525.Az

Opera və Balet Teatrının solistləri beynəlxalq festivalda


 

Opera və Balet Teatrının solistləri beynəlxalq festivalda<b style="color:red"></b> Aprelin 20-dən mayın 5-dək Özbəkistanın paytaxtı Daşkənddə "Taşkent Bahoru" V Beynəlxalq Opera və Balet festivalı keçirilmişdir.

Festival Özbəkistan Mədəniyyət Nazirliyi və Əlişir Navoi adına Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilmiş və ölkədə böyük əks-sədaya səbəb olmuşdur. Festivalda Rusiya, Çin, Başkiriya, Qazaxıstan, Özbəkistanla bərabər Azərbaycandan tanınmış musiqiçilər də iştirak etmişdir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev və Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın əməkdar artisti Afaq Abbasova aprelin 23 və 26-da dahi Cüzeppe Verdinin iki opera əsəri - "Trubadur" və "Traviata"nın ifasında böyük uğurla iştirak etmişlər. Özbəkistanın Dövlət Televiziya kanalları Azərbaycan musiqiçilərinin çıxışı və fəaliyyətlərini geniş işıqlandırmışlar.

Tamaşalarda Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə bərabər Rusiyanın Gelikon Opera Teatrının solistləri - Larisa Kostyuk (metso-soprano), İvan Qınqazov (tenor), Özbəkistanın xalq artisti Ramiz Usmanov (tenor), Başqırtıstanın xalq artisti Askar Abdrazakov və digər məşhur ifaçılar yer almışlar. Tamaşanın sonunda dinləyicilər uzun müddət Azərbaycanlı musiqiçiləri ayaq üstə alqışlayaraq səhnədən buraxmırdılar. Əlişir Navoi adına Dövlət Akademik Opera və Balet Teatrının Direktoru Mahmud Muradov Beynəlxalq Festivalın baş mükafatını Əyyub Quliyev və Afaq Abbasova təqdim edərək, onlara uğurlu çıxışları münasibətilə təşəkkürünü bildirmişdir.

Festival mayın 5-dək dəvam edəcək və Özbəkistan Opera və Balet Teatrının baş baletmeysteri, Rusiyanın Xalq artisti Andris Liepanın quruluşunda Stravinskinin "Atəş quşu" (Jar ptisa) baıetinin premyerası ilə tamamlanacaq.
 





27.04.2019    çap et  çap et