525.Az

"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi


 

"Azərbaycan Diaspor Könüllüləri" proqramı təqdim edildi<b style="color:red"></b>

Aprelin 25-də Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Heydər Əliyev Fondunun "Regional İnkişaf İctimai Birliyi"nin təmsilçisi Cəmil Əliyev, "ASAN xidmət"in aparat rəhbəri Azad Cəfərli və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən komitə sədri F.Muradov bildirib ki, "Azərbaycan Diaspor Könüllüləri" proqramı bütün dünyadakı Azərbaycan diaspor hərəkatının güclənməsində vacib rol oynayacaq. O, proqrama qatıldıqları üçün könüllülərə təşəkkürünü bildirib: "Savadlı, bilikli, vətənpərvər gənclər dövlət müstəqilliyimizin qorunub saxlanılmasında böyük rol oynaya bilərlər. Bu, ilk görüşümüzdür. Amma digər dövlər qurumlarının təmsilçilərilə birgə sizinlə tez-tez görüşəcək və suallarınıza cavab verəcəyik. Bu proqrama qatılan gənclər könüllü kimi təcrübə qazanacaqlar. Adətən ali məktəbi bitirən gəncin iş təcrübəsi olmur. Bu cür proqramlarda iştirak etməklə gənclər həm təcrübə qazanacaq, həm də onların adlarının daxil olduğu məlumat bazası yaradılacaq".

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ü.Quliyev bu təşəbbüsü alqışladığını bildirib. O qeyd edib ki, diaspor könüllüsü olmaq çox məsuliyyətli işdir və bu proqramın başlanmasının müsbət nəticə verəcəyinə inanır.

Deputat gəncləri yüksək səviyyədə təhsil almağa, sağlam həyat tərzi sürməyə, milli maraqlara xidmət etməyə çağırıb.

Nazir müavini İ.Babayev deyib ki, Prezident İlham Əliyevin gənclərə ünvanlanmış bütün tövsiyələrində vətənpərvərlik əsas yer tutur. O qeyd edib ki, ASAN, Formula-1 könüllüləri artıq brendə çevrilib və diaspor könüllülərinin də bu adı qazanacaqlarına ümid edir.

Gənclər Fondunun icraçı direktoru F.Cəfərov diaspor komitəsini və könüllüləri yeni proqram münasibətilə təbrik edib. O hesab edir ki, "Azərbaycan Diaspor Könüllüləri" proqramı könüllülük hərəkatının təşviqinə xidmət edəcək.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. O, hər bir könüllünü fondla əməkdaşlığa və öz layihələrini təqdim etməyə dəvət edib.

"Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, proqrama 609 gənc müraciət edib. Onların 95 faizi Bakıda, 3.5 faizi regionlarda, 1.5 faizi isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Proqrama uyğun olaraq gənclər könüllülük fəaliyyəti, Azərbaycan diaspor hərəkatı, dünya azərbaycanlıları və sair haqqında ətraflı məlumat alacaqlar. Proqramda tam iştirak edən gənclərə Diasporla İş üzrə Dövlət Komitəsinin sertifikatı veriləcək.

C.ABASOV

 

 





26.04.2019    çap et  çap et