525.Az

Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri (davamı)


 

Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri <b style="color:red">(davamı)</b>

Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılarımızda şəxsi müşahidələrimizə, müxtəlif mənbələrə, o cümlədən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza məlumat vermişdik. İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin –təxminən 95 faizdən artığının etiqad etdiyi islam dininin müqəddəs ibadətgahlarından –məscidlərdən söhbət açacağıq. Ölkə ərazisində, demək olar ki, hər bir rayon və şəhərdə böyük və kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir. Növbəti silsilə yazılarımızda paytaxt və Abşeron yarımadasından başlamaqla ölkə ərazisində fəaliyyət göstərən məşhur məscidlərimizdən bəhs edəcəyik.

Bakının möhtəşəm məscidlərindən biri də Səməd Vurğun küçəsində yerləşən Hacı Əjdərbəy məscididir. Məscid 1912-1913-cü illərdə inşa edilib. Məscidin memarı Zivər bəy Əhmədbəyov olub. Məbədin günbəzi göy rəngdə olduğundan xalq arasında ona “Göy məscid” də deyilir. Sovet hakimiyyətinin ilk illərində məbəd əsgər kazarması kimi istifadə olunub, 1944-cü ildə Təzəpir məscidi ilə birlikdə fəaliyyətini bərpa edib. İbadət evini tikdirən və xeyriyyəçi kimi tanınmış Hacı Əjdərbəy İbrahimbəyovun qəbri məscidin girişindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı nəticəsində Hacı Əjdərbəy məscidinin də əsaslı təmir-bərpa edildikdən sonra 2011-ci ildə açılışı olub.

İçərişəhərdə yerləşən “Sınıq Qala” Məhəmməd məscidi də seçilən dini abidələrimizdəndir. “Ustadi-rəis Məhəmməd Əbubəkr oğlu”nun tikdiyi məscidin giriş qapısının sol tərəfində, şimal divarında əhəngdaşı üzərində qabarıq şəkildə həkk olunmuş dörd sətirlik kufi kitabədə məbədin tikilmə tarixi qeyd olunub. Bu yazıdan məlum olur ki, məbəd 1078-1079-cu illərdə tikilib. İçərişəhər ərazisində üzərində ən qədim epiqrafik yazısı olan Məhəmməd məscidi möhtəşəm görüntüyə malik olub tam müdafiə qalasını xatırladır. Xalq arasında “Sınıq Qala” adı 1723-cü ildə yaranıb. Belə ki, Xəzər sahili boyunca işğalçı yürüşlərə çıxan I Pyotrun artilleriyası həmin ilin iyunun 26-da Bakını atəşə tutanda şəhərin ən qədim məscidinin minarəsi zədələnib. Top mərmisinə qala bürcü kimi duruş gətirən minarə həmin vaxtdan xalq arasında “Sınıq Qala” adını qazanıb. 1988-ci ildə arxeoloji qazıntılar nəticəsində alçaq formalı olan minarə kvadrat bünövrə üzərində tikilmiş bir tikili kimi canlanıb. İbadət zalının altından daş çatma qübbə ilə örtülmüş otaq aşkarlanıb.Döşəmənin altından İslama qədər dini ayinlərin elementləri tapılıb. Buna əsasən alimlər güman edirlər ki, məscid İslamaqədərki atəşgahın bünövrəsi üzərində inşa edilib.

Buzovnadakı “Cümə” məscidinin inşasına isə 1896-cı ildə başlanıb, tikinti 1900-cü ildə yarımçıq qalıb. 1918-ci ildə tikinti işlərinə yenidən başlansa da tam yekunlaşmayıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bu məscidin binasından anbar və dükan kimi istifadə olunub. 2007-ci ildə Buzovna sakinləri Cümə məscidində bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırılıb, məscid dekabrın 19-da istifadəyə verilib. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Əmircandakı 100-dən artıq yaşı olan Qoşaminarəli məscidin tikintisi isə neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu M.Muxtarova müraciət edir. Xeyriyyəçi milyonçu razılaşır və beləliklə, 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa olunur. M.Muxtarovun tikdirdiyi əzəmətli məscid nadir memarlıq üslubuna malik tarixi tikililərdəndir. Məscidin 47 metr hündürlüyündə olan 2 minarəsi o dövrdə digər məscid minarələrindən fərqlənirdi. Minarələrə qalxan pilləkənlərin sayı 140-a çatır. Məscidin 2 qülləsindən dindarlar azan vermək üçün istifadə edirdi. İstər qüllənin aşağı, istərsə də yuxarı hissəsində azan verilə bilər. Məscidin 2-ci mərtəbəsində qadınların namaz qılması üçün xüsusi otaq var.

Deyilənlərə görə, o illərdə mütəmadi məscidə gələn milyonçu burada namaz qılar, dualar edərmiş. Hətta M.Muxtarov Əmircan məscidinə məxsusi müqəddəs Qurani-Kərim hədiyyə etdiyi də məlumdur. Sovet dövründə məsciddən toxuculuq sexi, 1985-1988-ci illərdə Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin sərgi salonu kimi istifadə olunub. 1989-cu ildən məscid yerli sakinlərin ixtiyarına verilib.

Novxanıdakı “Hacı Səfəralı” məscidi də diqqətçəkən ibadətgahlardandır. Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilib. Məscid ilk vaxtlar kiçik bir təkyədən ibarət olub. 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük bir məscid tikdirib. Məscidə qərb tərəfdən birmərtəbəli mədrəsə bitişikdir. İbadətgahlara qarşı mübarizə Səfəralı məscidindən də yan keçməyib, keçən əsrin 30-cu illərində məscid bağlanıb. Repressiyalara baxmayaraq, novxanılılar məscidin tam məhv edilməsinə icazə verməyiblər, məscidin taxıl anbarına çevrilməsinə nail olublar. 60 illik fasilədən sonra – 1988-ci ildə məscid kənd dindarları tərəfindən bərpa edilib istifadəyə verilib.

Müstəqillik illərində məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir olunaraq ona iki minarə əlavə edilib. Məscidin ərazisi abadlaşdırılıb, dindarlara lazım olan bütün texniki məsələlər yüksək səviyyədə həll olunub, yenidənqurma işləri 2007-ci ildə başa çatdırılıb. Səfəralı məscid kompleksi memarlıq baxımından Abşeronda ən möhtəşəm dini ocaqlardan hesab olunur.

lll

Azərbaycan xalqı tarixən öz dini və milli dəyərlərini uca tutub, onları qoruyaraq zamanın sınağından keçirməyi bacarıb. Prezident İlham Əliyev Şamaxıdakı Cümə Məscidinin açılışı zamanı söylədiyi fikirlər bunu bir daha sübut edir: “Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli dəyərlərimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq”.

(Ardı var)

S.ABDULLAYEVA

 





25.09.2013    çap et  çap et