525.Az

Gəncə bölgəsində 200 yaşlı alman məskəni - Helenendorf


 

BU YERLƏRDƏ YAŞAMIŞ ALMANLARIN TÖRƏMƏLƏRİ GÖYGÖL ŞƏHƏRİNƏ GƏLƏRƏK ATA-BABA OCAQLARINI YAD EDİBLƏR

Gəncə bölgəsində 200 yaşlı alman məskəni - <b style="color:red">Helenendorf </b>

Alman mədəniyyəti və məişətinin respublikamızın müxtəlif yerlərindəki izləri tarixin yadigarları kimi qorunur və nəsildən nəslə ötürülür.

Gəncə bölgəsində vaxtilə salınan Alman koloniyalarının da bu il 200 illiyi tamam olur. Bu yubiley münasibətilə,  düz iki əsr bundan əvvəl - 1819-cu ildə Alman qəsəbəsi kimi salınmış Helenendorf - indiki Göygöl şəhərinə vaxtilə burada yaşamış almanların törəmələri səfər ediblər.

İki əsr bundan əvvəl Çarın razılığı ilə könüllü olaraq Rusiyada yaşamaq istəyən,  Almaniyanın Vürtenberq vilayətindən yüzlərlə alman ailəsi Rusiya imperiyasının bir sıra ərazilərində, o cümlədən, Cənubi Qafqazda yerləşdirilib. Gəncə yaxınlığındakı, elə Gəncə xanlarının yaylaq yeri olan Xanlıqlar adlanan kiçik kəndə də ilk mərhələdə 150 alman ailəsi məskunlaşdırılıb. Beləliklə, 1819-cu ildə Xanlıqlar kəndi rus çarının xanımının şərəfinə Yelenendorf (rusdilli xəritələrdə o, bu cür, alman və Avropa xəritələrində isə Helenendorf kimi göstərilir) adlı alman koloniyasına çevrilmiş olur. Yeni-yeni alman ailələrinin burada məskunlaşması ilə Helenendorf daha da genişlərir, küçələr salınır və bu küçələrdə həmin dövrün alman memarlığına xas olan 600-ə qədər ev tikilir.

Get-gedə Helenendorf böyüyərək özünəməxsus arxitektur quruluşlu iri yaşayış məntəqəsinə çevrilib. 1854-cü ildə almanlar özlərinə möhtəşəm Lüteran kilsəsi də tikiblər. Almanlar burda sənətkarlıqla yanaşı sənaye sahələrində də fəal çalışıblar. Onlar 1903-cü ildə bura Hacıkənddən içməli su xətti çəkib, 1911-ci ildə Gəncəçay üzərində buralarda ilk elektrik stansiyasını tikiblər. Helenendorf almanları Rusiyanın iqtisadi həyatına da öz töhfələrini veriblər. O cümlədən, şərabçılıqla məşğul olan Hummel və Forer qardaşlarının adları Rusiya ilə yanaşı, Avropa sənaye bazarında da çox məşhur olub.

Sovet dövründə, 1936-cı ildə  Helenendorfun adı dəyişdirilir və inqilabı Xanlar Səfərəliyevin şərəfinə Xanlar olur.  Almanlar Helenendorf - Xanlarda 123 il yaşayırlar. 1941-ci ildə Hitler Almaniyasının SSRİ-yə hücumu başlayan kimi, almanlar məskunlaşdıqları və azərbaycanlılarla qaynayıb qarışdıqları bu yerlərdən çıxarılıb və Qazaxıstana sürgün ediliblər. Lakin onların özlərindən sonra qoyub getdikləri tarixi-mədəni irs, dünyada tolerantlıq nümunəsi olan ölkəmizdə bu günədək qorunub saxlanılıb. 

BABALARIN OCAĞINDA 

Alman qonaqlar Göygöl şəhərinin tarixi, mədəniyyəti, sosial-iqtisadi vəziyyəti, turizm imkanları, eləcə də burda qorunan tarixi alman izləri barədə ətraflı bilgi əldə ediblər. Qonaqlar Göygölün küçələrini gəzərək alman izlərinin necə qorunduğunun canlı şahidi olmaq imkanı əldə ediblər.

Almaniyalı qonaqlar Göygöl şəhərinə budəfəki səfərlərində özlərinin Pasxa bayramını dədə-babalarının doğma yurdlarında keçirmək arzularını da gerçəkləşdiriblər. Onlar buradakı həmin Alman Lüteran kilsəsində öz dini ayinlərini icra edib, bayramlaşıblar. Bu kilsənin binasında Helenendorf və onun alman sakinlərinə aid yüzlərlə eksponata malik tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir.

Amma ən kövrək anlar Göygöldəki alman qəbiristanlığında yaşanıb. Əcdadlarının qəbirlərini ziyarətə gələn qonaqlar öz təəssüratlarını da məhz burada bölüşüblər.

"Mən məşhur sənayeçi Forerlər nəslinin nümayəndəsiyəm. Burada bir neçə ev bizim ailəyə məxsus olub. Mənim babalarım burada doğulub. Mən artıq 7 dəfə Göygölə səfər etmişəm. Həqiqətən də alman izlərinin qorunub saxlanılması məni heyran edir və çox sevindirir. Mənim babam burada şərabçılığın ənənələrini qoyub və sevindirici haldır ki, bu ənənələr bu gün də qorunub saxlanılır. Azərbaycanlılar çox mehriban və qürurlu bir xalqdır. Burada özümüzü öz evimizdəki kimi hiss edirik" deyə, 55 yaşlı Tomas Forer bildirir.

Marqarita Rautenbaxın isə 86 yaşı var. O, burada doğulub. "Atam 1937-ci ildə repressiya olunub, 1939-cu ildə güllələnib. O vaxt mənim 4 yaşım olub. Yaxınları onun burada dəfn olunmasına nail olublar. Bizi 1941-ci ildə Qazaxıstana sürgün ediblər. Bütün şirinli-acılı xatirələri ilə Göygöl mənin üçün çox doğmadır. Hər dəfə bura gələndə ocağımızı və yaxınlarımızın məzarlarını ziyarət edirəm. Çox həyəcanlıyam və qəhər məni boğur" deyə, o kövrəlir.

"Mənim valideynlərim də burada doğulublar. Ata evimiz və digər alman evləri yaxşıca, qotik üsul saxlanılmaqla, təmir olunub. Ümumiyyətlə, burdakı bütün abidələr qorunub. Bizə göstərilən həssaslıq və qayğı da böyük məmnunluq yaradır" - deyə, daha bir helenendorflu nəslin nümayəndəsi Qizela Rasper razılıq bildirir. 

SONUNCU ALMAN  

Böyük Vətən Müharibəsi başlayarkən Xanlardan 4 min nəfərədək alman sürgün edilib. Yalnız qarışıq ailələrdən bir neçəsinə burada qalmağa icazə verilib. Daha dəqiqi, rus, polyak və digər slavyan xalqlarının nümayəndələri ilə qarışıq ailələri olan almanlara sürgün cəzası tətbiq edilməyib və onların bəziləri ömürlərini elə burada yaşayıblar. Helenendorf - Göygölün sonuncu almanı Viktor Klayn 2007-ci ildə 72 yaşında burada vəfat edib.

"Viktor ilə 1950-ci illərdən dostlğumuz olub. Yerli radiostansiyada texnik işləyirdi. Atası polyak, anası alman idi. Viktor azərbaycanca yaxşı bilirdi. Nizamidən, Füzulidən şeirlər deyirdi. Rəşid Behbudovun ifa etdiyi tərzdə, məşhur "Zibeydə" mahnısını pianinoda çalıb, oxumağı sevirdi. Onun son günləri də mənim gözümün qabağında keiçb. Onu yaxınlarının məzarlarının yanında, burdakı alman qəbiristanlığında torpağa tapşırdıq" - deyə, "sonuncu alman"ın ən yaxın dostu, 85 yaşlı Fikrət İsmayılov söyləyir.

Hazırda Vitor Klaynın Göygöldəki evində alman məişəti muzeyi yaradılıb.

Zakir MURADOV
Göygöl

 





28.04.2019    çap et  çap et