Rəsmi İrəvanın Gömrük İttifaqına qoşulmaq haqqında verdiyi qərarı ekspertlər təhlil edirlər. Bəzi analitik mərkəzlərin qənaətinə görə, bu addım bütövlükdə regiondakı proseslərə mənfi təsir göstərəcək. Meydana yeni ziddiyyətlər çıxa bilər. Bölgə dövlətləri arasında münasibətlərdə qeyri-müəyyənliklərin artması gözləniləndir. Bunların fonunda isə böyük dövlətlərin geosiyasi mübarizəsi daha kəskin xarakter ala bilər.
Bölgə çətin seçim qarşısında
"Stratfor''un proqnozuna görə, Ermənistanın Gömrük İttifaqına üzv olması Qafqazın geosiyasi mənzərəsini dəyişəcək. Bu analitik mərkəz məsələyə Gürcüstan, Rusiya və Ermənistan münasibətləri müstəvisində yanaşır. Rəsmi İrəvanın bu qərarı iki faktora təsir edəcək. Əvvəla, Ermənistanın Avropa İttifaqına yolu bağlanır. İkincisi, bu addım Gürcüstanı Rusiya ilə yaxınlaşmağa təhrik edə bilər. Nəticədə, region Moskvanın təklif etdiyi Avrasiya İttifaqı modelinə istiqamətlənər. Eyni zamanda, onun Qərbə inteqrasiyası məsələsi sual altına düşmüş olar (bax: Stratfor: Вступление Армении в Таможенный союз изменит геополитику всего Кавказа / 1news.az, 9 sentyabr 2013).
Etiraf etmək lazımdır ki, tanınmış beyin mərkəzinin bu proqnozları məntiqi görünür. Çünki Ermənistan rəhbərliyi indiyə qədər kənardan olan diqtə əsasında hərəkət edib. İrəvanın Gömrük İttifaqına daxil olmaq haqqında bəyanatının gözlənilməz olması bu aspektdə təsadüfi deyil. Qərb və erməni ekspertlər bunun Kremlin tələbi, hətta hədəsinə görə baş verdiyini vurğulayırlar.
Hər bir halda prosesin hansı ssenari üzrə baş verdiyi artıq arxada qalıb. Geosiyasi aspektdə reallıq ondan ibarətdir ki, Ermənistanın bu addımı bütövlükdə Cənubi Qafqazı yeni bir ziddiyyətlə üz-üzə qoyub. Gürcüstanın baş naziri Bidzina İvanişvili vurğulayıb ki, "...hamı, o cümlədən Rusiya və Ermənistan da Avropa İttifaqının üzvü olacaq'' (bax: Иванишвили: Все будут в EС – и Россия, и Армения / Lragir.am, 10 sentyabr 2013). Bu, rəsmi Tbilisinin İrəvanın Gömrük İttifaqına üzv olması qərarını doğru saymadığını göstərir. O halda Gürcüstanla Ermənistan arasında geosiyasi müstəvidə fikir ayrılığının dərinləşməsi ehtimalının az olmadığı nəticəsini çıxarmaq olar. Burada üç məqama diqqət yetirmək lazım gəlir.
Birincisi, Moskva Abxaziyadan keçən dəmiryolunu açmaq istiqamətində Tbilisiyə təzyiqlərini artıra bilər. Gürcüstan sözdə buna etiraz etməsə də, reallıqda heç bir addım atmır. Bəzi məlumatlara görə, Abxaziya rəhbərliyi də həmin məsələyə ehtiyatla yanaşır.
İkincisi, Qərb rəsmi Tbilisinin dəmiryolunu açmaqla bağlı Kremlə müqavimət göstərməsini istəyəcək. Çünki Ermənistanın Rusiya ilə ortaq sərhədinin olmaması bütövlükdə Gömrük İttifaqı layihəsini İrəvan üçün xeyli dərəcədə absurd edir. Doğrudur, burada İran ərazisindən istifadə variantı da mövcuddur. Lakin Tehranın hazırda vəziyyətinin mürəkkəb olduğu məlumdur. Qərb istənilən anda həmin marşrutda çətinliklər yarada bilər.
Üçüncüsü, hətta erməni ekspertlər Türkiyə ilə quru sərhədinin əhəmiyyətinin artdığını qeyd edirlər. Lakin iki ölkə arasında indiki şərtlər daxilində sərhədlərin açılması mümkün deyil. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyincə bu, baş verməyəcək. Həmin səbəbdən, Kreml İrəvanın Türkiyə ilə heç bir əlaqə qura bilməyəcəyinə əmindir. Qalır, Rusiyanın təklifini qəbul etmək.
Ermənistan KİV-in yazdığına görə, Rusiya bu ölkənin dəmiryolu sisteminin inkişafı üçün 15 milyard dollar yardım ayırmağa söz verib (bax: Джеймс Акопян. Москва выдвинет новые требования Армении / Lragir.am, 11 sentyabr 2013). Lakin bunun reallaşması ehtimalı çox azdır. Çünki ölkənin dəmiryol sistemi qapalıdır, onun Qərbə çıxışı Türkiyə vasitəsi ilə ola bilər. Rusiya istiqamətində isə Gürcüstan maneəsi var. Ona görə də çətin ki, Moskva perspektivi olmayan bir işə sərmayə qoysun. Buradan belə nəticə hasil olur ki, Rusiya Ermənistana təzyiqini gücləndirəcək.
Geosiyasi təhdidlər
Ekspertlər bütün bunlarına fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ayrıca diqqət yetirirlər. Ermənilər ümid edirlər ki, Kreml Dağlıq Qarabağı ya Ermənistanın tərkib hissəsi kimi qəbul edəcək, ya da qondarma "DQR''-i tanıyacaq. Bunun əlamətlərindən biri guya Rusiyanın Xankəndindəki hava limanından istifadə etməsi olacaq (Наира Айрумян. Конкретные действия России в Карабахе / Lragir.am, 9 sentyabr 2013). Hiss olunur ki, Ermənistanın rəsmi dairələrinə yaxın olan KİV-də İrəvanın Gömrük İttifaqı ilə bağlı atdığı addıma Dağlıq Qarabağ məsələsindən istifadə edərək süni haqq qazandırmağa çalışırlar.
Bunların fonunda Qərbin Dağlıq Qarabağ məsələsini aktuallaşdıra biləcəyi proqnozlaşdırılır. Arqument olaraq rəsmi İrəvanın təhlükəsizlik məsələsinin onun üçün böyük əhəmiyyət daşıdığına işarə verməsini göstərirlər. Burada isə Ermənistan qabağa məhz Dağlıq Qarabağı atır. Buradan erməni ekspertlər belə nəticə çıxarırlar ki, Qərbin siyasi dairələri Qafqazdakı böyük və kiçik məqsədlərinə nail olmaq üçün hər şeydən əvvəl Dağlıq Qarabağla bağlı yeni təşəbbüslərlə çıxış edəcəklər. Bunun ilkin əlaməti kimi ABŞ prezidenti B.Obamanın Ermənistan və Azərbaycan prezidentlərinə göndərdiyi məktub göstərilir. Eyni zamanda, Vaşinqtonun Ceyms Uorliki ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməsi əsas gətirilir.
Açıq görünür ki, ermənilər təlaş içindədirlər. Rəsmi İrəvanın qəfildən Gömrük İttifaqına daxil olmaq qərarını verməsi onları şoka salıb. İlk növbədə, onlar Qərbin dəstəyini itirməkdən qorxurlar. Rusiyanın Avrasiya inteqrasiya modelinə elə də inanmırlar. Onu demək gərəkdir ki, son zamanlar Qərb siyasətçiləri və analitikləri də Moskvanın Avrasiya inteqrasiyası və Gömrük İttifaqı ilə bağlı planlarının reallaşması imkanlarının zəif olduğu haqqında tez-tez fikirlər söyləyirlər. Bunların fonunda Ermənistan cəmiyyətində psixoloji apatiya çoxalır.
Regionun geosiyasi gələcəyi aspektində isə daha əhəmiyyətlisi odur ki, qarşıya yeni ziddiyyətlər çıxır. Formalaşmış şərtlər daxilində onların daha çox Ermənistan-Gürcüstan arasında gərginlik yarada biləcəyini gözləmək olar. Bu ehtimalı baş nazir B.İvanişvilinin son vaxtlarda açıq şəkildə Qərb istiqamətinə üstünlük verməsi haqqında danışması gücləndirir. Burada hər şeydən əvvəl regional inteqrasiya prosesinə zərər yetirilə biləcəyini vurğulamaq olar. İranla əlaqəli vəziyyətin mürəkkəb qalması da əlavə qeyri-müəyyənliklər yaradır.
Bütün bunlardan belə qənaət əldə etmək olar ki, rəsmi İrəvan növbəti dəfə düşünülməmiş addımı ilə Cənubi Qafqazın geosiyasi taleyini sual altına atdı. Qərblə Rusiyanın bölgədə nüfuz uğrunda mübarizəsinə Çinin atdığı bir sıra addımlar da əlavə olunub. Ermənistanda siyasi dairələr hesab edirlər ki, Pekinin sərmayə qoyuluşu ölkəni Moskvanın vədlərindən xilas edə bilər (bax: Наира Айрумян. Китай спасет Армению от российских инвестиций? / Lragir.am, 10 sentyabr 2013).
Əslində isə, bunlar ermənilərin növbəti dəfə dost dedikləri Rusiyaya qarşı etibarsız davranması əlamətidir. Eyni zamanda, hiss olunur ki, onlar regionda geosiyasi rəqabəti mürəkkəbləşdirirlər. Pekinlə əlaqələri başqa bir böyük dövlətə qarşı durmaq qismində təqdim etməklə proseslərə radikallıq gətirirlər. Ermənistanın bu istiqamətdə fəaliyyətini davam etdirməsi ümumilikdə Cənubi Qafqazda geosiyasi mənzərəyə mənfi təsir edə bilər.
Ermənistanın Gömrük İttifaqına daxil olmaq haqqında qəfil bəyanat verməsi, buna qədər isə özünü Avropaya meylli ölkə kimi aparması meydana yeni çətinliklər çıxarmaqdadır. Avropa İttifaqı və Amerika İrəvan haqqında bədbin fikrə düşüblər. Bəzi ekspertlər isə Ermənistan rəhbərliyinin davranışını dövlətçilik baxımından "biabırçılıq'' adlandırırlar. Ancaq əsas məsələ odur ki, Cənubi Qafqaz regionu bu kimi "biabırçılığın'' altından necə çıxacaq?
Newtimes.az
çap et