Dünən Avropa Milli Kitabxanaları Konfransının prezidenti, Fransa Milli Kitabxanasının rəhbəri Bruno Rasine Mədəniyyət və Turizm Nazirliyində olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Milli Kitabxanaları Konfransının Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasına göstərdiyi diqqəti yüksək qiymətləndirib. Azərbaycan və Fransa Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair razılaşmanı xatırladan nazir, bu işdə göstərilən dəstəyə görə Bruno Rasineyə təşəkkürünü bildirib. Ə.Qarayev diqqəti milli kitabxanalar arasında əməkdaşlıqla yanaşı, Azərbaycanın Fransa ilə mədəni əlaqələrinə də cəlb edib: “Fransada ölkəmizin mədəniyyət, incəsənət xadimlərinin iştirakı müxtəlif mərasimlər, sərgilər, konsertlər və digər tədbirlər keçirilir. Bu tədbirlər təkcə UNESCO-nun xətti ilə təşkil olunmur, Azərbaycan mədəniyyətinin Fransada təbliğində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusilə önə çəkmək lazımdır”.
Azərbaycanda kitabxana sahəsində görülmüş işlərdən danışan nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunmuş və proqramda nəzərdə tutulan vəzifələr uğurla yerinə yetirilib. Bu gün respublikamızın paytaxtında, eləcə də regionlarımızın iri şəhərlərində yüksək texnologiyalarla təchiz edilmiş kitabxanalar fəaliyyət göstərir. Nazir Bakıda keçirilən möhtəşəm tədbirlərdə iştirakına görə Bruno Rasineyə təşəkkürünü bildirib.
Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine müvafiq konfransın növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb, kitabxanalar arasında əlaqələrinin bundan sonra da davam edəcəyini deyib. Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
S.ABDULLAYEVA
çap et