“Sülhəddin Əkbərlə Rəsul Quliyevin telefon danışığının lent yazısı göstərir ki, Milli Şurada toplaşanların durumu nə haldadır”
Məlum olduğu kimi, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbər arasında telefon danışığının səs yazısı yayılıb. Söhbətdən bəlli olur ki, telefon danışığı Milli Şuranın sentyabrın 22-də keçirilən mitinq zamanı aparılıb. Telefon danışığında R.Quliyev prezidentliyə namizəd Cəmil Həsənlini, “El” hərəkatının sədri Eldar Namazovu, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu təhqir edib, mitinqin təşkilatçılığına istehza edib.
Məsələyə münasibət bildirən ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyevanın sözlərinə görə, Rəsul Quliyev olanı deyib. O, burada qeyri-adi heç nəyin olmadığını bildirib: “Ona görə deyirəm ki, nə var onu deyib Rəsul müəllim. Mitinqdə 500-600 adam olardı, ya yox. Bir partiyanın deyil, Demokratik Qüvvələrin mitinqi o şəkildədirsə, bununla “hakimiyyətə gəlirəm” deyəni hansı ağılın sahibi hesab etmək olar?”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov R.Quliyevin telefon danışığının Milli Şurada toplaşanların durumunu göstərdiyini bildirib: “Mitinq günü Sülhəddin Əkbər ilə Rəsul Quliyev arasında telefon danışığının yayılan lent yazısı göstərir ki, müxalifətdə – Milli Şurada toplaşanların durumu nə haldadır. Əslində Milli Şurada toplaşan partiya rəhbərlərinin bir-birinə münasibəti o danışıqdan görünən səviyyədədir. Danışıqda deyildiyi kimi, həqiqətən o mitinq biabırçı səviyyədə idi. Stadion heç 30 faiz dolmamışdı. Mitinqdə çıxış edənlər, bir-birinə qarşı münasibət göstərdi ki, bunlar 90-cı illərdən bu yana heç bir addım da irəli gəlməyiblər. Orada toplaşanların da əksəriyyəti həqiqətən mitinqdən narazı olaraq dağılışdılar. Məsələn, Müsavat Partiyasının sədri İsa Qəmbər çıxış edəndə AXCP-dən olan aparıcı ona imkan vermədi, sözünü kəsdi. Arada şüarlar qışqırdı və digər hərəkətlər etdi ki, İsa Qəmbər sistemli şəkildə danışa bilməsin. Bütün bunlar bir daha göstərdi ki, Milli Şurada təmsil olunan partiyaların bir-birinə münasibəti necə bərbad səviyyədədir. Guya bir qurumda toplaşıblar, amma bir-biri haqqında, görün, hansı ifadələri işlədirlər. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və digərləri haqqında danışıqda elə fikirlər səsləndirilib. Sülhəddin Əkbər də mitinqdə iştirak edə-edə telefonda bütün deyilənləri təsdiq edir. Hansı ki, Milli Şuranın bir neçə iclasında Sülhəddin Əkbər sədrlik edib. Deməli, onların daxili aləmi bu baş verənlərdən ibarətdir. Bu telefon danışığı bir daha göstərir ki, Milli Şura maraqlara xidmət edən insanların toplantısıdır. Onlar yalandan ifadə edirlər ki, guya Azərbaycan xalqı narazıdır, nə bilim xalq nəyi neynəyəcək və sair. Əslində xalq bu gün hakimiyyətlə bir yerdədir. Xalq bu gün prezidentin yanındadır. Milli Şuradakılar bir-biri ilə xudahafizləşiblər. Onsuz da əslində onların yolları mahiyyətcə bir deyildi, ayrı-ayrı idi. Sadəcə olaraq burada təmsil olunmaqdan ötəri addımlar atmışdılar. Onlar heç vaxt bir-birini istəməyiblər. Nə Əli Kərimli İsa Qəmbəri, nə İsa Qəmbər Əli Kərimlini, nə o birisi bunu, nə də bu birisi onu”.
“Rəsul Quliyevin telefon danışıqlarına və fikirlərinə şərh vermək istəmirəm. O, özü izahat versin”. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbərin mediada yayılan telefon danışığına şərh verərkən belə deyib.
Qeyd edək ki, Rusiyaya məxsus e-maildən Azərbaycan KİV-lərinə göndərilən həmin səs yazısında Rəsul Quliyev Sülhəddin Əkbərlə Milli Şuranın mitinqi barədə danışır. Audioyazıda R.Quliyev mitinqlə bağlı müxalifət liderlərinin ünvanına aşağılayıcı ifadələr işlədib.
AQİL
çap et