525.Az

Konsertmeyster ustalığı üzrə respublika müsabiqəsi başlandı


 

Konsertmeyster ustalığı üzrə respublika müsabiqəsi başlandı <b style="color:red"></b>

Aprelin 25-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu təhsil ocağının 90 illik yubileyinə həsr edilmiş konsertmeyster ustalığı üzrə respublika müsabiqəsinin açılış mərasimi olub.

Əvvəlcə BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin müsabiqə iştirakçılarına ünvanlanmış salamlama məktubu oxunub.

Sonra Xalq artisti Kamilla Hüseynovun bədii rəhbərliyi ilə müsabiqənin münsiflər heyəti təqdim edilib.

Tədbirdə BXA-nın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, 90 ilə yaxın təhsil və sənət ənənələri olan, uzun illər boyu davamlı fəaliyyətindən sonra 2014-cü ildə Prezidentin müvafiq Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yeddi təhsil pilləsini, o cümlədən, ibtidai, ümumi orta, tam orta, orta ixtisas, bakalavriat, magistratura, doktoranturanı özündə birləşdirən Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yaradılıb. Akademiya qarşısında duran mühüm vəzifələrdən biri də xoreoqrafiya sənəti ilə yanaşı, onunla sıx əlaqədə olan ixtisas və sənət sahələrinin təlim-tədrisini və tədqiqini həyata keçirməkdir. Musiqi sənəti, musiqi ifaçılığı da bu baxımdan ən mühüm sənət sahələrindən biridir. Rəqsi musiqisiz təsəvvür etmək mümkün deyil. Odur ki, xoreoqrafiya sənəti üçün yüksəkixtisaslı konsertmeysterlərin hazırlanması günümüzün ən zəruri tələbidir və müsabiqə də məhz buna xidmət edir.

Müsabiqənin əsas məqsədi xoreoqrafiya sinfində musiqi müşayiətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq klassik və milli rəqs üzrə xüsusi təyinatlı konsertmeyster hazırlığı, Azərbaycan konsertmeyster ifaçılığı sənəti ənənələrinin qorunması və təbliği, konsertmeysterlərin yaradıcılıq qabiliyyətlərinin müəyyən edilməsi və peşə bacarıqlarının artırılmasıdır.

Sonra tədbir "La performance dei maestro" adlı konsert proqramı ilə davam edib.

ŞAHANƏ

 





26.04.2019    çap et  çap et