525.Az

Elxan Şahinoğlu: “İran Ərdoğanla Suriya prezidentini barışdırmaq istəyir”


 

Elxan Şahinoğlu: “İran Ərdoğanla Suriya prezidentini barışdırmaq istəyir”<b style="color:red"></b>

“Ankaranın bugünkü qonağı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi idi. Rəsmi Tehran Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı Suriya prezidenti Bəşər Əsədlə barışdırmaq istəyir”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Zərifinin Ankaraya səfirinin əsas məqsədi bu idi:

“Aydındır ki, Ərdoğan bəlkə də haqlı olaraq Əsədin ünvanına o qədər ağır ifadələr işlədib ki, geri addım atmaq istəmir. Ancaq siyasət mümkün olanın reallaşdırılmasıdır. Ərdoğan Əsəd kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, Ərdoğan yenə Əsəd kimi Vaşinqtonun İsrailin Colan təpələri üzərindəki nəzarətini dəstəkləyən siyasətini qınayır, PKK və onun uzantıları Türkiyə kimi Suriya üçün təhdiddir”.

“Göründüyü kimi əsas mövzularda Ankara ilə Dəməşqin mövqeləri üst-üstə düşür. Ona görə də prezidentlərin növbəti illər üçün küsülü qalmalarına əsas yoxdur. Tehranın xarici siyasətinin sərt tənqidçilərindən olsam da, Əsədlə Ərdoğanı barışdırmaq üçün vasitəçilik təşəbbüslərini müsbət qarşılayıram. Əsəd çox qanunsuzluqlar edib, ancaq Rusiya və İranın köməyi ilə ölkə üzərindəki nəzarəti geri qaytardı. Ankara bu reallığı qəbul etmək məcburiyyətindədir. Ankarada söhbət etdiyim ekspertlər bu mövzuda fikir bildirməyə həvəsli olmasalar da, hiss olunur ki, onlar da Əsəd reallığını qəbul edirlər”, - deyə politoloq bildirib.

C.ABASOV

 





17.04.2019    çap et  çap et