525.Az

"Azərbaycan ABŞ-la əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətindədir"


 

"Azərbaycan ABŞ-la əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətindədir"<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbul edib.

Prezident ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, əlaqələrimizin siyasi, iqtisadi, ticarət, enerji, təhlükəsizlik və digər sahələrdə genişləndiyini vurğulayıb. Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətində olduğunu deyən dövlət başçısı son dövrlər ərzində ölkələrimiz arasında qarşılıqlı təmasların və tədbirlərin əhəmiyyətini vurğuladı və bu müsbət dinamikanın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Keçən ilin oktyabrında Azərbaycana səfərini xatırlayan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ikitərəfli əlaqələrimizdə olan bu müsbət dinamikanı davam etdirmək məqsədilə ölkəmizə səfər etdiyini deyib, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ölkəmizə səfəri və onun ardınca aparılan danışıqların əhəmiyyətini vurğulayıb.
Görüşdə dövlət başçısı ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” layihəsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, öz növbəsində, Azərbaycanın Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlər, o cümlədən ABŞ üçün təmin edilən tranzit-logistika dəstəyinə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkəmizin demokratik inkişafı, məhkəmə-hüquq sistemi və sosial-iqtisadi sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.

 





30.04.2019    çap et  çap et