III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində uşaq ədəbiyyatının nümayəndələri ilə “Uşaqlar, kitab oxuyun” mövzusunda görüş olub. Görüşdə Firudun bəy Köçərli adına Uşaq Kitabxanasının hazırladığı slayd izlənib, uşaqlar hazırladığı səhnəcik nümayiş etdirilib. Bundan başqa, Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı və digər uşaq ədəbiyyatı nümunələrini yaradan tanınmış yazıçı və şairlər, uşaq ədəbiyyatının problemlərini müzakirə ediblər. Sonda müəlliflərin yaradıcılıqlarından nümunələr səsləndirilib. Sərgi-yarmarka çərçivəsində Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Rusiya Federasiyası Federal mətbuat və kütləvi kommunikasiyalar agentliyi, Sosial-iqtisadi və intellektual proqramlar fondu, habelə Rusiya Kitab Naşirləri Assosiasiyası ilə təmsil edilən RF pavilyonunun təqdimatı olub.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov pavilyonun açılışında iştirak ediblər.
Bakıya gəlmiş Rusiya nümayəndə heyətinə ədəbiyyat tənqidçisi, publisist Lev Anniski, nasir, uşaq yazıçısı Valeri Voskoboynikov, şair Mariya Vatutina, şair və nasir Yevgeni Reyn, sənətşünas və naşir Nadejda Reyn daxildir.
Rusiya nəşriyyatları yarmarkada uşaqlar üçün kitablardan başlamış xüsusi texniki və dini ədəbiyyata qədər çox müxtəlif kitab məhsulları təqdim edirlər. “Russkiy reportyor” stendi isə sərgiyə gələnlərə Rusiyanın ən yaxşı fotoqraflarının işlərini tanıdır.
İlk dəfə açıq səma altında təşkil edilən sərgi-yarmarka çərçivəsində dəyirmi masa olub. Ədəbi tənqidçi və publisist, XIX-XXI əsrlər rus ədəbiyyatı, keçmiş sovet xalqlarının ədəbiyyatları, teatr, kino və bədii fotoqrafiya haqqında kitabların, monoqrafiya və məqalələrin müəllifi, bir çox mükafatların, o cümlədən “TEFİ” mükafatının laureatı, Rusiya Pen-Mərkəzinin, Moskva Kinematoqrafçılar İttifaqının və Moskva Yazıçılar İttifaqının üzvü Lev Anninski dəyirmi masanın qonağı olub. Diskussiya “Millilik və vətənpərvərlik” mövzusunda aparılıb. L.Anninskiyə görə, milli özünüdərk ali mənəvi özünüdərkdir: “Bu barədə məxsusi fikirləşmək lazım deyil, çünki hər şey təbii şəkildə olmalıdır”. Müəllif milli ədəbiyyatların inkişafına, milli müəlliflərin əsərlərində bədii və mənəvi məsələlərə, insan varlığı barədə əzəli suallara dair fikirlərini bölüşərək deyib ki, bütün bunlar ümumbəşəri olduğuna görə oxucu üçün hər bir dildə başa düşülən və maraqlıdır.
Sonda L.Anninskinin Bakı Slavyan Universitetinin nəşriyyatında “Filoloqun kitabxanası” silsiləsindən Azərbaycan dilində çap edilmiş “Qoz ləpəsi: tənqidi oçerklər” kitabı müəllifə təqdim olunub.
III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun “Heydər Əliyevin elmi irsi” ikicildliyinin təqdimatı da keçirilib. “Şərq-Qərb” nəşriyyatı direktorunun müavini Rafiq Kazımov ulu öndərin xatirəsinə həsr olunmuş kitabın əhəmiyyətindən söz açıb: “Professor Zahid Qaralovun bu dəyərli əsəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə sanballı töhfədir”. R.Kazımov kitabda Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətinin, elmi-nəzəri əhəmiyyətinin əks olunduğunu xüsusi vurğulayıb.
Kitabın müəllifi, professor Zahid Qaralov ümummilli lider Heydər Əliyevin əvəzsiz şəxsiyyət olmasından, respublikamızın inkişafında və dünyada tanınmasında, inkişafın Azərbaycan modelinin yaradılmasında ulu öndərin əvəzsiz rolundan danışıb. O, eyni zamanda, Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, onun suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, ölkənin iqtisadi inkişafı sahəsində cari və uzunmüddətli layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib: “Heydər Əliyevin elmi irsi” kitabı 1969-cu ildən bəri topladığı materiallar əsasında, son bir ildə tərtib olunub. Kitabı fərqləndirən cəhət ondan ibarətdir ki, burada Azərbaycanın yeni tarixində baş vermiş siyasi hadisə və proseslərə sadəcə olaraq xronoloji ardıcıllıqla deyil, elmi nöqteyi-nəzərdən yanaşılıb. Kitab ümummilli lider Heydər Əliyevin yalnız elmi irsinin deyil, həmçinin onun mənəvi, əxlaqi və dövlətçilik irsinin də öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. Əsərdə ümummilli liderin elmi irsi on beş istiqamət üzrə araşdırılıb”.
Z.Qaralov qeyd edib ki, son on ildə ölkədə həyata keçirilmiş islahatlar da kitabda əksini tapıb: “Ulu öndərin siyasi kursunun məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətinə çevrilib. Ümummilli lider Heydər Əliyev siyasəti Azərbaycanı daha xoşbəxt gələcəyə aparır və buna görə də xalq daim onun xatirəsini ehtiramla yad edəcəkdir. Ziyalılarımız və elm adamlarımız ulu öndərin irsini bundan sonra da araşdıracaq, yeni dəyərli əsərlər yaradacaqlar. Ulu öndərin özünəməxsus iş üslubu, bilik və bacarığı, psixologiyası, hadisələrə yanaşma tərzi var idi. Onun yaradıcı təfəkkürünü təhlil edib mühüm elmi nəticələr əldə etmək mümkündür”.
Sərgi-yarmarka çərçivəsində növbəti tədbirlər bu gün keçiriləcək.
S.ABDULLAYEVA
çap et