525.Az

Dilimizin fəal təəssübkeşi və fədakar tədqiqatçısı


 

Dilimizin fəal təəssübkeşi və fədakar tədqiqatçısı<b style="color:red"></b>

Görkəmli dilçi alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Yusif Mir Əhməd oğlu Seyidov Azərbaycan dilçilik elminin formalaşmasında və inkişafında misilsiz xidmətləri olan örnək ziyalılarımızdan idi. O, dəyərli monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, sanballı elmi məqalələri, orijinal  filoloji düşüncələri və mülahizələri ilə elmi ictimaiyyətdə silinməz izlər qoyub.

Professor Yusif Seyidov bütün mənalı və şərəfli ömrünü Azərbaycanın elminə, təhsilinə, ana dilimizin inkişafına həsr etmişdi. Uzun müddət ölkəmizin ən nüfuzlu təhsil ocağında - Bakı Dövlət Universitetində fəaliyyət göstərmiş, gənc nəslin yetirilməsində fəal rol oynamışdı. Onun gərgin elmi axtarışlarının nəticələri gələcək nəsillər üçün bir məktəbdir. Görkəmli dilçi alim elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də tanınıb. Azərbaycan şairlərinin, yazıçılarının söz və sənət haqqında mülahizələri, dil və onun insan həyatında, cəmiyyətdə rolu, xalqın dilçilik, qismən də ədəbiyyatşünaslıq və s. barədə fikirləri, professor Yusif Seyidovun bir çox məqalələrində, habelə "Klassik Azərbaycan şairləri söz haqqında" (1977), "Yazıçı və dil" (1979), "Sözün şöhrəti" (1981), "Sözün qüdrəti" (1988), "Sözün hikməti" (1989), "Şairin dərdi" (1996) və s. kimi sanballı monoqrafiyalarında öz əksini tapıb.

Alimin "Sözün şöhrəti" adlı monoqrafiyası xüsusilə diqqəti cəlb edir. Belə ki, əsərdə inqilabdan əvvəl yaradıcılığa başlayan şairlərin, erkən sovet dövrünün gənc şair və yazıçılarının, 30-cu illərin ikinci yarısında yaradıcılığa başlamış şairlərin dil məsələlərinə dair fikir və mülahizələrindən, Azərbaycan ədəbi dilinin inkişafında, onun lüğət tərkibinin zənginləşməsində, qrammatik quruluşunun, yazılı və şifahi nitq normalarının təkmilləşməsində, dilin üslubi imkanlarının genişlənməsində rolundan bəhs olunur. 

Yusif Seyidovun "Şairin dərdi" monoqrafiyası sanbalı və orijinallığı ilə xüsusilə diqqət çəkir. Alim həmin monoqrafiyada Səməd Vurğun yaradıcılığını yeni müstəvidə araşdıraraq indiyədək onun məlum olmayan məqamlarını və incəliklərini aşkarlamışdı. 

Professor Yusif Seyidov eyni zamanda, Azərbaycan dilinin tarixinə dair də sanballı əsərlər yazıb. Alimin "Nəsiminin dili" monoqrafiyası,  habelə "Kitabi-Dədə Qorqud"un dilində sadə cümlə (inkişaf səviyyəsi)", "Kitabi-Dədə Qorqud" dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi", "Ədəbi şəxsiyyət və dil", "Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi", "Dastani-Əhməd Hərami" haqqında bəzi qeydlər", Dövrün (XII-XIX əsrlər) şeir dilinə ümumi bir nəzər" kimi məqalələri gərgin əməyin və axtarışların məhsuludur.

Alimin "Nəsiminin dili" monoqrafiyası Nəsimi yaradıcılığını və dilini, ümumiyyətlə, Azərbaycan dilinin tarixini araşdıran tədqiqatçılar üçün olduqca faydalıdır.

Alimin ədəbi-bədii dil haqqında məqalələrinin bir qismi onun "Ədəbi tənqid və bədii dil" monoqrafiyasında toplanıb.

Müasir Azərbaycan dilinin və ümumiyyətlə, dilçilik elminin aktual problemlərinin araşdırılması ilə Yusif Seyidov dilçiliyin inkişafına ciddi töhfə verib. Tanınmış türkoloq A.N.Kononovun təbirincə desək, professor Yusif Seyidov türkologiyada əsasən sintaksis sahəsinin görkəmli tədqiqatçısı sayılır.

Alimin "Azərbaycan ədəbi dilində söz birləşmələri" əsərində həm də qədim yunan, Hind dilçilərinin söz birləşmələri haqqında elmi mülahizələrinə toxunulmuşdur. Monoqrafiyanın diqqətəlayiq cəhətlərindən biri də ondan ibarətdir ki, burada söz birləşmələrinin dil sistemindəki yeri öyrənilmiş, onların başqa nitq vahidləri ilə oxşar və fərqli xüsusiyyətləri təhlil olunub.

Yusif Seyidov morfologiya məsələlərini də geniş və sistemli şəkildə araşdırıb. "Azərbaycan dilində, ümumən türk dillərində inkar əvəzliyi varmı?", "Eyni sözün bir və ya bir neçə nitq hissəsinə daxil ola bilib-bilməməsi haqqında", "Dildə sözün kökü və əsası məsələsinə dair", "Kəmiyyət kateqoriyası ümumi qrammatik kateqoriya kimi" məqalələrində Azərbaycan dili morfologiyasının ən aktual və ciddi məsələlərinə toxunub.

Görkəmli alim "Müasir Azərbaycan dili"- (I h.-1959, II h.-1963), "Müasir Azərbaycan dili. IV hissə. Sintaksis" (1972, 1985, 2009) orta və ali məktəblər üçün qiymətli dərslik və dərs vəsaitlər tərtib etmişdi.

Onun ikicildlik "Demokratiyanın uzun yolu", "Ey ulu dünya" (ədəbiyyata, sənətə aid) məqalələr toplusu geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanışdı.

Nüfuzlu alimin gərgin əməyi sayəsində ərsəyə gələn 200-dən çox elmi əsəri, o cümlədən, 30-dan çox kitab və monoqrafiyaları sanbalı ilə diqqəti cəlb edir və böyük elmi-nəzəri və praktiki əhəmiyyətə malikdir.

 





26.04.2019    çap et  çap et