525.Az

Demokratik seçkilər kimin xeyrinədir?


 

Demokratik seçkilər kimin xeyrinədir?<b style="color:red"></b>

Azərbaycanda demokratik seçki keçirilməsi hər şeydən əvvəl Azərbaycan    xalqının xeyrinədir. Bu bizə dövlətçiliyimizin daha da möhkəmlənməsi, qüdrətlənməsi üçün lazımdı. Demokratik seçkinin keçirilməsi bütün beynəlxalq təşkilatların, Amerikanın, Avropa dövlətlərinin, digər dünya dövlətlərinin Azərbaycana qarşı olan münasibətlərinin daha da  yaxşılaşması, Azərbaycan vətəndaşının özünü daha qürurlu, ləyaqətli hiss etməsi deməkdi.

Bütün bunları xatırlatdıqdan sonra görək, seçkiyə sayılı günlər qalmış bir vaxtda, bu günki Azərbaycanın reallığı necədi? Bugünkü Azərbaycanda seçicilərin əhval-ruhiyyəsi, onların iqtidara, hakimiyyətə gəlmək istəyən müxalifətə qarşı münasibəti necədi?

Yəqin ki, həm iqtidarda qalmaq istəyən  bugünkü iqtidar, həm də iqtidara gəlmək istəyən müxalifət , bugünkü reallıqdan baxaraq, soyuqqanlı, səssiz-küysüz, lap tutaq elə özləri üçün, tam reallığa əsaslanıb sorğular aparıblar, seçicilərin iqtidara və hakimiyyətə gəlmək istəyən müxalifətə qarşı səslərinin faiz nisbətini dəqiqləşdiriblər.

Bugünkü reallığa əsaslanaraq, bəri başdan deyim ki, bu nisbət , müqayisə olunmayacaq dərəcədə iqtidarda olan prezidentliyə namizəd İlham Əliyevin xeyrinədi.

... Və əlbəttə, 9 oktyabra qədər qalan müddətdə, bu gün hakimiyyətdə  olan iqtidar, hakimiyyətdə qalmaq üçün aparacağı təbliğatla çalışacaq ki, onun xeyrinə olan faiz nisbətini daha da artırsın, ən azı isə o nisbətin aşağı düşməsinə imkan verməsin.

İqtidara gəlmək istəyən müxalifət isə əlbəttə, bütün gücü ilə çalışacaq ki, aşağılarda olan faiz nisbətini öz xeyrinə dəyişsin.

Seçici o vaxt hakimiyyətə gəlmək istəyənə və ya hakimiyyətdə qalmaq istəyənə səs verir ki, o, əməli işlərdə görür, onun üçün, onun yaşadığı bölgə üçün, ümumi respublika üçün hansı xeyirli işlər görülür. Onun yaşadığı kənddə, rayonda, şəhərdə quruculuq işləri gedir; yollar çəkilir, su, qaz, işıq fasiləsiz verilir. Fabriklər, zavodlar qurulur, iş yerləri açılır. Məşğul olduqları özəl işləri genişləndirmək və ya fikirlərində olan biznes layihələri həyata keçirmək üçün kreditlər verilir.

Beynəlxalq səviyyədə onun vətəni olan Azərbaycanın maraqları yüksək səviyyədə təmsil olunur və qorunur. Müstəqillik tarixi  o qədər də çox olmayan Azərbaycanın get-gedə beynəlxalq səviyyədə nüfuzu qalxır.

Seçicilər şahidi olurlar ki,bugünkü iqtidar Azərbaycanda apardığı siyasətlə, iştirakçısı olduğu və ya özünün təşəbbüsü ilə həyata keçirdiyi beynəlxalq səviyyəli iqtisadi layihələrlə məcbur edir ki, məhz beynəlxalq səviyyələrdə Azərbaycanla hörmətlə davransınlar, Azərbaycanla hesablaşsınlar.

Qısa müstəqillik tariximizdə beynəlxalq aləmdə Azərbaycanın təbliğatına, necə deyərlər, reklamına çox böyük ehtiyac var. Və bütün cəmiyyət görür ki, bu istiqamətdə çox vacib,  sistemli, ardıcıl işlər görülür- özü də, həm Azərbaycanın xaricində, həm də daxilində.

Azərbaycan sistemli, hərtərəfli inkişaf xətti götürüb və bu inkişaf çox effektli surətdə aparılır. İstər quruculuq işləri, istər mədəniyyət sahəsində görülən işlər olsun, istər Azərbaycanın dünya səviyyəsində tanınması istiqamətində, istər energetika ilə bağlı, iqtisadiyyatla, idmanla, səhiyyə və təhsil ocaqlarının tikintisi ilə bağlı görülən işlər olsun.

Seçicilər çox yaxşı görürlər ki, Azərbaycanın hər kvadrat metri gözlərimiz qabağında yenidən qurulur; – istər Respublikanın paytaxtı Bakı şəhərində, istərsə də, bütün regionlarda.

Ona görə də seçicilər bu cür  dinamik, ardıcıl, hərtərəfli, böyük sevgi ilə aparılan inkişafın hakimiyyətdə olan iqtidarın davam etdirməsini istəyir.

Onu da qeyd etməliyik ki, seçicilər onu da eşidirlər, oxuyurlar ki, aparılan işlər zamanı korrupsiya halları və digər çatızmazlıqlar olur. Əlbəttə, onların olmaması lazımdı, amma görülən işlərlə, mənfi halları müqayisə edəndə seçicilər üçün tərəzinin birinci gözü xeyli ağır gəlir.

İnkarolunmaz faktdır və bunu, əlbəttə, seçicilər yaxşı görürlər ki, hakimiyyətdə olan iqtidarın apardığı siyasət nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq səviyyədə söz sahibi olan bir dövlətə çevrilir.

Bu cür reallıqların ortada olduğu bir halda, əlbəttə, iqtidarda olan öz tərəfindən heç cür imkan verməməlidir ki, seçkilərdə hansısa pozuntular olsun. Bütün mümkün olan beynəlxalq təşkilatları dəvət etməlidir ki, gəlib Azərbaycanda keçirilən seçkiləri izləsinlər. Seçkilərin necə demokratik, şəffaf keçirilməsinin şahidi olsunlar..

Bu cür yanaşma mövqeləri onsuz da çox möhkəm olan bugünkü iqtidarın mövqelərini daha da  möhkəmləndirəcək. Bunun belə olması isə yuxarıda deyildiyi kimi, hər şeydən əvvəl, Azərbaycan xalqına lazımdır. Beynəlxalq ictimaiyyət üçün lazımdır və əlbəttə, iqtidarın həm daxildə, həm də beynəlxalq aləmdə mövqelərinin daha da möhkəm olması üçün lazımdır.

Və seçicilər qəti  şübhə etmirlər ki, prezidenliyə namizəd olan bugünkü Azərbaycanın Prezidenti İlham Əliyev yenidən prezident seçiləcək və növbəti prezidentlik müddətində daha böyük uğurla Azərbaycanda gedən hərtərəfli inkişaf, quruculuq işlərini davam etdirəcək.

 

 





25.09.2013    çap et  çap et