

Ataları əvəz edən dayılar,əmilər bir-bir dünyadan köçüb gedir...

Təkcə Vidadiyə  yox, çoxlarına atalıq etmiş Nadir müəllimə,köhnə  kişilərə ehtiyacımız çoxdu, onlarsız varlı cəmiyyət belə darıxdırıcı,dözülməz olar...

 





23.09.2013    çap et  çap et