525.Az

Prezidentin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar


 

NÖVBƏTİ MƏRHƏLƏDƏ ELEKTRİK ENERJİSİ VƏ TƏBİİ QAZIN SATIŞ QİYMƏTLƏRİNƏ YENİDƏN BAXILACAĞINA DAİR GÖZLƏNTİLƏR VAR

Prezidentin sosial islahatlar paketi: <b style="color:red">əhalinin rifahı naminə yeni inqilabi addımlar</b>

Azərbaycanda həyata keçirilən iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə təkan verib.
 
Nəticədə cari ilin əvvəlindən sosial sahədə ard-arda islahat xarakteri addımların atılmasına başlanıb. 11 min manat məbləğində birdəfəlik ödəmə hüququ olan şəhid ailələrinin əhatə dairəsinin genişləndirilməsi, minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması, pensiya, sosial müavinət və təqaüdlərin artırılması, yeni təqaüd formalarının yaradılması, problemi kreditlərinin həlli bu istiqamətdə həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir.

Fevralın 25-də ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən son islahatlar və onların ilkin nəticələrini qiymətləndirmək üçün müşavirə keçirən Prezident İlham Əliyev genişmiqyaslı sosial islahatlar paketinin hazırlandığını bəyan etdi, ilk mərhələdə atılacaq addımların anonsunu verdi.

Dövlət başçısı çıxışında ilin birinci ayının sosial-iqtisadi göstəricilərinə nəzər yetirdi, aparılan islahatların nəticələrini, o cümlədən, büdcə gəlirlərinin artmasını təbii olaraq müsbət, sevindirici hal kimi qiymətləndirdi. Cari ilin əvvəlindən əldə olunan əlavə vəsaitlərin ilk növbədə sosial sahəyə - əhalinin, xüsusilə həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönəldilməsinə qərar verdiyini və bu istiqamətdə bir sıra addımların atıldığını diqqətə çatdıran dövlət başçısı bütün bunlarla kifayətlənmək fikrində olmadığını, bu istiqamətdə daha çox fəaliyyətin həyata keçiriləcəyini, diqqətin daha da artırılacağını nitqində ifadə etdi: "Aparılan islahatlar öz gözəl nəticələrini verir... Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək".

Müşavirədən sonra "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayan Prezident İ.Əliyev verdiyi anonsları çox qısa vaxtda həyata keçirdiyini ortaya qoydu. Sənədə əsasən, yaşa görə sosial müavinətin məbləği 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması qərara alındı. Ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata çatdırılması sərəncamda öz əksini tapdı. Habelə müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılmasına qərar verildi. Dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırıldı, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi. Müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması və digər həssas kateqoriyaların təqaüd, sosial müavinətlərinin artırılması sərəncamda öz əksini tapdı.

Dövlət başçısının imzaladığı daha bir sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırıldı. 

"Sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahına ciddi dəstək oldu" 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ilin ötən dövründə Prezident İ.Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verdi. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətləndi.

Sosial müdafiə sahəsində həyata keçirilən tədbirləri dəyərləndirən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət hazırda sosial məsələləri həll etmək imkanı yaratdı. O bildirdi ki, 2019-cu ilin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində az qala hər gün Azərbaycan prezidenti tərəfindən imzalanan yeni bir sərəncamın şahidi oluruq: "Bütün bu addımlar Azərbaycan prezidentinin həyata keçirdiyi kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Əvvəlcədən müəyyənləşdirilən və planlı xarakter daşıyan bu islahatların məqsədi vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaqdan ibarətdir".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirdi ki, Prezident İ.Əliyevin son fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır. Onun sözlərinə görə, dövlət başçısının 2019-cu ilin əvvəlindən imzaladığı fərman və sərəncamlarına diqqət yetirsək, insan amilinə verilən dəyər, ən əsası onların sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi daha aydın şəkildə özünü təsdiqləyəcək: "Təkmil sosial-iqtisadi islahatları ilə özünü dünyaya sosial dövlət kimi təqdim edən ölkəmizdə həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayanması beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək qiymətləndirilir, təqdir olunur. İlham Əliyev prezident kimi fəaliyyətə başladığı gündən bu məqsədi açıqladı ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır". 

Elektrik enerjisi və təbii qazın satış qiymətlərinə yenidən baxılacağına dair gözləntilər var 

Ümumiyyətlə, Prezident İ.Əliyevin son çıxışlarında atılan addımların heç bir halda dövləti tam qane etmədiyini bəyan etməsi, bu istiqamətdə tədbirlərin davamlı olaraq həyata keçirilicəyinə dair anonslar verməsi qarşıdakı aylarda da növbəti humanist addımların atılacağına dair cəmiyyətdə nikbin əhval-ruhiyyə yaratdı.

Bu mənada, əhalini qayğılandıran məsələlərdən biri qaz və elektrik enerjisinə tətbiq olunan limitlərlə bağlıdır. Xüsusilə qış aylarında evlərin qızdırılması üçün qaz və elektrik enerjisi ilə işləyən istilik sistemlərindən istifadə edilir ki, bu da limiti keçən vətəndaşların kommunal xidmət ödənişlərinin artmasına, əlavə xərclərin yaranmasına səbəb olur. Paytaxtda və regionlarda yaşayan aztəminatlı ailələr ümumiyyətlə bahalı istilik sistemlərindən istifadə edə bilmirlər. Meşəətrafı bölgə sakinləri isə çıxış yolunu ağaclardan odun kimi istifadə etməkdə görürlər. Nəticədə, bu, meşə təsərrüfatları, ekoloji vəziyyətə mənfi təsirlər göstərir. Çıxış yolu isə təbii qaz və işıq enerjisindən güzəştli qiymətlə istifadə üçün qoyulan limitlərə yenidən baxılması və ya tamamilə ləğv edilməsi, əhalinin aşağı qiymətlə təbii qazdan, elektrik enerjisindən istifadəsinə şərait yaradılmasıdır.

Təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan illik 1700 kubmetrlik limit bitəndən sonra 1 kubmetr qazdan istifadə 20 qəpikdən, elektrik enerjisinə görə isə 7 qəpik olan aylıq 300 kVts-lıq limit bitəndən sonra 1 kVts üçün 11 qəpik hesablanmasa, vətəndaşlar əlavə xərclərdən azad olunar, həmin vəsaiti başqa vacib məsələlərin həllinə yönəldə bilərlər.

Belə bir qərarın qəbuluna Milli Məclisin deputatları, sahə üzrə ekspertlər müsbət yanaşır, problemin həllinə vacib məsələ kimi baxırlar.

Deputat Musa Qasımlı bildirdi ki, Prezident İ.Əliyevin sosial islahatlar paketi bilavasitə Azərbaycan vətəndaşının qayğılarının azaldılmasına, bərabər imkanlar yaradılmasına, sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Ona görə də deputat elektrik enerjisi və təbii qaz istifadəsinə qoyulan limitin ləğv olunacağına inanır: "Bu məsələ çox aktualdır. Rayon yerlərində bəzən vətəndaşlar limiti keçdikləri üçün meşələrə üz tutur və nəticədə ağaclar qırılır. Meşələrdə ağacların qırılması bulaqların, çayların suyunun azalmasına da təsir göstərir. Bu, bütövlükdə həm iqtisadi, həm də ekoloji cəhətdən ziyanlıdır. Ona görə də yaxın vaxtlarda ölkə prezidentinin həmin limitləri ləğv edəcəyinə inanıram".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov da hesab edir ki, qaz və elektrik enerjisinin istifadəsinə tətbiq olunan limitlərə yenidən baxılması və tariflərin dəyişdirilməsi məqsədəuyğun olardı: "Vətəndaşların istehlak etdiyi qaz və elektrik enerjisinə tətbiq olunan limitlərin artırılması və ya tariflərin daha aşağı salınması lazımdır. Nəzərə alınmalıdır ki, kommunal xərclər aztəminatlı vətəndaşlarımız üçün əsas xərclərdən biridir. Məsələyə yenidən baxılması və müvafiq qərarın qəbulu isə ölkə vətəndaşlarının xərclərinin azaldılmasına imkan verəcək. Bu, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından vacibdir. Vətəndaşlar kommunal xərclər üçün ayırdığı vəsaitin bir hissəsinə qənaet edə, digər problemlərinin həllinə yönəldə bilərlər".

V.Bayramov vurğuladı ki, bu kontekstdə məsələyə yenidən baxılmalı, islahatlar aparılmalıdır: "Azərbaycanın maliyyə imkanları kifayət qədərdir. Nəticə etibarilə bu, kommunal xidmətlərin tariflərinə yenidən baxılmasına, uyğun tarif və limitlərin tətbiq edilməsinə imkan verir".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd etdi ki, enerji böyük istehlak təbəqəsi üçün əlçatan olmalıdır: "Əgər əlçatan deyilsə, o zaman ya enerjidən istifadə azalır, istehlakçılar alternativ enerji növləri axtarırlar. Hökumət hər zaman bu məsələyə diqqət etməlidir. Çünki enerji daşıyıcılarının qiymətlərini dövlət tənzimləyir. Hökumətin birinci vəzifəsidir ki, daim monitorinq eləsin və şəhərlərdə, bölgələrdə, kəndlərdə əhalinin yaşam səviyyəsində, maddi vəziyyətinə uyğun olaraq çevik qiymət siyasəti yürütsün. Əks təqdirdə, insanlar bölgələrdə ağacları qırıb yandırmağa başlayacaqlar. Hökumət bir tərəfdən gəlir əldə edirsə, digər tərəfdən təbiətə, başqa  resurslara ziyan dəyir. Ona görə, bu məsələdə qızıl orta tapılmalıdır. Azərbaycanda bu qiymət məsələsi o zaman ortaya atıldı ki, 2016-cı ilin son rübündə ölkəmiz təbii qazı idxal etməyə başladı. Bunun nəticəsində ötən ilin büdcəsindən Dövlət Neft Şirkətinə 250 milyon manat vəsait ayrıldı. Əgər indi Azərbaycan bu qazı idxal etmirsə, ən azı bu limitin həcmini artırsın".

Ceyhun ABASOV

Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir

 





27.04.2019    çap et  çap et