525.Az

Gənc qiraətçilərin Vətən sevgisi


 

Gənc qiraətçilərin Vətən sevgisi<b style="color:red"></b>

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin həyata keçirdiyi “Gənc qiraətçilərin Ümumrespublika Müsabiqəsi” qaliblərinin nümunəvi çıxışları əsasında hazırlanmış “Vətəni sevməyən insan olmaz...” adlı musiqili-ədəbi axşam keçirilib. Gecə Azərbaycanın müxtəlif  bölgələrindən qalib gələn 22 qiraətçinin çıxışlarından ibarət olub. Artıq 6 aydır ki davam edən layihəyə, bir çox görkəmli incəsənət və mədəniyyət adamları rəhbərlik edib. Layihənin rəhbəri və ssenari müəllifi Təhmasib Novruzov idi, münsiflər heyətinin tərkibində  Xəzər Emin, Dilarə Vəliyeva, Ofeliya Sənani, Elşad Bayramlı, Əlfaim Əziz, Nadir Hüseynov və bədii söz ustası Namiq Məna təmsil olunurdu.

Bir – birindən istedadlı gənclər və azyaşlı uşaqlardan ibarət olan qrup öz rəngarəng, düşündürücü çıxışları ilə tamaşaçıların könüllərini fəth etməyi bacardı. Qeyri-peşəkar, həvəskar truppa olmaqlarına baxmayaraq gələcəyimizin əmin əllərdə olduğunu görmüş olduq. İştirakçılar arasında yaş məhdudiyyəti yox idi. Tədbir ədəbi, tarixi nümunələrə aid foto və video təqdimatlar, B.Vahabzadə, Aşıq Ələsgər, S.Vurğun, Füzuli, M.Ə.Sabir, Şəhriyar və digər görkəmli şairlərimizin yaradıcılığından olan şeir nümunələri ilə start götürdü. Proqram Azərbaycanın yarandığı tarixdən etibarən bu günümüzə qədər olan tarixi inkişaf dövrünü əhatə edirdi. Şeirlər inkişaf yolumuzu xronoloji baxımdan əks etdirməklə yanaşı, səhnələşdirilmiş bütöv bir əsər təsiri bağışlayırdi. 22 qalibdən 3-ü muğam sənətinin nümayəndəsi, Ağdam şəhərindən olan həmvətənlərimiz idi. Bu istedadlı gənclər öz gözəl səsləri ilə gecəni daha da gözəlləşdirdi. Proqramın sonunda qaliblər diplom və hədiyyələrlə təltif edildi:  Rzayeva Jalə Qalib qızı, Cəfərova Nigar Rauf qızı, Əliyev Rauf  Telman oğlu, Dadaşova Pərvin Tofiq qızı, Muradlı Qüdrət Savalan oğlu, İsgəndərov Mirisgəndər, Zeynalov Zaur Qüdrət oğlu və s. qaliblər sırasında idi. Münsiflərin təqdimatı ilə başlayan tədbir, elə onların dəyərli fikir və məsləhətləri ilə yekunlaşdı.

Məhəbbət Hacıyeva

 





25.09.2013    çap et  çap et