BÖYÜK BRİTANİYANIN “DİPLOMAT” JURNALI AZƏRBAYCAN PREZİDENTİ HAQDA MƏQALƏ DƏRC EDİB
Böyük Britaniyanın “Diplomat” jurnalı Azərbaycan Prezidenti İlham Əliyev haqqında “İlham: Bir Prezidentin portreti” adlı məqalə dərc edib. SİA-nın verdiyi məlumata görə, dövlət xadiminin ingilis dilindəki ilk tərcümeyi-halına nəzər salan Venetia van Kuffeler Azərbaycan Prezidenti İlham Əliyev haqqında alim, neft strategiyasını həyata keçirən şəxs kimi və onun hakimiyyətə yüksəlişi barədə tədqiqat aparıb.
Qrem Hovard Uilson Azərbaycan Prezidenti İlham Əliyevin atası, SSRİ dövründə Azərbaycanı idarə edən və Sovet İttifaqında Siyasi Büronun üzvü və Baş nazirin birinci müavini olan Heydər Əliyev barədə bioqrafiya yazdığından bu işə olduqca savadlı tərzdə yanaşıb. Müəllif bu məzmunda İlham Əliyevin prezidentliyə yüksəlişini də işıqlandırmağa çalışıb.
Q.H.Uilson Sovet İttifaqı kimi ağır bir rejimdə Heydər Əliyevin hakimiyyətdə sürətli yüksəlişini və bunun ardınca enişini təsvir edib: “Sovet İttifaqı dağılarkən Qərbdə maarifçi-islahatçı kimi tanınan Mixail Qorbaçov müstəqillik uğrunda keçirilən nümayişləri boğmaq üçün Sovet ordusuna və tanklarına Bakıya hücum etmək əmri verdi. Bu hadisələr 1990-cı ilin yanvarında yüzlərlə mülki vətəndaşın öldürüldüyü 20 Yanvar faciəsi ilə nəticələndi. Bundan əvvəl vəzifəsindən uzaqlaşdırılmış Heydər Əliyev baş verən zorakılığa qarşı səsini yüksəltdi və ana yurdu Naxçıvana qayıtdı. O, 1993-cü ilədək – Azərbaycanın Ermənistan ordusu tərəfindən hərbi təcavüzə məruz qaldıqdan sonra parçalanmaq təhlükəsi yarananadək orada qaldı”.
Məqalədə daha sonra deyilir: “Atası Sovet İttifaqındakı vəzifəsindən istefa verdikdən sonra İlham Əliyev müəllim olaraq fəaliyyət göstərdiyi və elmlər doktorluğu dərəcəsini müdafiə etməyə hazırlaşdığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu tərk etməyə məcbur oldu”.
Jurnalda Ulu Öndərin neft strategiyası və onun həyata keçirilməsində tarixi şərait barədə söhbət açılır: “Ölkəni sabitliyə qovuşduran və Ermənistanla atəşkəs əldə edən Heydər Əliyevin məqsədi Azərbaycan iqtisadiyyatını yenidən qurmaq idi. Bu isə bir vaxtlar ölkənin əsas sənaye sahəsi sayılan neft sənayesinin dirçəldilməsi demək idi. Danışıqlar prosesi dayananda ölkənin zəngin enerji ehtiyatlarının istismarı üçün xarici dövlətlərin sərmayədarlarını Azərbaycana cəlb etmək məqsədilə İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti təyin edildi. Aylar sürən, hətta bir neçə dəfə dayandırılmaq təhlükəsi yaşayan danışıqlar prosesindən sonra 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan Beynəlxalq Əməliyyat Konsorsiumu BP tərəfindən idarə olunmağa başladı. Həmin dövrdə yenicə hakimiyyətdən gedən Böyük Britaniyanın Baş naziri Marqaret Tetçer razılığın əldə olunmasında mühüm rol oynamışdır və bununla da Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı sıx əməkdaşlığın əsası qoyulmuşdur”.
Məqalədə prezident seçildikdən sonrakı 10 il ərzində İlham Əliyevin ölkədə böyük dəyişikliklər etməsindən söhbət açılır: “Neft-qaz istehsalı ilə bağlı müqavilələrin və boru kəmərlərinin çəkilməsi ilə əlaqədar imzalanmış sənədlərin nəticəsi olaraq 10 il ərzində ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə düşmüşdür. Bundan başqa, digər sənaye sahələrinin inkişafına təkan verilmiş və sənayenin şaxələndirilməsi məqsədilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu sayəsində əldə olunan gəlirlərin bir qismi təhsil və elm sahələrinə yönəldilmişdir. 2007-ci ildə BMT Dövlət Neft Fondunu “İstehsal sənayesinin şəffaflıq mükafatı” ilə təltif etmişdir”.
Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllinə də diqqət ayırıb: “Bütün bunlara baxmayaraq, hələ də Azərbaycanın problemləri vardır. Ölkənin Ermənistanla münaqişə də getdikcə alovlanır”.
Jurnalda Prezident İlham Əliyevin Dağlıq Qarabağ və yeddi ətraf rayonun onun hakimiyyəti dövründə geri qaytarılacağı barədə sözlərindən sitat gətirilir: “Xalqa bəxş etdiyi iqtisadi çiçəklənmə ilə yanaşı, bu da onun siyasi irsi hesab olunacaqdır”.
çap et