525.Az

"İçərişəhər"də nə baş verir?


 

"İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİNİN MƏTBUAT KATİBİ QORUQ ƏRAZİSİNDƏ KONSTRUKSİYALARDAN İBARƏT TİKİNTİ İŞLƏRİNİN APARILDIĞINI VƏ BU İŞLƏRİN QALA DİVARLARINA ZƏRƏR VURMADIĞINI BİLDİRDİ

"İçərişəhər"də nə baş verir?<b style="color:red"></b>

Son günlər sosial şəbəkələrdə, ayrı-ayrı saytlarda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda qala divarları boyu iaşə obyektlərinin tikilməsi ilə bağlı yayılan xəbərlər cəmiyyətdə birmənalı qarşılanmadı. İctimaiyyət nümayəndələri, sıravi vətəndaşlar qala divarları boyu tikinti işlərinin aparılmasına etirazlarını bildirdilər.

Milli Məclisin deputatı Fazil Mustafa Feysbuk səhifəsində İçərişəhərdə qala divarlarının bir hissəsini söküb yerində kafe tikildiyini bildirdi: "Bu işi görənlərin heç biri ictimai qınağı nəzərə almaq barədə düşünmək istəmir. Mərhum Xalq şairi Vaqif Səmədoğlu əlli il öncənin sökhasökünə məruz qalan İçərişəhəri "Biçarə şəhər" adlandırırdı. İndisə yalnız biçarə qalan İçərişəhər deyil, bizlər hamımızıq. Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yoxdur... Halbuki tarixin bu nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz".

Qeyd edək ki, tikinti işlərinə etirazını bildirənlərin əsas  arqumentlərindən biri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"nin 4-cü, "İnşaat-təmir işlərinin aparılması" haqqında bəndidir. Əsasnamədə qeyd olunur ki: "Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır".

Mətbuat Şurasının mətbuat xidmətinin rəhbəri Əvəz Rüstəmovun fikrincə, İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti prinsipcə həmin o qala divarlarının özü və içərisi ilə məhdudlaşmalıdır: "Vəziyyət heç bir müqəddəsliyin nəzərə alınmaması, heç bir müqəddəsliyə məhəl qoyulmaması dərəcədə acınacaqlıdır".

Bu məsələ ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərova müraciət edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirdi ki, tarixi məkana göstərilən etinasız münasibət nəticəsində Qız qalası, Mərdəkan bağlarına kimi uzanan gizli yollar hazırkı dövrümüzə gəlib çıxmayıb, orada aparılan tikinti işləri zamanı üzəri torpaqla örtülüb: "İçərişəhər düşmən mühasirəsinə düşdüyü zaman su, ərzaq, silah əldə etmək, son anda xilas olmaq üçun gizli yeraltı yolların varlığı böyük əhəmiyyət kəsb edirdi. Tarixi mənbələrdə yazılır ki, şəhərin düşmən əlinə keçdiyi zaman şah, əyanlar və mühafizəçilər yeraltı yolla Qız qalasına müdafiə mövqeyinə çəkilmələri, düşmən güc gəldikdə, qalanın təslimolma qorxusu yarananda isə yeraltı yolla şəhəri tərk etmələri haqqında maraqlı məlumatlar var".

Z.Əliyevin sözlərinə görə, general Pavel Sisianovun öldürülməsindən sonra rus ordusunun Bakını işğal etməsi zamanı yeraltı yolla şəhərdən dəniz kənarına qaçan və oradan gəmi ilə Qacar dövlətinə gedən Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdı: "Sabahını düşünən insan heç vaxt igid ola bilməz". Dosent hazırda bu daş yazıdan da əsər-əlamət qalmadığını təəssüflə qeyd etdi.

Səslənən fikirlərə münasibət  bildirən Qoruq idarəsinin mətbuat katibi Rahib Azəri ərazidə konstruksiyalardan ibarət tikinti işlərinin aparıldığını vurğuladı: "Konstruksiya qala divarlarından aralıda quraşdırılıb. Məqsəd ondan ibarətdir ki, qala divarlarına zərər vurulmasın. Hazırda yalnız yüngül materialdan ibarət dayaqlar mövcuddur. Hər hansı yenidənqurma işlərinin qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir". O qeyd edib ki, layihənin məqsədi ərazidə fəaliyyət göstərən restoranları yeniləmək və daha yüksək keyfiyyətli tikili ərsəyə gətirməkdir.

Köhnə restoranların yerində beton özüllərin atılmasına da münasibət bildirən R.Azəri deyib ki, ərazi müxtəlif dövrlərdə tədqiq olunub: "Qala divarları perimetr boyu araşdırılıb, arxeoloji qazıntı aparılıb, burada heç nə aşkarlanmayıb. Burada əvvəllər də restoranlar olub. Əvvəlki restoranlar qala divarlarına bitişik idi, hazırkı tikililər isə qala divarından aralıda quraşdırılıb. Bizim məqsədimiz onları daha müasir şəkildə əhalinin və turistlərin xidmətinə verməkdir".

İdarə rəsmisi qala divarlarındakı fərqli daşlardan olan tikinti işlərinə də aydınlıq gətirərək qeyd etdi ki, qoruq hazırda bərpa işləri zamanı həmin daşlardan istifadə etmir: "O bərpa işləri 2007-ci ildən əvvəl olub".

R.Azərinin sözlərinə görə, "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin daxilində hazırda heç bir bürc bərpa edilmir: "İçərişəhərdə tarixən 23 bürc olub və bu bürclərdən biri ötən əsrin 50-ci illərində Bakının baş memarı, əslən erməni Mamexonov tərəfindən ləğv edilib. Həmin o bürcün yeri dəqiqliklə tapılıb və 2012-ci ildə tam bərpa edilib. Hazırda heç bir yerdə bərpa işi aparılmır. Sosial şəbəkələrdə yayılan foto həmin bürcün bərpası zamanı 2011-ci ildə çəkilib".

C.ABASOV

 

 





26.04.2019    çap et  çap et