525.Az

Memarlıq və arxeoloji abidələrin bərpası ilə bağlı Payız məktəbi açılıb


 

Memarlıq və arxeoloji abidələrin bərpası ilə bağlı Payız məktəbi açılıb<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində birinci Payız məktəbinin açılış mərasimi keçirilib. Tədbiri açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Payız məktəbinin əsas məqsədinin gəncləri Azərbaycanın qədim tarixi və mədəni abidələri ilə yaxından tanış etməkdən və onların bu sahədə biliklərinin artırılmasından ibarət olduğunu bildirib: “Respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə inkişafa nail olmaqla yanaşı, mədəni irsimizə də diqqət xeyli artıb. Bu baxımdan ölkədə xeyli işlər görülmüş, memarlıq abidələri bərpa edilib. Hazırda Azərbaycanda 10 minədək respublika və dünya əhəmiyyətli tarixi-mədəni abidələr mövcuddur. Onların bərpası üçün isə yerli mütəxəssislərə ehtiyac duyulur. Eyni zamanda, mədəni irsimizin qorunmasına və təbliğinə hər kəs öz töhfəsini verməlidir”.

 Nazir müavini tədbir iştirakçılarına bu mühüm vəzifənin həyata keçirilməsində uğurlar diləyib.

Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova son illər ölkə miqyasında arxeoloji tədqiqatların böyük vüsət aldığını diqqətə çatdırıb: “Bu sahəyə ayrılan maliyyə vəsaitinin ilbəil artması nəticəsində 40-dan artıq elmi-tədqiqat işi aparılıb və elmə məlum olmayan yüzlərlə abidələr üzə çıxıb. Bütün bunların gələcək nəsillərə çatdırılması üçün şərait yaradılıb.  Bu istiqamətdə Arxeologiya və Etnoqrafiya İnstitutu Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir”.

Belçika Krallığının Lüvən Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Kral Tarix və İncəsənət Muzeyinin tədqiqatçısı Aleksandr Turovets çıxışında müasir dövrdə Cənubi Qafqaz regionunun, xüsusilə də Azərbaycanın tarixi və mədəni abidələrin tədqiqatı baxımından dünyanın bir çox mütəxəssislərinin diqqətini cəlb etdiyini diqqətə çatdırıb: “Azərbaycana xüsusi marağın digər səbəbi də onun mədəniyyətlərin qovşağında yerləşməsidir”.

İlk nəzəri təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən təqdimatlar edilib. Layihənin növbəti günlərində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılar “Xınalıq” Tarix, Memarlıq və Etnoqrafiya Qoruğu və Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı qazanacaqlar. Onlar son illər ərzində bərpa olunmuş və hazırda bərpası davam etdirilən tarix və mədəniyyət abidələrini də ziyarət edəcəklər.

Sentyabrın 27-dək davam edəcək layihənin növbəti günlərində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində təlimlər keçiləcək.

S.ABDULLAYEVA

 





25.09.2013    çap et  çap et